Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsinin sonuncu bölümünü təqdim edirik:
Əvvəli burada---moderator.az/?xeber=57740
-Azərbaycanın son illər ənənə halını almış bir acı reallığı da ağır xəstə olan görkəmli adamlarla bağlı bəzən çox gecikmiş, bəzən min kərə xahiş- minnətdən sonra müalicəsi üçün ən yüksək səviyyədə qərar verilməsidir. Sonuncu belə olay görkəmli alim Firudin Cəlilovu ölümün pəncəsindən almaq üçün Kəmaləddin Heydərovun onu Türkiyəyə müalicəyə göndərməsi oldu. Olmazmı ki, bir fond yaradılsın və heç olmasa millət üçün əlindən gələni əsirgəməmiş cəfakeş məhşurlarımızın harayına vaxtında çatmaq mümkün olsun, iş işdən keçəndən sonra nə dövlət, nə ayrı-ayrı məmurlar əl-ayağa düşməsin?
-Hesab etmirəm ki, tanınmış adamlar üçün dövlət
irəli durduğu halda deyək ki, bir kasıb müalicə pulu tapmadığına görə ölməlidir.
Ona görə də ölkədə tibbi sığorta həyata keçirilməsi üçün biz illərdi
danışırıq. Bu yaxınlarda baş nazirin müavini Əli Əhmədov açıqlama vermişdi ki,
biz icbari tibbi sığortanın tətbiqinə başlamağa hazırlaşırıq. Mən o zaman söyləmişdim
ki, onu ya şantaj edəcəklər, ya da pulla ələ almağa çalışacaqlar ki, bu məsələ
gündəmdən çıxsın, ən azı məsələ mümkün qədər yubansın. Ona görə ki, ortada çox
böyük pullardan söhbət gedir. Ölkədəki səhiyyə sisteminə rəhbərlik edən şəxslər
imkan verməzlər ki, bu proses tezliklə həyata keçirilsin. Həkimin xəstədən
aldığı pulun hamısı onun özünə çatmır ki. O yığdığının böyük hissəsin şöbə
müdirinə verir, şöbə müdiri də aparıb baş həkimə verir, baş həkim də öz növbəsində
daha yuxarıların haqqın verir. Yəni bu cür eybəcər mexanizm bu formada davam
edir. Elə Əli Əhmədovun müsahibəsində də vardı ki, icbari tibbi sığorta tətbiq
edilsə xəstədən pul alma məsələsi də aradan qalxar. Yəni deməyim odur ki, biz
insanlarımızın hamısına icbari tibbi sığortanı tətbiq etməliyik ki, heç kimin
hansısa xeyriyyəçiyə və ya xeyriyyə təşkilatlarına ehtiyacı olmasın. Elə sistem
tətbiq edilməlidir ki, sığorta şirkəti hər bir vətəndaşımızın bütün müalicə xərcini
qarşılamq iqtidarında olsun, bu xərc 50 min manat da olsa, 100 min manat da.
Bundan başqa əlbəttə müəyyən xeyriyyə fondları da ola bilər ki, sığorta şirkətləri
tələb olunan vəsaitin hamısını ödəmək imkanında olmayanda həmin fondlar yardımçı
olsunlar. Amma qlobal şəkildə bu problemin həlli icbari tibbi sığortanın tətbiqindən
keçir.
-Bir müddət öncə Tənzilə Rüstəmxanlı və
Moderator.az saytı birlikdə bir xoşməramlı kampaniya başlatdı ki, Firudun Cəlilov
kimi görkəmli ziyalıya, keçmiş istiqlalçı deputata, bu millət üçün canını,
enerjisini fəda etmiş elm xadiminə prezident təqaüdü verilsin. Amma Prezident
Adminstrasiyasından səs çıxmadı.
-Firudin müəllimi mən illər öncədən çox yaxşı
tanıyıram. Firudin müəllim doğrudan da prezident təqaüdünə layiq bir adamdır.
Onun səhhətindəki problemləriylə bağlı mən özüm də müxtəlif şəxslərlə söhbət
etmişəm, bu məsələni onların qarşısında qaldırmışam. Deməyim odur ki, mən onun səhhətindəki problemlərdən xəbərdar idim və heç zaman ona qarşı diqqətsiz
qalmamışam. Ona da bir Azərbaycan ziyalısı kimi çox böyük hörmətim var. Hesab
edirəm ki, ona prezident təqaüdü verilsəydi, çox yaxşı olardı. Çünki o buna
layiqdir və öz fəaliyyətiylə həm də bir istiqlalçı deputat kimi bunu qazanıb. Amma
bayaq da qeyd etdiyim kimi qlobal mənada mənim baxışlarım bu məsələdə bir qədər
fərqlidir. İnsanlar qanun qarşısında bərabər olmalıdır. Mən tələbələrə xüsusi təqaüdlərin
də verilməsinin əleyhinəyəm. Bu baxımdan mən insanlara ünvanlı təqaüdlərin də verilməsini
doğru hesab etmirəm. Çünki bu vətəndaşların konstitusiya ilə qanun qarşısındakı
bərabərliyi prinsipini pozur. Tutaq ki, ziyalısı, şairi və yazıçısı da kitabını satıb yaşamalıdır.
Yəni biz bir sivil Avropa ölkəsi olub Avropa dəyərələrini mənimsəmək istəyiriksə
bu belə olmalıdır. Yoxsa bizdə məsələn, kimsə professordur və ali məktəbdə dərs
deyir maaş alır və pensiyaya çıxır. Çıxandan sonra ona əlavə olaraq prezident
təqaüdü də verirlər. Bəs o biri professorlar? Axı qanun qarşısında harda oldu
hamının bərabərliyi? Xüsusi xidmətlərə görə birdəfəlik mükafatlar verilə bilər.
Yoxsa daimi əsaslarla kimsə kiminsə təqdimatını verəcək, onun adın həmin
siyahıya salacaqlar, başqaların yada da salan olmayacaq, bu cür meyarla elmi
hörmətdən salırıq. Obyektiv araşdırma aparaq görək prezident təqaüdünə düşən
professorun digər professorlardan hansı üstünlüyü var? Bu fərqi kim müəyyənləşdirir,
kriteriyalar nədir, hansı komissiya bunu seçir? Yaxud fəxri adların verilməsini
götürək. Bəzən görürsən ki, incəsənətdən, mədəniyyətdən xəbəri olmayan birinə
xalq artisti və ya əməkdar artist adı verilir, canını bu sənətə qoyanı heç yada da
salan olmur. Burda hansı kriteriyalsr əsas götürülür bəs? Yəni deməyim odur
ki, bu sahədə bizdə bir xaos var və qanunun gücündən yox, acizliyindən danışmaq
lazım gəlir. Bayaq tələbələrdən danışdım, kimsə məni ittiham etməsin ki, tələbələrə
xüsusi təqaüd verilməsinin əleyhinəyəm. Bilirsiniz, hər şey qanunla tənzimlənməlidir.
Təhsil haqqında qanunda konkret göstərilməlidir ki, yaxşı oxuyan tələbə filan qədər
təqaüd almalıdır. İndi ixtisaslar üzrə seçimlər edilir və ən yüksək bal
toplamış abituriyentlərə bəri başdan prezident təqaüdü verilir. O uşaqların
çoxu heç gedib oxumurlar. Amma ən azından həmin tələbənin heç olmasa bir ilinin
nəticəsini gözləmək laızmdır ki, bu adam doğrudanmı bu təqaüdə layiq
birisidir? Amma bu gün universitetlərdə həmin tələbələr universitetin adı üçün
axıradək hətta oxumasalar belə universiteti bitirənədək əlaçı kimi gedirlər. Bu
formada təhsil və bu cür qiymətləndirmə olmaz. Ona görə də hesab edirəm ki, bu
məsələyə də mütləq yenidən baxılmaldır. Deməyim odur ki, 10 milyonluq bir ölkədə
dövlət bütün xəstələnən ziyalısının xərclərini öz üzərinə götürə bilməz. Onda gərək ayrı-ayrı şirkətlər ancaq xəstə müalicə etdirməklə məşğul olsun. Bilirsiniz
müraciət edənlərin sayı nə qədərdir? Hətta "Heydər Əliyev Fondu" da müraciətlərin
hamısını qarşılaya bilmir. Çünki müraciət edənlərin sayı-hesabı yoxdur. Məhz
ona görə sığorta şirkətləri yaradılır və vətəndaşa da deyilir ki, sən əvvəlcədən
həmin şirkətlərə pul ödə ki, sabah səhhətində problem yarananda sənin əməliyyat
xərcini həmin sığorta şirkəti ödəyə bilsin. Biz inkişaf etmiş dünyanın keçdiyi
yola çıxmaq üçün sürətlə addımlamalıyıq. Yoxsa lap Heydər Əliyev Fondu kimi 10
dənə fond yaradılsa da mümkün olan şey deyil. Tutaq ki, Heydər Əliyev Fondu ildə
min xəstəni əməliyyat etdirir, o biri fondlar da lap hərəsi min xəstəni müalicə
etdirsin. Amma təkcə ildə İrana müalicəyə bir milyon adam gedir. Ona görə də
ilk növbədə Azərbaycanda səhiyyənin səviyyəsini qaldırmaq lazımdır. Cəmiyyətin
diqqətini xırda işlərə deyil, bu cür fundamental məsələlərə yönəltmək lazmdır
ki, niyə Azərbaycanda bu qədər dövlət səhiyyə müəssisələri var? Axı biz bazar
iqtisadiyyatına keçmiş ölkəyik. Niyə səhiyyə obyektlərini də özəlləşdirmrik? Məqsəd
və maraq nədir burda? Yaxud niyə bu qədər dövlət universitetləri var? Niyə
bazar iqtisadiyyatına keçəndən sonra zavod və fabiklər özəlləşdirildi, amma
ali məktəbləri özəlləşdirmək "yaddan çıxdı"? Yəni bu məsələləri biz zaman-zaman
qaldırırıq, sizlərin də bir jurnalist kimi borcunuzdur ki, daim gündəmdə saxlayasınız
və sual verəsiniz ki, niyə buna olar, o birinə olmaz? Yəni hamı da yaxşı
anlayır ki, universitetlər özəlləşdirilməyənədək və təhsil kreditləri verilməyənədək
ali məktəblərdəki neqativ halları aradan qaldımaq mümkün olmayacaq. 50 rektor dəyişsələr də heç nə olan deyil. Olsa-olsa müəyyən kosmetik dəyişikliklər
ola bilər ancaq. Ancaq təhsildə fundamental dəyişiklikər baş verəsi deyil. Eləcə
də icbari tibbi sığortaya keçməyənə və xəstəxanalar özəlləşdirilməyənə
qədər səhiyyə sistemində də ciddi nailiyyətlərdən söhbət gedə bilməz. Təhsillə
səhiyyəsi zəif olan ölkədə isə vətəndaşın sosial rifahından danışamğın yeri
qalmır.
