“Rusiya ciddi itkilər verdikcə danışıqlar masasına oturmağa məcbur qalacaq”.
Bizim.Media xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski səsləndirib.
O, xüsusilə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən həyata keçirilən və “Hörümçək toru” (Паутина) adlandırılan genişmiqyaslı əməliyyata toxunaraq vurğulayıb ki, bu hücum Ukraynanın dərin zərbələr endirmək qabiliyyətində olduğunu nümayiş etdirdi:
“Bu isə yalnız Ukraynanın müdafiəsini deyil, bütövlükdə Avropanın təhlükəsizliyini də gücləndirir”.
Zelenski əlavə edib ki, əgər Rusiya Belarus ərazisindən yeni hücumlar hazırlayırsa, bu, Ukrayna kəşfiyyatının məlumatlarında da əksini tapir: “O zaman Qərb müttəfiqləri dəstəyini dərhal gücləndirməlidir”.
Prezident həmçinin vurğulayıb ki, silah istehsalı müharibənin taleyini həll edən əsas amildir:
“Ukraynanın gücləndirilməsi həm müharibənin bitməsi, həm də onun daha geniş miqyasda yayılmasının qarşısını almağın yoludur”.
Xatırladaq ki, iyunun 1-də həyata keçirilən “Hörümçək toru” əməliyyatı çərçivəsində Ukrayna tərəfindən Rusiyanın dərin arxa cəbhəsində yerləşən beş hərbi hava bazasına genişmiqyaslı pilotsuz zərbələr endirilib.
Bu hücumlar nəticəsində Tu-160, Tu-22M3 və Tu-95 tipli azı 41 hərbi təyyarə məhv edilib və ya sıradan çıxarılıb. İlkin qiymətləndirmələrə əsasən, Rusiya bu əməliyyat nəticəsində 7 milyard dollardan çox zərər görüb. Bu, Rusiyanın strateji aviasiya potensialının təxminən üçdə birinə bərabərdir.
Analitiklərin fikrincə, bu əməliyyat Rusiya ordusunun Ukrayna ərazisinə uzaqmənzilli raket və dron hücumları həyata keçirmək imkanlarını da müəyyən müddətə zəiflədə bilər.
Bizim.Media