İraqın ərazi sularında iki neft tankerinə edilən hücumdan sonra ölkənin neft limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, 38 nəfər isə xilas edilib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İraq Limanları İdarəsinin rəhbəri Farhan al-Fartousi bildirib ki, Fars körfəzində baş verən hücum nəticəsində iki xarici neft tankerində yanğın baş verib. Xilasedicilər hadisə yerindən 38 ekipaj üzvünü xilas edə bilsələr də, bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.
İraq Silahlı Qüvvələrinin Birləşmiş Operativ Komandanlığının sözçüsü, general-leytenant Saad Maan isə hücumun İraqın ərazi sularında baş verdiyini bildirib. Onun sözlərinə görə, bu hadisə ölkənin suverenliyinin pozulması deməkdir və hökumət münaqişənin tərəfinə çevrilməmək üçün bütün səylərini göstərir.
Bu arada İranın dövlət televiziyası gecə saatlarında Fars körfəzində sualtı pilotsuz aparatın iki neft tankerini partlatdığını bildirib.
Məlumata görə, yanğın baş verən gəmilər Malta bayrağı altında üzən “Zefyros” və Marşal adaları bayrağı altında üzən “Safesea Vishnu” tankerlarıdır. “Safesea Vishnu” tankerinin qeydiyyatdan keçmiş sahibi ABŞ-ın Safesea Transport Inc. şirkəti, “Zefyros” tankerinin sahibi isə Yunanıstanda yerləşən şirkətdir.
Müşahidə məlumatlarına əsasən, yanğın baş verən zaman hər iki gəmi Fars körfəzində bir-birinə yaxın məsafədə lövbər salmış vəziyyətdə olub. Hadisədən sonra təhlükəsizlik səbəbilə İraqın neft limanlarının işi dayandırılıb.
Bizim.Media






























































































