“Hacıbala Abutalıbov arzumu ürəyimdə qoydu”

“Hacıbala Abutalıbov arzumu ürəyimdə qoydu”

Hazırda oxunan: “Hacıbala Abutalıbov arzumu ürəyimdə qoydu”

49777

Bir zamanlar şou ”“ biznesin Azərbaycanda yaranmasında böyük rolu olan insanlardan biri də Qorxmaz Əlilicanzadə olub. “Şou Əlili” adlı verilişi ilə tamaşaçı qarşısına çıxan Qorxmaz bəy artıq uzun müddətdir səhnədən, şou-biznesdən uzaqlaşıb. Onun Moderator.az-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

-Qorxmaz bəy, insanlar sizi şou ”“ biznes nümayəndəsi kimi qəbul ediblər.  Sonralar bu sahədən uzaqlaşdınız. Gedişiniz sirr deyil ki?

-Mən şou-binesdən uzaqlaşmadım, sadəcə məni kənarlaşdırdılar.

-Kim idi ki, sizi uzaqlaşdıran?

-Allah hamının canın sağ eləsin. Heç kim məni maraqlandırmır.

-Indi də istərdinizmi şou-biznesdə olasınız?

Yox, əvvəla mən indi şou- biznesdə olsaydım belə bazar olmazdı. Əgər telestudiyanın rəhbərliyi mənə verilsəydi, bütün bu özbaşınalığa, yerli- yersiz danışıqlara son qoyardım. Qalmaqalları, səviyyəsizlikləri aradan qaldırardım. Bütün bu eybəcərliklərin yaranmasına da səbəbkar jurnalistlərdir, mediadır. Indi jurnalistlər ifaçıların sənətini yox, onun görünməyən tərəflərini, özəl həyatlarını işıqlandırırlar. Axı tamaşaçıya bunlar yox, müğənninin sənəti lazımdır. Indi şou ”“biznesi bazar ediblər. Şəxsi həyat gündəmə gəlir, mədəniyyət qalır kənarda.Ola bilər dünya ölkələrində belədir, amma bizdə bu cür olmalıdır deyə bir qanun yoxdur.Bunlar hamısı Azərbaycan incəsənətinin səviyyəsini aşağı salır, həm də ifaçıları insanların gözündən salır.

-Axı indi tamaşaçılar tək ifa ilə kifayətlənmir, ifaçının özəli də ona maraqlı gəlir...

-Bu tamaşaçıların bir qüsurudur. Biz də bununla mübarizə aparmalıyıq. Tamaşaçı sevdiyi ifaçı haqqında hər şeyi bilmək istəyir. Amma bu o demək deyil ki, mən şəxsi həyatımı göz önundə qoymalıyam. Siz jurnalistlər də bizləri qorumalısınız, insanların bu mənfi cəhətinə qarşı mübarizə aparmalıyıq.

-Müğənnilər reytinq toplamaq üçün özləri şərait yaradırlar ki, jurnalistlər onların özəl həyatlarını canlandırsın.

-Bu müğənnilər incəsənt insanı deyil. Onun nə səsi, nə də ki, oxumaq qabiliyyəti var. Bu insanlar belə yollarla özlərini gündəmdə saxlamaq istəyirlər. Sənəti olan insan sadə, təvazökar, başıaşağı olur. Efirə çıxıb ancaq mən - mən demir, iki mahnı oxuduqdan sonra özünü məhşur, öz sözünü demiş bir sənətkar kimi təqdim etmir. Biz vətəndaş, Azərbaycan, abır- həya sözünü unuduruq. Bunların günahkarı jurnalistlərdir. Mən onlarla mübarizə aparıram. Bu təkcə şou biznes sahəsinə aid deyil. Indi müxalifət saytların açırsan, birinci xanım və ya prezident haqqında lazımsız sözlər yazılır. Mən bunun əleyhinəyəm. Biri var ev içi söhbət, bir də var el içi söz. El içi sözü danışmaq olar, amma ev içi söhbətlər kənara çıxmamalıdır.

-Siz bütün günahı jurnalistlərdə görməyin.

-Mən sizinlə razıyam, bütün bunların başında media rəhbərliyi dayanır. Onlar özləri jurnalistlərdən tələb edirlər ki, qalmaqallı, söz ”“ söhbətli xəbərlər hazırlasınlar. Indi medianın başında duranlar da reytinqli xəbərlər arxasınca qaçırlar.

Mən dediyim budur ki, əgər sənətkarın sənəti varsa onu gündəmə gətirmək lazımdır. Sənəti olmayan insanı isə heç bir vəchlə görüntüləmək lazım deyil. Indi sənəti olmayan və gündəmdə olan insanların populyarlığı “it populyarlığıdır”. Yəni sənəti olan insanların məhşurluğu isə “sənətkar populyarlığıdır”. Bilirsiniz, insanların psixologiyasını jurnalistlər və gündəmdə olan insanlar formalaşdırır.

Indi yaxşı mütəxəssis tapmaq çətindir. Yaxşı rejissora, aktyora, hətta həkimə belə ehtiyacımız var. Indikilərin çoxu pulla inustitut oxuyub diplom alıb. Bütün bunlarla jurnalistlər mübarizə aparmalıdır.

-Qorxmaz bəy, sizi səhnədən kim uzaqlaşdırdığı haqqında demədiniz axı...

-Telestudiyada bir qanun var. Birini vəzifəyə qoyan kimi, özünü oranın sahibkarı hesab edir. Belə bir fikir formalaşır ki, istədiyi insanı studiyaya getməyə qoyar, istəmədiyin isə kənarlaşdıra bilər. belə çıxır ki, onlar orda mafiya qurublar. 1996 ”“ cı ildən məni şou -biznesdən uzaqlaşdırdılar. Mənə sözləri bu oldu ki, nə qədər tamaşan varsa, hamısını oyna, çıx get. Onlara lazım idi ki, yaltaq olasan, üzlərinə güləsən, onların sözün deyəsən. Məndə isə bu xasiyyət yoxdur. Nədi -nədi bir dəfə salam verməmişəm, hansı isə veriliş haqqında "zəifdir" sözünə görə indi televiziyaya həsrət qoyublar.

-Polad Bülbüloğlu ilə münasibətiniz niyə soyudu ki?

-Onunla normal münasibətimiz var idi. Bir vaxtlar o İqor Kiyonu Azərbaycana gətirmişdi. Mən də dedim ki, bu nədir bu qədər pul verib “xaltura” nı gətirir. Bu sözü də kimsə ona çatdırıb. Sonra bir dəfə mənimlə görüşəndə dedi ki, səndən küsmüşəm. Səbəbini soruşanda dedi ki, sən mənim haqqımda belə demisən. Əziyyətimi yerə vurursan. Mən də cavab verdim ki, olanı demişəm də. O qədər pul verirsən, yeni istehsal gətir də. Bundan sonra onun mənimlə soyuqluğu davam edir.

-Çox ifaçılarımız Xalq artisti adına layiq görülüb. Sizcə indi ifaçılar layiqincə qiymətləndirilirmi?

-Kimsə bu adı alan ifaçılara nəsə dedi, qayıtdılar ki, sən bizə yox, prezidentə sataşırsan. Çünki bizə bu adı o verib. Biz bu ada layiq olmuşuq ki, bu adı veriblər bizə.

-Kimlər bu ada layiqdir, kimlər yox?

-Vallah mən ad çəkmək istəmirəm. Gəlsinlər otursunlar özlərinə deyim ki, sən bu ada layiq deyilsən filan səbəbə görə. Amma arxaca danışmaq mənlik deyil.  Indi ifaçıların çoxunun səsi yoxdur, sözləri düzgün tələffüz etmirlər. Zeynəb xanım, Rübabə xanım yaxşı hazırlaşardılar, bir dəfə də girib studiyaya oxuyub çıxardılar. Indi Xalq artisti dediklərimiz cümlə- cümlə oxuyurlar.

Amma yaxşı ifaçılarımız var ki, bu ada layiqdirlər. Məsələn, Sevda Ələkbərzadə, Manana, Elton, Zamiq Huseynov, Mübariz Tağıyev, Röya- bunlar bu ada, Əməkdar artist adına layiqdirlər.

-Soyadınız əvvəl Əlili idi, indi dəyişilib Əlilicanzadə olub. Buna səbəb nə oldu?

-Demişdiniz elmlə bağlı suallarla gəlirəm, elmdən başqa hər sual var.

-Qorxmaz bəy, yavaş - yavaş elmə doğru gedirik.

-Musiqili  komediya teatrına bir oğlan gəldi. Soyadı Əlili idi. Mənə dedi ki, bizim soyadımız elə ata-babadan Əlili olub. Xəbər yayıldı ki, güya bu mənim oğlumdur. Bundan sonra hamı oldu Əlili. Bu cəhənnəm, bir gün gömrükdə bir qız tutublar. Sən demə bu qız da Dubayda qadın alveri üstündə tutulubmuş. Bundan soruşurlar ki, sən Qorxmaz Əlilinin bacısısan? Bu da canın qutarmaq üçün deyir onun bacısıyam. Bundan sonra sənədlərimi topladım getdim ərizəmi verib soyadımı dəyişdim. Əlilicanzadə etdim.

-Rüstəm Behrudi ilə qalmaqalınız olmuşdu. Ara sakitləşdimi?

-Onun Bakı haqqında şeiri var idi ki, Bakı fahişələr şəhəridir. Mən də ona cavab yazdım ki, elə yaxşı işdir get öz yaşadığın kəndi fahişələr kəndi et də. O söhbəti fırlatdı ki, güya məcazi mənada yazıb. Bilirsiniz, onun sözü hakimiyyətə idi, arada Bakını vurdu. Bir atalar sözü var- “Sözün ulağadır, palanı niyə vurusan?” İndi onun da sözü hakimiyyətə idi, şəhərə niyə yazırdı ki. Məgər Bakı şəhəri nazirin mülküdür ki? Bu xalqın şəhəridir.

-Amma deyirlər bu şeir Bakı haqqında yazılmış ən gözəl şeirdir.

-Zövqlər müxtəlifdir. Hər kəsin öz səviyyəsinə görə zövqü də olur. Bu zövqə görə də qiymət verilir. Sonra Rüstəm Behrudi bir bəyənat verdi ki, Qorxmazın səviyyəsi nədir ki, o mənim şeirimi anlasın.

Mən də cavab verdim ki, o gəlsin mənimlə əruz vəznindən danışsın, görüm bu haqda anlayışı var, ya yox. Şairdir də, otursun Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin şeirin oxusun görüm oxuya bilir. Cavab gəlmədi, gəlməz də. Rüstəm Behrudi də Əkrəmsifətdir, amma Əkrəmin yanında heçnədir. Onlar yedikləri qaba tüpürəndirlər. Onlara çörək verən, onlar üçün hər şey edən dövlətə qarşı çıxırlar. Bu akademiyanın rəhbəri mənə qapısın açıb. Vəzifə, otaq, çörək verib. Mən sabah necə durub bu adam haqqında ağzıma gələni danışa bilərəm. Bunu edərəmsə gərək birdəfəlik ərizəmi yazıb işimi tərk edim.

-Şou ”“ biznesdən uzaqlaşdırılandan sonra işsiz qaldınız. Sonra necə oldu?

-1995 ”“ ci ildən mən işsiz qaldım. Mənə gələn təklifə əsasən "Azərlotereya"da çalışmağa başladım. Bəxtimdən buranın da müdirin dəyişdilər. Yeni müdir gələndən sonra məni gözümçıxdıya saldı. Mənim üzümə qarşı dedi ki, sənin bu qədər maaş almağın məni yandırır. O anlamadı ki, lotonun adı mənimlə bağlı idi. O zaman 250 ”“ 300 min loto bileti satılırdısa, indi bu məbləğ  50- 60 minə düşüb. Sonra ona deyiblər ki, Qorxmazı qaytar işinə. O da cavab verib ki, mən işdən çıxaram, amma onu bura qaytarmaram.

-AMEA- ya gəlməniz haqda danışaq. Necə oldu ki, şou-biznesdən məhz akademiyaya gəldiniz? Şou ”“ biznes hara, alimlik hara?

-Eltəkin müəllim məni bura dəvət etdi. Artıq neçə ildir ki, burda çalışıram. Elmi Şuranın üzvüyəm.

-Hər halda gəliriniz şou-biznesdə olan qədər deyil...

Əlbəttə ki, o vaxtlar gəlir yaxşı idi. Toylara müəyyən məbləğə gedirdik. O vaxtlar toy ”“ biznesi bu qədər inkişaf etməmişdi. Bilirsiniz, indi həftəbecər olub. Toy mahnıları gəlib efirə yayılıb. Hər mahnının öz yeri var. Toy mahnılarını efirdə səsləndirmək olmaz. Efirdə sənət olmalıdır, toyxana mahnısı toyxanada qalmalıdır.

