Millət vəkili: “BMT gecikmədən Qarabağa öz missiyasını göndərməlidir”

Millət vəkili: “BMT gecikmədən Qarabağa öz missiyasını göndərməlidir”

Hazırda oxunan: Millət vəkili: “BMT gecikmədən Qarabağa öz missiyasını göndərməlidir”

10144

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliynin sözçüsü Mariya Zaxarova bildirib ki, BMT Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyası göndərəcək.

Bu missiyanın nədən ibarət olacağı və necə həyata keçiriləcəyi indi hər bir  Azərbaycan vətəndaşını düşündürür.

Mövzunun aktuallığını nəzərə alaraq millət vəkili Azay Quliyevə müraciət etdik.

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, BMT-nin müvafiq ixtisaslaşmış strukturları Qarabağda çox iş görə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

“100 illik fasilədən sonra Naxçıvanla quru sərhədlərimiz bərpa olundu”- Azay Quliyev


Milli Məclisin üzvü onların mümkün fəaliyyətini 3 hissəyə bölüb: 

“Hesab edirəm ki, ilk növbədə BMT-nin Mina Aksiyası Xidməti (UNMAS) işğaldan azad olunan ərazilərin minadan təmizlənməsi işində yardımçı olar. Burada həm maddi, həm də texniki dəstək nəzərdə tutulur. Bu, çox vacibdir. Bilirsiniz ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində minlərlə, yüzminlərlə partlamamış sursat və minalar var.”

Azay Quliyevin fikrincə, BMT-nin Qarabağa missiya göndərməsinin ikinci istiqaməti təşkilatın İnkişaf Proqramı ilə (BMTİP) bağlıdır: 

“Hesab edirəm ki, bu İnkişaf Proqramı da Qarabağda quruculuq prosesinə cəlb oluna, müəyyən layihələrin reallaşdırılmasına dəstək verə bilər. Həm də Azərbaycanla bu proqram arasında uzun illərə söykənən yaxşı təcrübə var. 

Üçüncü istiqamət BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığıdır. 10 noyabr üçtərəfli bəyanatında da bu barədə açıq şəkildə qeyd olunur ki, məcburi köçkünlər və qaçqınlar doğma yurd-yuvalarına, o cümlədən, hal-hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə qayıtmalıdır”.

Millət vəkili vurğuladı ki, həmin ərazilərə azərbaycanlıların da qayıtması üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı müvafiq proqram hazırlamalıdır. 

“Əhalinin geri qaytarılması çox ağır bir prosesdir. Qeyd etdiyim 10 noyabr bəyanatının 7-ci maddəsinə xüsusi bənd salınmışdı ki, Dağlıq Qarabağa daxil olan qaçqın və məcburi köçkünlər Dağlıq Qarabağ ərazisi və ətraf rayonlara BMT-nin müvafiq komissarlığının nəzarəti altında geri qayıdır”.

Azay Quliyev prosesdə UNESCO-nun da iştirak edə biləcəyini istisna etmədi. 

“Son vaxtlar müəyyən anlaşılmazlıq və rəsmi Bakını qane etməyən məsələlər var idi. Təəssüflər olsun ki, UNESCO indiyə qədər Azərbaycan əraziləri işğal altında olan zaman tarixi-mədəni abidələrimizin ermənilər tərəfindən dağıdılmasına reaksiya verməyib. Bu vandalizm aktını qınamayıb.

Ancaq yenə də gec deyil. Hesab edirəm ki, UNESCO bu prosesə cəlb olunmalıdır. Çünki biz Azərbaycan ərazilərində olan bütün dini-tarixi abidələrin qorunmasında maraqlıyıq. 

Fakt isə odur ki, Azərbaycanın işğal olunan ərazilərində 67 məscid var idi və onlardan 63-ü dağıdılıb. Bir çoxunda da donuzlar və ev heyvanları saxlanılırdı. Azərbaycan xalqının milli heysiyyəti tapdanıb. Bu səbəbdən biz gözləyirik ki, UNESCO bu məsələyə də qiymət versin”.

Azay Quliyevin sözlərinə görə, sadalananlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycan BMT-nin 4 orqanı ilə işləməyə hazırdır və buna ehtiyac var. 

“Son olaraq demək istəyirəm ki, BMT-nin bu gün işğaldan azad olunan ərazilərdə görəcəyi çox iş mövcuddur. Həm də istərdik ki, həmin qurumlar bu işlərə ləngimədən cəlb olunsunlar”,- deyə millət vəkili mövzunu tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO