Ötən gün axşam saatlarından etibarən Gəncə şəhərinə yağan ilk qar nəticəsində şəhərin mərkəzi küçələri buz bağlayıb.
Qərb Regional Hidrometerelogiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, qar şəhər ərazisində 3 sm qədər yağıb.
Yollarda və səkilərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları gücləndirilmiş iş rejimində çalışıb. Səhər saatlarından etibarən Gəncə şəhərinin küçə və prospektlərində texnikalar vasitəsilə qum-duz qarışığı səpilərək yollar qardan, buzdan təmizlənib.
Şəhər İH yanında FHK-dan verilən məlumata görə, qarlı və şaxtalı hava şəraitilə bağlı kommunal xidmətlərin göstərilməsində fasilələr qeydə alınmayıb.
MKTİB-in canlı qüvvəsi və müxtəlif təyinatlı yeni texnikaları ilə növbəlilik əsasında hava şəraitinə uyğun profilaktik tədbirlər davam etdiriləcək.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu