Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Teymurov Pəncəli Nurməmməd oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunub.
Bizim.Media xəbər verir ki, Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub.
MÖVZU İLƏ BAĞLI:
Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı ADI VERİLDİ
1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub.
Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.
Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Amma Pəncəli doğmalarının,elin,obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi:
"Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".
Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib. O, 3 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhadətə yüksəlib.
Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınıb.
Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Bizim.Media
























































































