Bu şagirdlərə yaşıl kart veriləcək

Bu şagirdlərə yaşıl kart veriləcək

Hazırda oxunan: Bu şagirdlərə yaşıl kart veriləcək

100091

“Şagird çoxlu sayda dərsə gecikirsə, artıq onun davranış pozuntusu növbəti dərəcəyə keçir. Yəni xəbərdarlıqlara baxmayaraq, yüngül davranış pozuntuları davam edərsə, bu sonradan ağır formalı davranış pozuntusuna keçir”. 

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. 

Şöbə müdiri davranış pozuntuları sırasında yalan danışmaq məsələsinə də aydınlıq gətirib. O deyib ki, yalan danışmaq qeyri-etik davranışdır, qaydalarda bunların qeyd edilməsi şagirdlərə bunun səhv olduğu anlayışını formalaşdırmaqdır: 

“Ona görə davranış pozuntuları ayrı-ayrılıqda ifadə olunub ki, şagird bilsin ki, məsələn, ev tapşırığını etməmək davranış pozuntusudur. Məktəblərdə çalışan hər bir işçinin əsas hədəfi şagirdin sağlamlığı, təhlükəsizliyi və inkişafı olmalıdır. Yalnız bu halda məktəblərdə sağlam mədəniyyət, sağlam mühit yarada bilərik. Məktəbin direktorundan texniki işçiyə qədər hamı çalışmalıdır ki, şagirdlər üçün sağlam mühit yaradılsın. Direktorların vəzifələrindən biri də budur ki, məktəbdə çalışan şəxslər arasında vəzifə bölgüsü etsin. Şagird davranışının tənzimlənməsi ilə bağlı təhsilverənlərə öhdəliklər verilməlidir, burada direktor müavinləri, sinif rəhbərləri, müəllimlər cavabdehlik daşıyacaq”. 

Şöbə müdiri şagirdin davranış qaydasına uyğun sarı, narıncı və qırmızı məktubların verilməsi məsələsinə də toxunub. O qeyd edib ki, davranış qaydasının pozulması ilə bağlı şagirdə sarı, narıncı və qırmızı məktub verilir.

Bu məktub həm şagirdin valideynlərinə göndərilir, həm də məktəbdəki şəxsi işinə əlavə edilir: 

“Davamlı olaraq qırmızı məktubun verilməsi o deməkdir ki, artıq bu şagirdlə bu səviyyədə çalışmaq faydasızdır. Bu halda yerli icra hakimiyyəti orqanlarında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara müraciət edilə bilər. Eyni zamanda polis idarələrində yetkinlik yaşına çatmayanlarla bağlı işlərə cəlb olunan inspektorlar, müfəttişlər də prosesə cəlb oluna bilər”. 

E. Əliyev eyni zamanda qeyd edib ki, müsbət davranış qaydalarına görə yaşıl kartlar da veriləcək. Bu kartlar da həm valideynlərə göndərilir, həm də şagirdin şəxsi işinə əlavə olunur. Müsbət davranışla bağlı davamlı yaşıl kartlar nəticəsində şagirdlərə təşəkkürnamə, təltifnamə və ya diplomlar verilə bilər 
Xatırladaq ki, məktəblərdə şagirdlərin davranış pozuntuları ağırlıq dərəcəsinə görə təsnifatlandırılıb. Sənəddə davranış pozuntularının ağırlığına görə 5 səviyyə müəyyənləşdirilib.

1-ci səviyyə yüngül səviyyəli qayda pozuntularıdır. Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s. 2-ci səviyyə orta səviyyəli qayda pozuntularıdır. Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlükəsizlik qaydalarını pozmaq (Məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s. 

3-5-ci səviyyə ciddi və ağır qayda pozuntularıdır. Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s. 

Birbaşa 5-ci səviyyə hesab olunan qayda pozuntuları isə çox ağır qayda pozuntularıdır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO