Təkcə Natəvanın məzarı dağıdılıb sümükləri aparılmayıb ki?! – SƏRT REAKSİYALAR

Təkcə Natəvanın məzarı dağıdılıb sümükləri aparılmayıb ki?! – SƏRT REAKSİYALAR

Hazırda oxunan: Təkcə Natəvanın məzarı dağıdılıb sümükləri aparılmayıb ki?! – SƏRT REAKSİYALAR

10131

Ədəbiyyat tariximizdə dərin iz qoymuş Xurşudbanu Natəvanın ermənilər tərəfindən məzarının dağılaraq sümüklərinin aparılması ictimaiyyətdə ciddi müzakirələr yaradıb.

Erməni vandallarının bu əməli Azərbaycanın mədəni, tarixi irsinin məhv edilməsi, insanlığa sığmayan hərəkət və türklərə qarşı qisasçılıq hisslərinin ortaya qoyulması kimi qiymətləndirilib. 

Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Fazil Mustafa Bizim.Media-ya açıqlamasında deyib ki, ermənilər tərəfindən dağıdılan hər bir məzarın bərpa olunması, geri gətirilməsi və başqa məsələlərin həlli olduqca ağırdır:

“Təkcə Natəvanın məzarı dağıdılıb sümükləri aparılmayıb ki? Bu gün çox sayda bölgələrdə erməni vəhşilikləri özünü göstərir. Bütövlükdə bunlar erməni işğalından sonra rastlaşdığımız adi mənzərələrdir və biz də onların ifşa olunması üçün işimizi görməliyik. O boyda ərazidə hər cür vəhşiliyi ediblər. Təbii ki, tanınmış şəxslərin məzarlarınınn dağıdılmasını gündəmə gətirməklə təbliğat aparmalıyıq. Bütövlükdə bu, bir cinayətdir və qeyd olunan məsələyə fərdi məsələ kimi baxmaq olmaz. Konkret faktlarla iş görməliyik”.

Deputat mədəniyyət  abidələrinin dağıdılması ilə bağlı Azərbaycanın Ermənistandan təzminat tələb etməsi məsələsinə də toxunub. 

O, Natəvanın məzarının dağıdılması ilə bağlı erməni vandallarından maddi və mənəvi təzminat tələb etməyin vacibliyini qeyd edib:

“Natəvanın evinin təmir olunması nəzərdə tutulub və abidəsi də ora aparılıb. Bununla bağlı müəyyən addımlar atılacaq. Yeni formada o bölgələrin qurulması zamanı elə etməliyik ki, hər hansı şəkildə yenidən işğal baş verməsin. Torpaqların əsl sahibinə çevrilək və ərazilərimizi qoruya bilək”.

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev hesab edir ki, Natəvanın məzarının dağıdılaraq sümüklərinin aparılması Azərbaycanın milli, ictimai, siyasi olmaqla, həm də hüquqi məsələsidir:

“Ermənilər indi də beynəlxalq təşkilatlar qarşısında Dağlıq Qarabağda mövcud olan tarixi abidələri öz adlarına çıxaraq onların dağıdılmaya məruz qaldıqları barədə məsələ qaldırırlar. Heç nə yoxdur, amma bunlar çox böyük səs-küy qoparırlar.

Bunun müqabilində hökumət, müvafiq qurumlar və qeyri-hökumət təşkilatları qeyd olunan məsələnin üzərində ciddi dayanmalıdır. Təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də bu məsələ qaldırılmalıdır.

Təbii ki, Natəvanın məzarının kimlər tərəfindən konkret dağıdılması məlum olmayacaq. Amma iş Ermənistan dövlətinə qarşı qaldırılmalıdır. Amma bu, uzaq zamanın məsələsidir və beynəlxalq məhkəmədə nə vaxt qaldırılacağı bəlli deyil”.

Vəkil qeyd olunan məsələnin daim gündəmdə saxlanmasını vacib sayıb:

“Natəvanın məzarının dağıdılması ilə bağlı cinayət işi tərkibində Azərbaycan dövlətinə, xalqına dəymiş maddi və mənəvi zərər qiymətləndirilməlidir. Ermənistandan bunun müqabilində təzminat tələb edilməli və bu, iddiada əks olunmalıdır.

Amma indidən bununla bağlı informasiya mübadiləsi getməli, xarici mediaya çıxarılmalı və zaman-zaman digər dillərdə təbliğ edilməlidir. Ermənilər bilirlər ki, bu vəhşilikləri törədiblər və gələcəkdə də bunu ört-basdır etməyə çalışacaqlar.

İndi hər yerdə Azərbaycana qarşı iddia qaldırırlar. Guya Azərbaycan onların mədəni irsini dağıdır, məsuliyyəti boynumuza qoymaq üçün bütün beynəlxalq təşkilatları Qarabağa çağırırlar. Əksinə, beynəlxalq təşkilatları biz dəvət etməli və qabaqlayıcı tədbirlər görməliyik”.

Qeyd edək ki, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati işğaldan azad edilən Ağdamda Xan qızı Natəvanın dağıdılmış məzarından fotolar və video paylaşıb.

Deqati Xurşudbanu Natəvanın sümüklərinin məzarından çıxarılaraq aparıldığını bildirib.
Məlumat üçün bildirək ki, Azərbaycanın bütün dövrlərinin görkəmli şairi, Pənahəli xan soyundan olan Xurşudbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşada anadan olub.

Qarabağın son hökmdarının varisi olan Natəvan ailə sərvətinin böyük bir hissəsini humanitar fəaliyyətə, o cümlədən, mühəndislik sənətinin şah əsəri olan tarixi Şuşa su kəmərinin çəkilməsinə xərcləyib.

Natəvan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərinin 18-ci əsrə aid kompleksində dəfn edilib. Elə həmin ərazidə Natəvanın məzar daşı və üzərində ucaldılmış heykəli salınıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO