5 gün təkbaşına vuruşan və bayrağımızı düşmənə təslim etməyən ƏFSANƏ - Natiq Qasımov HEKAYƏSİ

5 gün təkbaşına vuruşan və bayrağımızı düşmənə təslim etməyən ƏFSANƏ - Natiq Qasımov HEKAYƏSİ

Hazırda oxunan: 5 gün təkbaşına vuruşan və bayrağımızı düşmənə təslim etməyən ƏFSANƏ - Natiq Qasımov HEKAYƏSİ

103476

Bu gün Azərbaycanda Bayraq Günüdür. Bayrağı baından uca tutanların günüdür günüdür həm də. Belə gündə bir ordu kimi döyüşən və Azərbaycan bayrağını düşmənə verməyən qəhrəman Natiq Qasımovun xatirəsi də əziz tutulur. 

Natiq Qasımov hər bir vətənvərpər Azərbaycanlı üçün igidlik nümunəsi və qəhrəmanlıq simvoludur.

O, 21 yaşında əfsanəvi “Mixaylo”nun (Mehdi Hüseynzadə) qəhrəmanlığını təkrarlayaraq 5 gün ac-susuz düşmənə qarşı təkbaşına vuruşub. Natiq Qasımov təslim olduğu zamana qədər düşmən elə bilib ki, kilsədə onlara qarşı bir tağım vuruşur. Kilsədə onlarla cəmi bir nəfərin mübarizə apardığını biləndə isə çox pərt olublar. 

Natiq Qasımov bir fotosu ilə tanınıb. Rus jurnalisti özü də bilmədən Natiq Qasımovun düşmənə əyilməzliyini, qorxmazlığını və cəsarətini tam xırdalığınadək lentə ala bilib. Şəkildə ağır döyüşlərdən sonra əsir götürülən Natiq Qasımov erməni yaraqlılarının müşayiəti ilə Azərbaycan bayrağını məğrurcasına özü ilə aparır. Şəkil keçmiş SSRİ-nin ən populyar dərgilərindən olan «Oqonyok» jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc olunmuş Konstantin Smirnovun «Qorxu» sərlövhəli məqaləsində dərc olunub. Dillərdə dastan olan fotodan  sonra Natiq Qasımovun taleyi barədə heç bir məlumat yoxdur.

Məlumat üçün bildirək ki, Natiq Səlim oğlu Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub.

Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmət yolunu keçib. 1991-ci ildə ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının yanında qalan Natiq könüllü olaraq Vətənin müdafiəsinə yollanır. “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində bir neçə döyüşdə iştirak edir.

Xocalı faciəsi Natiqin sonrakı həyatının başlanğıcı olur. Döyüş bölgəsindən yenicə qayıtmış Natiq Xocalı soyqırımından sonra özünə yer tapa bilmir. Bunu faciədən bir neçə gün sonra, onun valideynlərinə ünvanladığı məktublar da təsdiq edir. “Qarabağda xalqımızın qırıldığı, ana-bacılarımızın namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura bilmərəm”, - deyə məktubunda qeyd olunub. 
1992-ci ilin mart ayının əvvəllərində “Qarabağ şahinləri” batalyonundan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı həyati əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirmək əmrini alır. Tapşırıq yerinə yetirilir, yüksəklik ələ keçirilir. “Şahinlər” qədim alban kilsəsində məskunlaşırlar.

Döyüşdə komandir və bir neçə nəfər həlak olur. Bir neçə döyüşçü geri hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər 6 nəfər qalır. Arxadan kömək gözləsələr də, yardım gəlmir. Ermənilər isə aramsız hücumlarla yüksəkliyi geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün yüksəkliyi ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir.

Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. Bütün yoldaşları həlak olan Natiq alban məbədində təkbaşına mübarizəni davam etdirir.

Kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərindən “yararlanmaq” qərarına gəlirlər. Əsir düşmüş xocalılardan birini çağırıb ona bildirirlər ki, kilsədəkilər təslim olmasalar, bütün əsirləri güllələyəcəklər. Bu xəbərdarlığı kilsədəkilərə çatdırmaq Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərova həvalə olunur.

Natiq Qasımov isə göstəriş verir ki, əvvəlcə əsirləri azad edin, sonra təslim olmaqdan danışarıq. Düşmən onun tələbini qəbul edir və əsirləri buraxırlar. Bundan sonra təslim olan Natiq Qasımovun tək olduğunu görən düşmən "Digərlərinidə çağır!" deyib. Natiq isə cavabında "Sizinlə vuruşan mən idim. Məndən başqa heç kim yoxdur!" deyir və təslim olur. Düşmən isə onu tutaraq, naməlum istiqamətə aparır. O gündən sonra Natiqdən heç bir xəbər alınmır.

Ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, erməni tərəfi bu günədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Mingəçevirdəki Şəhidlər Xiyabanındakı itkin düşənlərin rəmzi məzarları sırasında Natiq Qasımovun xatirəsi bir ilahi ruh kimi anılır. Bura gələnlərin təzim yerinə çevrilib. Bayaraq Günüdə ruhun şad olsun deyirik hamımız, ey ərən övladımız Natiq Qasımov!

Alçina Amilqızı, Bizim.Media 




 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO