İsa Qəmbər: “Milli Strateji Düşüncə Mərkəzi üçün 1 ildir ofis tapa bilmirik”x9d

İsa Qəmbər: “Milli Strateji Düşüncə Mərkəzi üçün 1 ildir ofis tapa bilmirik”x9d

Hazırda oxunan: İsa Qəmbər: “Milli Strateji Düşüncə Mərkəzi üçün 1 ildir ofis tapa bilmirik”x9d

98082
Moderator.az Milli-Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin “Yeni Müsavat”x9d qəzetinə müsahibəsini təqdim edir:


- İsa bəy, dünya gündəminin əsas mövzularından biri ABŞ prezidenti Barak Obamanın BMT Baş Assambleyasındakı çıxışıdır. Obamanı dinlədikcə, belə təəssürat yaranır ki, çıxış edən Azərbaycanın müxalifət liderlərindən biridir. Siz bu çıxışı necə qarşıladız?

- Obama fundamental dəyərlərdən danışdı. İnternetdən izlədim, Rusiyada, Belorusda, hətta Türkiyədə bəziləri belə reaksiya verirlər ki, Obama bizim ölkəmizi nəzərdə tutur, bizim problemlərimizi dilə gətirir. Barak Obama “hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişmək düzgün deyil”x9d söyləyəndə göz önünə müxtəlif ölkələr gəlir. Məsələn, Azərbaycan vətəndaşı 2009-cu ilin referendumunu xatırlayır. Həmin referendumda yolverilməz dəyişiklik həyata keçirildi və bir şəxsin yalnız iki dəfə prezident olmaq yasağı aradan qaldırıldı. Obama eyni zamanda insan azadlıqları, siyasi məhbuslar, vətəndaş cəmiyyətinin önəmi ilə bağlı məsələlərə toxundu. Bu problemlər dünyanın bir sıra ölkələrində mövcuddur. Azərbaycana isə prezident Obamanın dediyi bütün cümlələr aiddir. Mən facebook profilimdə bu çıxışı müsavatçı vicdan məhbusu Yadigar Sadıqovun doğum gününə hədiyyə nitqi kimi qiymətləndirdiyimi yazdım. Bu gün Yadigar bəyin doğum günüdür. Yeri gəlmişkən, onu təbrik edirəm və bütün siyasi məhbuslara azadlıq arzulayıram. Bu çıxış Azərbaycanın bütün vicdan məhbuslarına bir mesajdır, onlara mənəvi dəstəkdir. 2009-cu ilin oktyabrında Obama ABŞ prezidenti qismində ilk dəfə BMT Baş Assambleyasının toplantısındakı çıxışında demişdi ki, mən Birləşmiş Ştatların problemləri ilə məşğul olacağam, demokratiya bizim üçün önəmlidir, ancaq hər ölkə öz daxilində demokratiya məsələlərini həll eləməlidir. 2010-cu ilin sentyabrından başlayaraq Barak Obama BMT Baş Assambleyasının toplantılarında 2009-cu ildəki mövqeyindən tam fərqli çıxışlar edir. O, bu il dediklərini əslində bu və ya başqa formada əvvəlki illərdə də deyib. Ancaq sözsüz ki, sonuncu çıxış fundamental dəyərlərə münasibət baxımından çox yüksək qiymətləndirilməlidir.xa0

- ABŞ-ın Obamadan öncəki prezidenti Corc Buş da deyirdi ki, azadlığı, demokratiyanı istəyən xalqlar onu alacaqlar. Bir sıra ölkələrdə, o sıradan Azərbaycanda bu çıxışı ABŞ-ın demokratik proseslərə açıq dəstək verəcəyi kimi alqışladılar. Ancaq olmadı... Sizcə, Obamanın çıxışı sadəcə gerçəklərin ən yüksək kürsüdən ifadəsidirmi, yoxsa Ağ Ev bu problemləri yaradanlara qarşı ortaya sərt mövqe qoyacaq?
xa0

“Çoxları dərk edir ki, belə gedə bilməz, vəziyyət dəyişməlidir. Bunu bu gün təkcə müxalifət, müstəqil insanlar demirlər. Bu gerçəkliyi artıq hakimiyyətin içərisində də dərk etməyə başlayırlar. Sadəcə, bu dəyişikliklər istiqamətində addımlar atmağa iradələri çatmır”x9d


- Burada iki önəmli məqam var. Birincisi, aydındır ki, nə Corc Buşun, nə də Barak Obamanın çıxışı heç bir ölkədə avtomatik dəyişikliklərə gətirib çıxarmayacaq. xa0Bunun üçün hər bir ölkənin cəmiyyəti, vətəndaşları ortaya iradə, fədakarlıq qoymalı, öz ölkələrinin gələcəyi üçün vacib addımları atmalıdırlar. Bu, birmənalı şəkildə belədir. Biz hesab etmirik ki, beynəlxalq birliyin mövqeyi əsasında Azərbaycanda dəyişiklik baş verəcək. Biz düşünürük ki, beynəlxalq birlik getdikcə artan şəkildə demokratiyanın sadəcə şüar deyil, zərurət olduğunu qəbul edir. Tutaq ki, 20-30, hətta 50 il öncə hər bir ölkə demokratiyanı özü üçün zəruri hesab edirdi, düşünürdü ki, başqa ölkələrdə də demokratiya olsa, yaxşı olar, olmasa faciə deyil. Son illərdə bu baxış dəyişib. Artıq dünyanın kiçik olduğunu hər kəs dərk edir. Dünyanın harasındasa ədalətsizlik, haqsızlıq, korrupsiya varsa, bunun bütün dünyaya təsir elədiyini qəbul eləməyə başlayırlar.xa0

Mən bunu bir neçə dəfə xatırlatmışam, ötən əsrin 50-ci illərində Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, nə qədər ki, dünyada əsir insan, əsir millət var, dünya həqiqi azadlıqdan və həqiqi təhlükəsizlikdən danışa bilməz. Həmin fikri bu gün bütün məsuliyyətli siyasətçilər, dövlət xadimləri qəbul edir. Bu baxımdan, biz Obama deyəni demirik, Obama biz deyəni deyir. Çünki ağlın yolu birdir.xa0

Bu fikri Azərbaycan hakimiyyəti nə qədər tez dərk etsə, ya da cəmiyyət bu fikrin sadəcə həqiqət yox, həm də hərəkət etmək üçün təlimat olduğunu qəbul etsə, dəyişikliklər bir o qədər tez baş tutacaq. İnsanlar dərk etməlidirlər ki, azad olmaq istəyirlərsə, mübarizə aparmalıdırlar, ləyaqətli yaşamaq istəyirlərsə, özləri ləyaqətli davranış sərgiləməlidirlər. Cəmiyyət bunu özü üçün fəaliyyət proqramına çevirsə, müsbət dəyişikliklər sürətlə həyata keçə bilər.

- Bir müddətdir gərgin olan Qərb-Azərbaycan münasibətlərinə baxışınız necədir? Avropa strukturları Azərbaycandakı idarəçiliyi sərt tənqid edir, ATƏT ilk dəfə olaraq seçkiləri müşahidə etməyəcək. Bütün bunlar, sizcə, yeni formalaşacaq parlamentin legitimliyini sual altına qoyurmu? Müxalifət düşərgəsi bu halda hansı addımlar atacaq? Ümumiyyətlə, müxalif düşərgənin 2 noyabr üçün hansısa planları varmı?

“Heç kimdə belə bir təsəvvür olmamalıdır ki, kimsə, hansısa partiya, ya qurum bir plan hazırlayacaq və həmin plan üzrə 1 noyabrdan sonra Azərbaycanda hadisələr ildırım sürəti ilə inkişaf etməyə başlayacaq, dəyişikliklər bir-birini əvəz edəcək”x9d


- Müxalifət adından danışmaq istəmirəm. Mən Milli Strateji Düşüncə Mərkəzinin sədriyəm. Bu qurumda ölkənin aktual strateji məsələlərini müzakirə edib müəyyən tövsiyələr hazırlayaraq cəmiyyətə təqdim etməyə çalışırıq. Seçkidən sonrakı dönəm üçün də təbii, müəyyən ideyalarımız var. Amma eyni zamanda heç kimdə belə bir təsəvvür olmamalıdır ki, kimsə, hansısa partiya, ya qurum bir plan hazırlayacaq və həmin plan üzrə 1 noyabrdan sonra Azərbaycanda hadisələr ildırım sürəti ilə inkişaf etməyə başlayacaq, dəyişikliklər bir-birini əvəz edəcək. Yenə deyirəm, bu, kollektiv iradədən, kütləvi fəallıqdan asılı olan məsələdir.xa0


Əgər biz Azərbaycanda azadlıqların, demokratiyanın bərqərar olmasını, xalqın azad-xoşbəxt yaşamasını istəyiriksə, bunun üçün çalışmalarımız davam etməlidir və edəcək. Əminəm ki, gerçək müxalifət partiyaları, gerçək demokratik qüvvələr də bu yöndə 1 noyabrdan sonra da çalışmalarını davam etdirəcəklər. Gerçəkliyin bir tərəfi də ondan ibarətdir ki, artıq Azərbaycanda çoxları bu şəkildə davam etməyin mümkünsüzlüyünü dərk etməyə başlayıb. Çoxları dərk edir ki, belə gedə bilməz, vəziyyət dəyişməlidir. Bunu bu gün təkcə müxalifət, müstəqil insanlar demirlər. Bu gerçəkliyi artıq hakimiyyətin içərisində də dərk etməyə başlayırlar. Sadəcə, bu dəyişikliklər istiqamətində addımlar atmağa iradələri çatmır.
Soruşurşunuz ki, yeni formalaşacaq parlamentin legitimliyi sual altında olacaqmı?

Parlamentin legitimliyi hətta sual altında da deyil. Təəssüf ki, parlamentin legitimliyi sadəcə yoxdur. Əsil sual budur ki, beynəlxalq təşkilatlar Azərbaycan parlamentinin qeyri-legitimliyindən irəli gələn çətin, amma zəruri addımları atmağa özlərində iradə tapacaqlarmı?!

- Sizin də namizədliyinizi qeydə almadılar. Hansı addımları atmağı düşünürsünüz?

- Qeydə almadılar demək bir az tezdi. Nümayəndələrim imza vərəqələrini və digər zəruri sənədləri Dairə Seçki Komissiyasına təqdim edərkən oradan bildiriblər ki, MSK ilə əlaqə sistemi çalışmır, ona görə sənədlərimizi qəbul edə bilməyəcəklər. Öncə onu deyim ki, bu, ciddi qanun pozuntusudur. Çünki seçki kampaniyası dönəmində seçki komissiyaları fasiləsiz işləməlidirlər. Ancaq 1 gün sonra bizim sənədləri qəbul ediblər. Odur ki, mənim seçkiyə buraxılmadığımı demək, hələlik tezdir. Proses göstərəcək...

(Sentyabrın 29-da axşam saatlarında bəlli oldu ki, İsa Qəmbərin namizədliyi qeydə alınıb - red.)


“Təəssüf ki, hakimiyyət bu seçkini də faktiki olaraq Azərbaycanda müsbət dəyişikliklərə keçid imkanı kimi itirdi”x9d


Əslində mənim seçkidə iştirakımın məqsədi prosesdə iştirakdır, prosesi gerçək bir mübarizəyə çevirmək, cəmiyyətlə təmaslar üçün, cəmiyyəti fəallaşdırmaq üçün bütün imkanlardan, xüsusən seçki prosesinin verdiyi məhdud imkanlardan istifadə etməkdir. Bu baxımdan hakimiyyət hansısa mərhələdə mənim namizədliyimə əngəl yaradacaqsa, bu, mənim üçün heç bir problem deyil, hakimiyyətin problemidir.

- Azərbaycan üçün çox önəmli 2018-ci il gəlir - prezident seçkisi ili. Proses göstərir ki, bu parlament də müxalifətsiz olacaq. 1 noyabr seçkisini artıq itirilmiş şans saymaq olarmı?


- Çox təəssüf, artıq ona doğru gedir. Hakimiyyət bu seçkini də faktiki olaraq Azərbaycanda müsbət dəyişikliklərə keçid imkanı kimi itirdi. Ancaq bu o demək deyil ki, bu şəkildə davam edəcək. Ola bilər, biz bu sözləri müxtəlif mərhələlərdə demişik deyə indi həmin sözlər bir qədər təkrara bənzəyir. Amma hesab edirəm ki, Azərbaycanda dəyişikliklər qaçılmazdır və bu dəyişikliklər baş verəcək. Bu, 2018-ci ildə də baş verə bilər, ona qədər də.

- İsa bəy, Müsavat Partiyasının qurultayından düz 1 il keçir. Partiya həyatında nələr dəyişib? Başqanlıqdan getsəniz də qərargahdasınız. Bu, eyni zamanda sizə partiya həyatını daha yaxından izləmək imkanı verir. Bir il öncə siz qurultaydan sonrakı dönəmi məhz belə təsəvvür edirdiniz?

- Proses aşağı-yuxarı düşündüyümüz kimidir. Müsavat Partiyası 1 il öncə Azərbaycan cəmiyyətinə çox önəmli bir nümunə sərgilədi. Demokratiya baxımından çox önəmli addımlar atıldı. Bu, həm hakimiyyətə mesaj idi, həm cəmiyyətə, həm də bütün demokratik qüvvələrə mesaj idi ki, demokratiya uğrunda mübarizə apardığımızı iddia ediriksə, özümüz də həmin meyarlara uyğun fəaliyyət göstərməliyik. Hakimiyyətdən azad, ədalətli seçki tələb ediriksə, alternativlərə bərabər imkanlar yaratmaq tələb ediriksə, paritet əsasda seçki komissiyaları tələb ediriksə, gizli səsvermə, səslərin şəffaf sayılmasını tələb ediriksə, bu addımları ilk növbədə özümüz atmalıyıq. Müsavat sadaladığım bütün məqamlarda ölkəyə nümunə göstərdi. Əgər bu gün cəmiyyətdə bu mövzu müzakirə olunursa, əgər bu gün digər siyasi qüvvələrin toplantıları keçirilərkən ən çox müzakirə edilən məsələ səsvermənin gizli, yoxsa açıq keçirilməsi məsələsidirsə, demək, Müsavat Partiyasının qurultayı hədəfinə çatıb. Biz bu dəyərlərin qaçılmaz olduğunu, müxalifətdə və ya hakimiyyətdə olmasından asılı olmayaraq əvvəl-axır bütün qüvvələrin bu dəyərləri qəbul etməsinin zəruriliyini faktiki olaraq cəmiyyətə təqdim etdik.xa0


Mənim qərargahda olmağıma gəldikdə, ona görə burdayam ki, Milli Strateji Düşüncə Mərkəzi üçün 1 ildir ofis tapa bilmirik. 1 ildir ofis axtarıram. Münasib variantlar olsa da, son anda anlaşmaq mümkün olmur. Cəmiyyətə o qədər basqılar olub ki, hər kəs ehtiyat edir. Məntiq baxımından şərtlər mülkiyyət sahibləri üçün tam uyğun olsa da, biləndə ki, həmin ofisi mən istəyirəm, çəkinirlər. Buna məcburdurlar. Düşünürlər ki, mülkiyyətlərini, hətta azadlıqlarını itirə bilərlər, hakimiyyət onlar üçün başqa problemlər yarada bilər. Təəssüf ki, onların narahatlıqları gerçək narahatlıqlardır. Bu durumu hakimiyyət yaradıb. Bu səbəbdən biz Milli Strateji Düşüncə Mərkəzinin fəaliyyətini ayrıca bir ofisdə qura bilməmişik. Sağ olsun, Müsavat Partiyasının rəhbərliyi, bizə şərait yaradıb, bu işi burda davam etdiririk. Yuxarı-aşağı gözlədiyimiz proseslər gedir. Müsavat Partiyasında yetərincə önəmli gəncləşmə prosesi davam edir. Faktiki olaraq bu gün partiya rəhbərliyində Müsavat Partiyasının əsasən orta yaşlıları təmsil olunur. Yetərincə çevik, dinamik idarəçilik formalaşdırılıb. Partiya həm öz Proqram və Nizamnaməsinə, həm də fəaliyyət istiqamətləri haqqında planlarına uyğun şəkildə işini davam etdirir.

- Qurultaydan sonra Müsavat Partiyasından qopmalar da oldu. Siz bu prosesi təmizlənmə, yoxsa itki sayırsınız?

“Milli Strateji Düşüncə Mərkəzi üçün 1 ildir ofis tapa bilmirik. Məntiq baxımından şərtlər mülkiyyət sahibləri üçün tam uyğun olsa da, biləndə ki, həmin ofisi mən istəyirəm, çəkinirlər”x9d

- Mən hər bir Azərbaycan vətəndaşını yüksək qiymətləndirirəm. Hər bir müsavatçını da yüksək qiymətləndirmişəm. Təbii, Müsavat Partiyasından kimsə gedirsə, mən bunu Müsavat üçün itki sayıram. İstər həmin şəxs Müsavata dünən gəlmiş gənc olsun, istər 15-20 ilini partiyaya vermiş şəxs, fərq etməz. Onların fəaliyyətləri partiya üçün böyük ola bilər, nisbətən az ola bilər. Ancaq hər bir müsavatçının partiyadan getməsi itkidir. Eyni zamanda partiyadan gedən hər bir adam da Müsavat Partiyasını itirib. İtki baxımından gedənlərin itkisi daha böyükdür. Bütövlükdə isə bu, gedənlərin, Müsavat Partiyasının itkisi olmaqla yanaşı, cəmiyyətin itkisidir. Çünki rejim elə bir durum yaradıb ki, gerçəkdən müxalifət sıralarında olub fəaliyyət göstərmək gündən-günə çətinləşir. Bu durum müxalifətə də aiddir, həqiqi azad mediaya da aiddir, həqiqi müstəqil vətəndaş cəmiyyəti institutlarına da aiddir. Hakimiyyətin yaratdığı dözülməz mühit bütün bu sahələrdə itkilərə gətirib çıxarır və bu itkilər bütövlükdə cəmiyyətin itkisidir. Çünki cəmiyyətin müstəqil yaşamaq, öz potensialını ortaya qoymaq imkanları məhdudlaşdırılır, bütövlükdə Azərbaycan xalqı, Azərbaycan dövləti itirir.


- Azərbaycan Xalq Cəbhəsi Partiyası da bir neçə gün öncə qurultay keçirdi. Siz Azərbaycan Xalq Cəbhəsi yaranandan ilk dəfədir ki, həmin qurumun qurultayında iştirak etmədiniz. Dəvət olunmamağınız sizə necə təsir elədi?

“Gedənlərin itkisi daha böyükdür”x9d


- Burada da müxtəlif məqamlar diqqətə alınmalıdır. Siyasi partiyaların qurultayları müxtəlif xarakterli olur. Sırf işgüzar xarakterli qurultaylar olur. Məsələn, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirdiyi qurultay sırf işgüzar qurultay idi. Ancaq şou xarakterli qurultaylar da var. Məsələn, ABŞ-da respublikaçıların, ya da demokratların qurultayları daha çox şou xarakterli olur. Bu, bir növ artıq həll edilmiş məsələlərin xalqa açıqlanması, təqdim edilməsi mərasimləridir. İşgüzar qurultayla şou arasında variantlar da var, təbii.xa0

Bir partiyanın qurultayında başqa partiyaların nümayəndələrinin iştirak edib-etməməsi məsələsi özü-özlüyündə diskussiyalılıq bir məsələdir. Azərbaycandakı siyasi partiyaların böyük çoxluğu zamanında Elçibəyin liderliyi ilə yaratdığımız Azərbaycan Xalq Cəbhəsindən çıxdığı, Azərbaycan xalq hərəkatından doğduğu üçün uzun illər belə ənənə oldu ki, bu partiyaların hər hansı biri qurultay keçirsə, digər bütün partiyaların rəhbərləri qonaq qismində dəvət olunsun, hətta çıxış eləsin. Bu, maraqlı bir ənənədir, ancaq bu, partiyaların işgüzar qurultay keçirməsi baxımından o qədər də səmərəli yanaşma deyil.

- İsa bəy, bu dəvətlər, iştiraklar həm də bir həmrəylik ovqatı yaratmaq, umu-küsüləri aradan qaldırmaq şansı yaratmırmı?

(ardı var...)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO