“Dərman vasitələri haqqında” qanuna uyğun olaraq gələn ildən başlayaraq bioloji aktiv qida əlavələrini resept kimi satan həkimlər və onun satışını həyata keçirən şəxslər inzibati qaydada cəzalanacaqlar. Amma prosesə nəzarətin necə həyata keçiriləcəyi məlum deyil.
Bizim.Media-ya açıqlamasında tibb elmləri namizədi Aydın Əliyev ciddi nəzarət mexanizmləri olmadan sözügedən istiqamətdə qayda-qanuna nail olmağın çətin olduğunu düşünür:
“Bu qanundan irəli gələn addımların atılması üçün prosesə nəzarət həyata keçirilməlidir. Amma həmin istiqamətdə nəzarətin həyata keçirilməsi olduqca çətindir. Bioloji aktiv əlavələrin satışı ölkəmizdə geniş vüsət alıb. Özü də həmin əlavələr olduqca baha qiymətə satılır. Hazırda dünyada öndə gedən ənənəvi sübutlu təbabətdır.
MÖVZU İLƏ BAĞLI:
Bioloji əlavələri dərman kimi yazan həkimlər CƏZALANDIRILACAQ
Xəstəliyin diaqnostikası müayinələr nəticəsində təsdiq edildikdən sonra resept nüsxəsində ona təsir edən dərman preparatlarının təyinatı yazılır. Amma bioloji aktiv əlavələr belə deyil. Onlar ciddi elmi raşdırmalarla sübut edilməyən, sadəcə köməkçi əlavələrdir. Xəstələr bir çox hallarda bu əlaqələri dərman preparatı kimi qəbul edib, baha olsa da alır. Lakin burada xəstəni qınamalı deyilik. Çünki həmin resepti ona həkim yazır.
Həkimin ciddi dərman preparatı kimi bioloji qida əlavələrini reseptdə qeyd etməsi əlbəttə ki, yanlışdır. Bu mənada verilən qanun prosesi aradan qaldırmağa yönəlsə də, ona nəzarətin həyata keçirilməsi mexanizmləri demək olar ki, yoxdur. Bu səbəbdən atılan həmin addımın ciddi effekt verəcəyi bir qədər şübhəlidir. Ölkəmizdə təəssüf ki, əksər qanunlar işləmir”.
Həmsöhbətimizə görə, problemin həllində əsas çıxış yolu əhali arasında maarifləndirmənin aparılmasıdır:
“Təəssüf ki, ölkəmizdə tibbi maarifləndirmə sıfır səviyyəsindədir. Belə bir aktual məsələ ilə bağlı televiziyalarda videoçarxlar olsa, savadlı həkimlərin çıxışları verilsə, insanlar da lazımsız bioloji aktiv qida əlavələrinə də meyl etməz.
Ona görə də prosesdə əsas rolu maarifləndirmə oynamalıdır. Xəstə bu yolla anlamalıdır ki, həmin əlavələr xəstəliyi ciddi müalicə edən dərman preparatı deyil. İnsanların əksəriyyəti maarifləndirmə yolu ilə bunu anladıqdan sonra avtomatik olaraq həmin əlavələrdən imtina edəcək. Belədə bioloji aktiv qida əlavələri bazarı zəifləyəcək və avtomatik olaraq onların reklamı da azalacaq”.
Rüfət Sultan, Bizim.Media