Indi vallah yaxşı rəqqasələr də qalmayıb. Gözəl rəqqasə idi Afaq Məlikova, Təranə Muradova. Heç Məryəmi də mən peşəkar saymıram. Rəqqasə Fatimədir, Aytəndir, onların rəqsi yoxdur. Hind rəqslərini bir Oksana yaxşı oynayır.

Hələ muğam ifaçıların demirəm. Nəzakət Teymurova orta səviyyədə oxuyur, Aygün Bayramovanın oxuduğu mənə çatmır. Gülüstan Əliyeva isə xaric oxuyur. Elnarə Abdullayeva yaxşı muğam ifaçısıdır. Amma bir az mərsiyəyönlüdür. Yaxşı olar ki, muğama mərsiyə qatmasın. Alim Qasımov gözəl ifaçıdır. Amma sözləri bəzən düzgün tələffüz etmir.

-Sizcə müasir gülüş ustaları güldürməyi bacarırlarmı?

-Rafael və Coşqun bacarırlar. Onlar bunun məktəbin keçiblər. Fərdadır, Müşviqdir, bunlar məni güldürmür. Amma xalqı güldürüb reytinq toplayırlar da. Indiki gənclər "Hicran" tamaşasını, "Qaynana"nı bəyənmir. Amma sizə deyim ki, 50 ildən sonra insanlar yenidən Nəsibə Zeynalova və onun kimi digər sənətkarları axtaracaq.

-Bir az elmi yaradıcılığınızdan danışaq.

-Elmi yaradıcılıq dedikdə mən Azərbaycanda ilk dəfə olaraq Estradaşünaslıq janrınıın əsasını qoymuşam. Mənim məqaləm Milli estrada sənətinin yaranma tarixi və təşəkkülündən bəhs edir. (qədim dövr və erkən orta əsrlər).  İndi də doktorluq işi yazıram (milli estrada sənətinin inkişaf mərhələləri). Bu da 12 ”“ci, 20 ”“ci əsrləri əhatə edir. Ümumiyyətlə bir fikir var ki, estrada tearın bir qoludur. Amma belə deyil. Estrada sənəti üzərində insanın şəxsi, fərdi istedadının nümayişi əmələ gəlir, bundan sonra bunlar cəmləşib mükəmməl bir formaya gəlib çatıblar. Nəticədə teatr yaranıb. Mənim araşdırmamın məğzi şahların dövründəki mədəniyyətindən, saraylardakı mərasimlərdən ibarətdir. Belə bir fikir formalaşıb ki, güya bu saraylarda əyyaşlıq hökm sürüb, fahişəlik mövcud olub. Amma bu belə deyil. Saraylarda gələn qonaqlar üçün gözəl konsertlər verilib, ölkənin ən gözəl xanəndələri milli musiqilərimizi ifa ediblər. Bu sahədə çox böyük araşdırmalar gedir. Bir kitabım çıxıb bu sahədə, ikinci kitaba hazırlaşıram. Arzulayıram ki, estrada sahəsi ayrılsın. Bu sahə ayrıca qrif almalıdır. Istəyirəm ki, estrada teatrı yaransın.

-Bir vaxtlar sizin belə teatrınız var idi axı.

-Bəli, o vaxtlar müstəqil idim. Dövlət mənə 2 ha torpaq sahəsi ayırmışdı. Mən adam tapa bilmədim ki, bu teatrı tiksin. Hacıbala Abutalubov həmin yeri mənim əlimdən aldı.

-Heç ondan çıxmaz iş...Buna görə şikayət etmədiniz?

-Kimdir mənim şikayətimə baxan? Prezidentə şəxsən məktub çatmır. Orda bu sahə üzrə mütəxəssilər ayrılıb. Onlar da baxırlar şikayət hardandır, yenidən məktubu göndərirlər həmin idarəyə. Hacıbala mənim arzumu ürəyimdə qoydu. Mənə dedi ki, Azdramaya gedən yoxdur heç, nəyimizə lazım teatr. Bir sözlə, teatr tikmək alınmadı...

Lalə Novruzlu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO