“Yasamal rayonunda, şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində istsmar müddəti başa çatmış binaların sökülməsiylə bağlı gəzən fikirlər mənzil bazarında bahalaşmaya səbəb olub”.
Bunu Bizim.Media-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
O, əlavə edib ki, köhnə beşmərtəbəli binaların satış qiymətləri hazırda həddindən artıq bahadır:
“Buna səbəb isə söküntü haqqında dolaşan söhbətlərdir. Vətəndaş fikirləşir ki, “mənim iki otaqlı (xruşşovka) mənzilim var. Gələcəkdə bu binanın yerində tikiləcək binada hökmən mənə 2 otaqlı mənzil veriləcək”. Bu səbəbdən köhnə binalarda son vaxtlar qiymətlər 2 dəfəyədək qalxıb. Və bu gedişlə hələ bir qədər də bahalaşacaq”.
MÖVZU İLƏ BAĞLI:
Plansız şəhərsalmaya yol verən KİMLƏRDİR? – “Sistemsizliyin qurbanına çevrilmişik”
Elnur Fərzəliyev bir məqamı da qeyd etdi:
“Söküntü-tikinti işlərinə qərarı dövlət qurumları versə də layihənin reallaşdıran özəl şirkətlərdir. Məsələ burasındadır ki, tikinti şirkətləri də böyük layihələrə girişə bilmir. Bunun bir səbəbi söküləcək ərazilərdə sakinlərin iddiaları ilə tikinti şirkətinin maraqlarının üst-üstə düşməməsi, digər tərəfdən isə müvafiq dövlət qurumları tərəfində tikinti şirkətlərinə dəstəyin olmamasıdır. Ona görə də tikinti şirkətləri komplekslərin inşasına girişə bimirlər. Və kim harda bacarırsa bir neçə bloklu bina üçün yer alıb tikinti aparır. Bu kortəbiliksə şəhərdə infrastrukturu iflic edir. Binalar paytaxtın baş planına uyğun yox, fərdi imkanlara görə tikilir”.
Ekspert təəssüflə bildirdi ki, uzun illər müzakirələr aparılsa da Bakının baş planı hələ də hazır deyil:
“Baş plan olmadığı üçün tikinti işləri plansız aparılır. Şəhərin mərkəzi hissəsində evlər tikilir, amma nə məktəb yada düşür, nə də ki, digər sosial obyektlər. Çünki, ən adi bir məktəbin inşası üçün bir hektar ərazi tələb olunur. Bu ərazinin olmaması səbəbindən təkcə tıxaclar çoxalmır həm də, şagird sıxlığı yaranır, səhiyyə və digər xidmətlərdə çatışmazlıqlar ortaya çıxır. Bu plansız inşaat işləri də həm qiymət artımına, həm də tıxaclara səbəb olur”.
Surxay Atakişiyev, Bizim.Media