Bakıda qatarla su daşıyan yük avtomobilinin toqquşması nəticəsində sürücü ölüb.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Qala Qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə ərazisində qorunmayan keçiddə Biləcəri lokomotiv deposuna məxsus tərkibində 38 ədəd boş qoşqulu çən olan elektrovozla Şərur rayon sakini 1981-ci il təvəllüdlü Rövşən Sultanovun idarə etdiyi “KamAZ” markalı su çəni daşıyan yük avtomobili toqquşub.
R.Sultanov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
*** 11:00
Qala qəsəbəsində yük maşını qatara çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobilinin hərəkətdə olan qatara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1981-ci il təvəllüdlü Soltanov Rövşən Ədalət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bizim.Media


























































































