Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az - a müsahibəsini təqdim edirik:
-Prezident sonuncu müşavirədən öncə də ictimai nəzarətin əhəmiyyətindən danışanda cəmiyyətdə təəccüblə qarşılanmışdı ki, onsuz da ictimai nəzarətə məhəl qoyulmur, az qala hər gün medianın və deputatların, ictimaiyyət nümayəndələrinin qaldırdıqları məsələ qulaqardına vurulur. Sahibkarlara təzyiqlə bağlı deyilənlər də eyni aqibəti yaşamayacaq ki?
-Vaxtilə elə sizin saytda söyləmişdim ki, Azərbaycanda sahibkarlar çox amansız şəkildə talan olunur. O zaman hətta mərhum prezident Heydər Əliyevdən də sitat gətimişdim ki, vaxtilə o məmurlara bununla bağlı barmaq da silkələmişdi. O vaxt Heydər Əliyev sərt şəkildə bəyan etmişdi ki, heç bir bir hüquq mühafizə orqanı heç bir şirkətin işinə müdaxilə edə bilməz. Əgər hansısa konkret cinayət işiylə bağlı sənədlər lazımdırsa rəsmi məktubla müraciət edilməlidir və həmin qurumlarda rəsmi yoxlama keçirən orqanlar da yoxlamanın nəticələrini istintaqa təqdim etməlidirlər. Məhz bunun əsasında istintaq orqanı tərəfindən qərar qəbul olunmalıdır. Yəni biz vaxtaşırı bu məsələni qaldırmışıq ki, hüquq - mühafizə orqanları tərəfindən sahibkarların fəaliyyətinə ciddi müdaxilələr edilir. Biz Vergilər Nazirliyi tərəfindən də bəzən sahibkarlara qarşı əsassız olaraq tələblər irəli sürüldüyünü də dəfələrlə dilə gətimişik. Bilirsiniz, ölkədə sahibkarlıq yeni yaranan institutdur və onlar hələ oturuşmayıb. Bu gün sahibkarların fəaliyyətinə edilən çoxsaylı yersiz müdaxilələr son nəticədə ona gətirib çıxarır ki, onlar nəinki kimlərisə işlə, maaşla təmin edə bilmirlər, öz başlarının hayına qalırlar. Ona görə də bu gün kiçik sahibkarların gücü yalnız ona çatır ki, özlərinə bir maşın alsınlar, bir də ailələrini dolandırsınlar. Bu da ondan qaynaqlanır ki, həmin sahibkarlar rəsmi olaraq dövlətə vergi şəklində ödədikləri məbləğdən bəlkə 10 dəfə artıq digər məmurlara və onların fəaliyyətinə müdaxilə edən qurum təmsilçilərinə verirlər. Bunlar bu gün kimsəyə sirr olmayan eybəcərlikdir və görünür prezident də vəziyyətin ciddiliyini nəzərə alaraq ictimaiyyət, eyni zamanda elə həmin məmurların qarşısında açıq danışmağı zəruri hesab etdi. Mən bir daha vurğulayıram ki, Azərbaycan sahibkarı dövlət büdcəsinə ödədiyi vergidən 10 qat artıq prezidentin söylədiyi formada məmurlara haqq verməyə məcbur edilir. Xalqı da dolandıran və əhalini işlə təmin edən həmin kiçik sahibkarlıq subyektləridir. Birinci gün biz BAXCP İdarə Heyətinin qərarını ictimaiyyətə yaydıq. Hələ onda heç müşavirə keçirilməmişdi. Onda da hökuməti islahatlar aparmağa çağırdıq. Əlbəttə, kadrlar çox şeyi həll edir, amma təbii ki, hər şeyi həll etmir. Ona görə də bütün bu böhranlı situasiyadan qurtulmaq üçün institusional islahatlar aparılmalıdır. Eyni zamanda siyasi islahatlar aparılması zərurəti ortaya çıxıb ki, hökumətin fəaliyyətinə güclü müxalifət nəzarəti təmin olunsun. Çünki bu günki kimi, bir neçə müxalifət cinahının deputatı tərəfindən parlamentin fəaliyyətinə nəzarət etmək də mümkün deyil. Amma parlamentdə müxalif fraksiya olsa o zaman parlament nəzarəti daha effektiv olar. Bu gün görürsünüz ki, hökumət Milli Məclisə gəlib hesabat verir, amma bu zaman hökumətin fəaliyyətinə hər hansı təsir etmək imkanı olmur. Yaxud mətbuat yazır. Amma mətbuatda yazılan həmin faktlar üzrə hökumətdən hesabat istəyəcək bir siyasi institutut yoxdur. Amma parlamentdə kifayət qədər müxalifət olsa, onlar hökumətdən, iqtidardan hesabat tələb edilər. Ona görə də düşünürəm ki, mütləq siyasi islahatlar aparılmasına da ehtiyac var. Bilirsiniz ki, İranla altılıq ölkələri razılığa gəldilər və bu razılaşma sözsüz ki, neftin hətta indiki aşağı qiymətinə də öldürücü təsir edə bilər. Mən dünən həmin anlaşmadan sonra CNN və BBC - dən canlı olaraq mətbuat konfransını izləyirdim. Elə mətbuat konfransı gedə - gedə subtitrlərdə neftin qiymətinin necə aşağı düşdüyü göstərilirdi. İndi İran da bazara xeyli dərəcədə neft çıxaracaq. Ona görə də neftin qiymətinin aşağı düşmə ehtimalı çox böyükdür. Doğrudur, neftiq qiyməti təkcə iqtisadi faktorlarla bağlı deyil. Burada siyasi amillər daha böyük rol oynayır. Bu gün Rusiyanı çökdürmək planı olduğundan siyasi faktorların da neftin qiymətini aşağı salmağa hesablandığını söyləmək mümkündür. Bilirsiniz ki, Rusiyanın əsas gəlir mənbəyi enerjidaşıyıcılarıdır və ona görə də Rusiya ilə bərabər Azərbaycan da neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkə bilər. Biz də bəyan etdik ki, təcili olaraq xaricdəki valyuta ehtiyatlarından 4 milyard Azərbaycana gətirilməlidir və ölkə banklarında yerləşdirilərək sahibkarlara “şapka”x9dsız kreditlər verilməlidir. Heç kimə sirr deyil ki, banklar bir tərəfdən sahibkarlara yüksək faizli kredit verirlər, üstəlik, qeyri - rəsmi olaraq biz 10 faiz də “şapka”x9d alırlar. Bu da sonda ona gətirib çıxarır ki, bankdan kerdit götürən sahibkar o vəsaiti heç cür qaytara bilmədiyindən ya intihara əl atır, ya ölkədən qaçır, ya da məsuliyyətə cəlb olunaraq acınacaqlı aqibətə məhkum edilir. Ona görə də kreditlərin verilməsi mexanizminin şəffaflaşdırılması üçün çoxpilləli nəzarət sistemi qurulmalıdır ki, kreditlər əsaslandırılmış layihələrə verilsin. Biz indi bunun əksini görürük. Bu gün Beynəlxalq Bank tərəfindən nə qədər əsaslandırılmamış, normal məntiqə sığmayan, ağılasığmaz səhlənkarlıq və məsuliyyətsiliklə avantürist layihələrə külli miqdarda pullar buraxılıb, indi onun çoxunu qaytarmaq faktiki olaraq mümkünsüz olub. Nəinki avantürist, elə mənasız və heyrət doğuran layihələrə on milyonlarla, 100 milyonlarla pullar ayrılıb ki, ancaq ruhi xəstə və ya başdanxarab adamlar, yaxud dövlətə qənim kəsilən insanlar belə bir qanunsuzluğa, özbaşınalığa yol verə bilərlər. Bu gün yalnız müxtəlif yollarla o kreditləri alan adamları məhşər ayağına çəkirlər, amma mən hesab edirəm ki, təkcə həmin krediti alanlar deyil, onu verən səlahiyyətli şəxslər də ən ağır cəzaya məhkum edilməlidirlər. Onların yaxasından yapışmaq lazımdır ki, sən bu cür avantürist layihələrə milyonlarla dövlət vəsaitini buraxanda ağlın harda idi? Artıq burada sən deyə bilməzsən ki, bunu kimsə xahiş etmişdi. İş çətinə düşəndə sən o damın adın ya çəkə bilməyəcəksən, ya da bu heç nəyi dəyişməyəcək, sənin məsuliyyətini azaltmayacaq.
-Maraqlıdır ki, prezidentin sadaladığı problemlərin hamısını Siz vaxtilə parlament tribunasından, mətbuata müsahibələrinzdə qaldırmışdınız. Məsələn, AZAL - ın anormal bilet siyasətini və dərmanlarla bağlı biabırçılığı da daim tənqid etmisiniz.
-Mən vaxtilə AZAL - la bağlı parlamentdə məsələ qaldırmışam və hətta qonşu Türkiyədən müqayisələr də gətirmişdim. Hansı ki, bizdən fərqli olaraq bu ölkə aviabenzini baha qiymətə kənardan alır. Amma buna baxmayaraq Türkiydəki aviabiletlərin qiymətlərinin bizdəkindən dəfələrlə ucuz olduğunu ortaya qoymuşdum. Eyni zamanda neft ölkəsi olan Rusiya ilə Azərbaycandakı aviabiletlərin qiymətlərini müqayisə etmişdim. Rusiyada da qiymət bizimlə müqayisədə çox ucuz idi. Yaxud tutaq ki, elə bu gün də Naxçıvana olan reyslərə görə büdcədən 50 manat dotasiya ayrılır. Niyə? Axı 50 manat onsuz da həmin reysi rentabelli edir. Əlavə olaraq 50 manatı büdcədən qoparmağa nə lüzum var? Sadəcə olaraq həmin kompaniyanın xərclərini azaltmaq lazımdır. Əlbəttə, bir manatlıq işi beş manata sənədləşdirəndə təbii ki, süni vəsait qıtlığı yaranacaq. Amma AZAL - ın gəlirləri və xərcləri düzgün hesablansa, israfçılığa yol verilməsə, o halda da tam rentabelli işləyəcək. Eyni zamanda Azərbaycan elə bir unikal coğrafi məkanda yerləşir ki, ətrafımızdakı bütün yaxın xaricdən də gəlib Bakıdan dünyanın istənilən nöqtəsinə uça bilsinlər, nəinki indiki kimi hamı gedib Tiflisdən uçsun. Nəticədə anormal qiymət siyasətinə görə 100 milyonlarla vəsait itiririk. Mən çox sevinirəm ki, deputatların, mətbuatın yazdığı məsələlərə prezident özü sonda reaksiya verdi və açıq formada tələblə çıxış elədi. Çox ümid edirəm ki, prezidentin bu tələbləri yerinə yetirilsin. Yeri gəlmişkən, bir məqamı vurğulamaq və sahibkarala müraciət etmək istəyirəm ki, onlar da mütilikdən əl çəksinlər. Qanunsuz müdaxilə ilə üzləşəndə müqavimət göstərsinlər. Oğurluqdan, vergidən yayınmaqdan imtina etsinlər. Təsəvvür edin ki, bu gün əksər sahibkarlar 5 manatı vergidən gizlətməyə meylli olurlar, amma əvəzində gözükölgəli olduqlarına görə 15 manatı minnətçi düşərək onları sıxma - boğmaya salanlara verirlər. Olmaz ki, qanuni vergi verəsən ki, stressiz rahat yaşayasan və heç kim də gəlib səni incitməsin. Deməyim odur ki, qanunsuz tələblə üzləşəndə insanlar müqavimət göstərməlidirlər. Bəzən sahibkarlar tamahın gücünə aldanırlar vıə tutaq ki, 50 manat vergi verməkdənsə 30 manat rüşvətlə keçinirlər. Amma anlamırlar ki, aradakı o 20 manat fərq ona baha başa gələcək və onqat artığını ondan qışqırda - qışqırda alacaqlar. Dərmanların qiymətinə gəldikdə isə bu barədə də xatırlayırsınızsa dəfələrlə parlament iclaslarında məsələ qaldırmışdım ki, birincisi lisenziyaların verilməsində çox ciddi qanun pozuntusu var və çox böyük məbləğdə vəsaitlər tələb olunur. Ona görə də lisenziyaların verilməsi son dərəcə sadələşdirilməlidir və şəffaflıq təmin olunmalıdır. Hesab edirəm ki, şəffaflıq və azad rəqabət mühiti təmin olunsa yuxarıdan inzibati yolla dərmanların qiymətinin tənzimlənməsinə də ehtiyac qalmaz. Sadəcə olaraq rəqabət mühitini təmin etmək lazımdır ki, kim bu işlə məşğul olmaq istəyirsə olsun. Mənim tanıdğım adamlar var ki, Səhiyyə Nazirliyi bir ildir heç bir əsas göstərmədən ona lisenziya vermir. Lisenziyasının vaxtı qurtarıb, onun vaxtını uzatmırlar, mənasız bəhanələr gətirirlər. Lisenziyası olmadığına görə də anbarlarda dərmanları yığışıb qalıb, sata da bilmir. Bütün bu bürokratik əngəllərin hamısı həllini tapmalıdır. Əslində dərmanların qiymətinin inzibati yolla tənzimlənməsi doğru seçim deyil. Bu zaman sahibkarlar gedib keyfiyyətsiz və saxta dərmanlar gətirəcəklər. Ona görə də prezidentin dərmanların qiymətiylə bağlı tənqidi fikirləri təkcə qiymətlərin inzibati yolla tənzimlənməsiylə məhdudlaşmamalıdır. Rəqabət mühiti təmin olunmalıdır ki, dərmanların qiyməti təbii yolla aşağı düşsün. Bilirsiniz, bazar iqtisadiyyatının qanunları belədir ki, bazara eyni məhsuldan daha çox çıxarılırsa qiymət təbii yolla aşağı düşür və ən optimal aşağı qiyməti bazar özü tənzimləyir. Amma inhisarçılıq meydan sulayanda bütün nizam pozulur və indiki kimi xaos yaranır.
Ardı var...
































































