-Hər dəfə Həcc mövsümündə cəmiyyətdə və mətbuatda
bu mövzu dartışılır ki, 4 min adam gedib Həccdə 5 min manat pul xərcləyir, amma tutaq ki, qonşusu 500 manat tapıb əməliyyat oluna bilmədiyinə görə dünyasın dəyişir,
yaxud pulsuzluqdan digər faciələr yaşanır. Bu məsələyə Sizin baxışınız necədir?
-Həcc ziyarəti hər bir zəvvara təxminən 5 min
manata başa gəlir. Amma siz heç təsəvvür edirsinizmi hər il turist kimi xaricə
dincələməyə nə qədər soydaşımız gedir? İl ərzində təkcə 60-70 min adam Gürcüstana
gedir. Özü də bir çoxunun həmin istirahəti 5 minə yox, 10 min manatdan baha
başa gəlir. Yəni bunları eyniləşdirmək istəməzdim, biri gəzmək, istirahət etmək
üçün o qədər pul xərcləyir, bir başqası isə Allah qarşısında borcunu yerinə
yetirmək üçün müqəddəs yerləri ziyarət etmək istəyir. Bilirsiniz, demək olmaz
ki, ay filankəs, sən Həcc ziyarətinə getmə, amma həmin pulu apar bir ürək əməliyyatı
üçün xərclə. Mən bu cür yanaşmanı qəbul edə bilmirəm. Bu məsələni hərənin öz vicdanlına, baxışlarına və dünyagörüşünə buraxmaq lazımdır. Amma elə məsələlər var ki, orda
qayda-qanun yaratmaq lazımdır. Məsələn, indi restoranlarda qayda-qanun yarada
bilmirlər, ki, səsi çox verib toya gələnlərin əsəblərin pozmasınlar,
kondisioneri toy başlayan kimi söndürməsinlər, bahalı yeməkləri toyun sonunda gətirməsinlər.
Bunu nizama salmaq istəmirlər, indi də təklif səsləndirirlər ki, gəlin Tacikistandakı kimi toya 100 nəfərdən artıq adam çağrılmasın, toyda da tutaq ki,
ancaq iki növ yemək verməlisən. Adama deyərlər ki, mənim qonağıma nə verəcəyimi
sənmi müəyənləşdirməlisən? Tutaq ki, bir biznesmen oğluna toy edir, o qonaqlara
kürü verəcək, o birisi kasıbdırsa bunu verməyəcək. Bazar iqtisadiyatına keçmiş
ölkədə bu cür bərabərlik işarəsi qoymaq nə dərəcədə doğru olar? Bunları ona görə
söyləyirəm ki, biz bəzən sahibkarın üstünə gedə bilmirik ki, sən orda qanunlara
hörmət elə, başlayırıq ümumi təbliğat kampaniyası aparmağa. O ki, qaldı Həcc
ziyarətinə, burda da artıq eybəcərliklərə əl atılmasına başlanılıb. Bir də
görürsən ki, kimsə gedib o Müqəddəs yerlərdən özü öz şəklin çəkib göndərir Bakıya ki, qoy baxsınlaar bu adam hardadır. Halbuki həmin məqamda o bütün varlığıyla, ruhuyla Allahına bağlanmalıdır.
Yəni orda olan adam ibadətdən savayı başqa nə düşünə bilər ki? Amma təəssüf
ki, ora reklam naminə gedən də var. Belələri də var, amma əksəriyyət inanclı
insanlar Kəbəyə Allah qarşısında günahlarını yumağa gedirlər. Ona görə də bu məsələdə bir qədər ehtiyatlı olmalıyıq. Mən bilirsiniz nədən qorxuram? Azərbaycanda dini
ekstremizm güclənir, ölkədən xeyli sayda gənclər gedərək terror təşkilatlarının
tərkibində döyüşürlər. Biz bunun qarşısını ala bilmirik. Yəni Azərbaycanda
münbit baza var ki, İŞİD burdan əsgər yığdığını bəyan edir. Hesab edirəm ki,
diqqəti daha çox bu məsələlərə yönəltməliyik.































































































