Beynəlxalq miqyasda fəaliyyət göstərən bir sıra təşkilatlar, institutlar var ki, onların ölkəmizə qarşı qərəzli mövqe tutması heç kimə sirr deyil. Və nə təsadüfdürsə, həmin qurumlarla bağlı araşdırma apararkən mütləq şəkildə qarşımıza erməni izi çıxır.
Həmin təşkilatlardan biri də Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutudur. Belə ki, İnstitut noyabrın 25-də bəyanatla çıxış edərək, oktyabrın 31-də Xankəndidə keçirilən etiraz aksiyasına dəstəyini nümayiş etdirib.
MÖVZU İLƏ BAĞLI:
Xocalının əsas qatillərinin SİYAHISI – Kimlər gəbərib, hansılar hələ də cəzasını gözləyir?
Başdan ayağa tarixi saxtalaşdırmalar və yalanlara dolu olan bəyanat olduqca böyükdür. Lakin əsas məqamları qısaca bu cür sıralaya bilərik.
- “Artsax” tarixi erməni torpağıdır və guya 1921-ci ildə SSRİ tərəfindən Azərbaycana verilib.
- 1988-1994-cü illərdə Qarabağda yaşayan ermənilər Azərbaycanın “soyqırımı”na məruz qalmamaq üçün mübarizə aparıblar.
- Sülh və rifah adı altında aparılan danışıqlar və bu yöndə səylər Azərbaycanın “Artsax”a nəzarət etməsi ilə nəticələnəcək siyasətə imkan yaradır.
- “Artsax”ın Azərbaycanın nəzarətinə keçməsi ermənilərə qarşı soyqırıma göz yummaq deməkdir.
- Beynəlxalq ictimaiyyət ermənilərin həyatını 1915-ci il soyqırımının yenidən başlanmasından qətiyyətlə qoruyacağını açıq şəkildə bildirməlidir.
Göründüyü kimi, bütün bu iddiaların nəinki reallıqla yaxından uzaqdan əlaqəsi yoxdur, eyni zamanda beynəlxalq hüququn prinsipləri də açıq şəkildə tapdanır.
Bizim.Media-nın araşdırması nəticəsinə məlum olub ki, Lemkin İnstitutunun fəaliyyətinin arxasında bir sıra qaranlıq məqamlar var.
Əvvəla qeyd edək ki, İnstitut “soyqırım” terminini siyasi ədəbiyyata gətirən Polşa əsilli yəhudi hüquqşünas Rafael Lemkinin adını daşıyır. İnstitutun əsas fəaliyyət istiqaməti kimi isə dünyanın müxtəlif yerlərində baş verən soyqırımların qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin məlumatlandırılması göstərilib. Lemkin İnstitutu 2017-ci ildə İraqda İŞİD terror qruplaşması tərəfindən törədilən soyqırımları araşdırması ilə tanınıb.
Hal-hazırda isə təşkilatın fəaliyyətində iki başlıca istiqamət var: Birincisi, Rusiyanın Ukraynada törətdiyi vəhşiliklər, ikincisi isə Azərbaycanın ermənilərə qarşı “soyqırımı faktları”nı araşdırmaq. Və yazının əvvəlində qeyd etdiyimiz bəyanat heç də İnstitutun Azərbaycana qarşı ilk qərəzli bəyanatı deyil. 2021-ci il dekabrın 3-də, 2022-ci ilin avqustunda, eləcə də otyabrın 7-si və 25-də də İnstitut Azərbaycanı ermənilərə qarşı “soyqırımı xarakterli addımlar” atmaqda ittiham edib.
Bununla yanaşı, Lemkin İnstitutu 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı ən aktiv təbliğat aparan təşkilatlardandır.
Bunlar məsələnin görünən tərəfidir. Aysberqin görünməyən tərəfinə nəzər saldıqda isə bütün mətləblər üzə çıxır.
Lemkin İnstitutu ilə bağlı aşağıdakı faktlara nəzər salaq:
1. 2011-ci ildən etibarən Erməni Soyqırımı Muzey-İnstitutu “Rafael Lemkin adına illik təhsil təqaüdü proqramı” təsis edib. “Rafael Lemkin təqaüdü” əcnəbi tələbələrə erməni soyqırımı tədqiqatları üzrə ixtisaslaşmış yerli elmi müəssisə və kitabxanalarda araşdırma aparmaq üçün bir ay müddətinə Ermənistana səfər etmək imkanı yaradıb. Maraqlıdır ki, bu təqaüdü ilk qazanan şəxs olan Rebeka Cinks hazırda İngiltərədəki Erməni Araşdırmaları İnstitutunun rəhbəridir.
2. Bu il mayın 7-də Lemkins İnstitutunun sosial şəbəkə hesablarından edilən bir paylaşım da diqqət çəkib. Paylaşımda qeyd olunur: “Lemkin İnstitutu, erməni diasporunu 50 ABŞ əyalətinin tamamında soyqırımın tanınma prosesini tamamladıqlarına görə təbrik edir”.
3. “Lemkin adına Soyqırımların Qarşısının Alınması İnstitutunun” təsisçisi və həmsədri olan Stokton Universitetinin Holokost və Soyqırım Tədqiqatları kafedrasının dosenti Eliza von Coyden-Foqeyin sosial şəbəkə hesablarına nəzər salmaq, onun erməni diasporu ilə bağlarını görmək üçün kifayətdir.
Bundan əlavə, 2022-ci ilin avqustunda İnstitut Azərbaycanı ermənilərə qarşı “təhdid” kimi göstərən bir digər bəyanat dərc edib. Nə təsadüfdürsə, bundan bir ay əvvəl, iyul ayında Coyden-Foqey Ermənistana səfər edib.
4. İnstitutun digər təsisçi həmsədri argentinalı İren Viktoriya Massimino isə Buenos-Ayres Əyalətinin Ali Cinayət Məhkəməsinin (Cinayət Apellyasiya Məhkəməsi) məruzəçisidir. Massimino həm Ermənistanla, həm də öz ölkəsindəki erməni diasporu ilə çox isti münasibətlərə malikdir. 2021-ci ilin iyununda Erməni Milli Şurası və Argentina Erməni Vəkillər Kollegiyası 2020-ci il müharibəsi zamanı Azərbaycan ordusunun erməni xalqına qarşı törətdiyi saxta hərbi və insanlıq əleyhinə cinayətləri araşdırmaq üçün Argentina Federal Məhkəməsinə şikayət verib.
5. İnstitutda çalışanların içərisində erməni əsilli ABŞ vətəndaşı da var. Belə ki, Emili Ekşiyan İnstitutun media sektorunda işləyir.
Göründüyü kimi, Lemkin İnstitutu heç də müstəqil şəkildə insan hüquqlarını araşdıran təşkilat deyil. Erməni diasporunun İnstituta maddi dəstəyinə isə heç bir şübhə yeri yoxdur. Ona görə də, Lemkinin Azərbaycana qarşı qərəzli mövqeyi başadüşüləndir.
Doğrudur, Lemkinin erməni vay-şüvəninin Azərbaycana qarşı hər hansı nəticəsi ola bilməz. Amma istənilən halda, adını “Soyqırımların qarşısının alınması” qoyan İnsitututun, terror dəstəkçisi erməni diasporunun qanadı altında gizlənməsi ürək bulandırır.
Murad Əhmədov, Bizim.Media
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.