“Teatrların normal tamaşa qoymağa maliyyəsi yoxdur” – Mehriban Ələkbərzadə

“Teatrların normal tamaşa qoymağa maliyyəsi yoxdur” – Mehriban Ələkbərzadə

Hazırda oxunan: “Teatrların normal tamaşa qoymağa maliyyəsi yoxdur” – Mehriban Ələkbərzadə

94219

“İstənilən bir formatda teatrların işini qurması üçün ilk öncə maliyyə lazımdır. Teatrların normal tamaşa qoymağa maliyyəsi yoxdur və  şəxsi bazasından tamaşa qoyması mümkün deyil”.

Bu fikirlər Gənc Tamaşaçılar Teatrına yeni təyin olunan baş rejissor, əməkdar-incəsənət xadimi Mehriban Ələkbərzadəyə məxsusudur. O, Bizim.Media-ya verdiyi özəl müsahibədə teatrın yeni repertuarından danışıb. Həmçinin teatr mühitindəki problemlərə də aydınlıq gətirməyə çalışıb.

- Yeni təyin olunmuş baş rejissor kimi yeni kollektivlə işləmək sizə çətin olmur ki?

- Mən istənilən kollektivlə işləyə bilərəm, çünki 20 ilə yaxın “Akademik Milli Dram Teatr”-da işləmişəm. Bundan sonra isə Musiqili Teatrda tamaşalar hazırladım. Daha sonra “Yuğ” teatrında baş rejissor işləmişəm. Böyük mənada bizdə teatrların estetik prinsiplərində xeyli qarışıqlıq var. Hər teatrın özünə məxsus repertuarı olmalıdır.

Həmçinin bir teatrın aktyor truppası digərlərindən fərqlənməlidir. Azərbaycan teatrında isə bu yoxdur. İstənilən bir formatda teatrların işini qurması üçün ilk öncə maliyyə lazımdır.

Teatrların normal tamaşa qoymağa maliyyəsi yoxdur və  şəxsi bazasından tamaşa qoyması mümkün deyil. Sənət sevgisi adətən yaradıcı heyyətdə aktyorda və rejissorda olur, amma bu gün teatrımızda texniki heyyəti də saxlayan maddiyyat yox, məhz sənət sevgisidir. 
- Teatrların maarifləndirmə missiyası sizcə, nə üçün kommersiyaya uduzur?

- Çünki teatrlar tamaşaçıya estetik maariflənmə verməyin yollarını axtarmırlar. Maariflənmənin də yolu olmalıdır. Gənc tamaşaçıların maariflənməsi ilə akademik maariflənmənin yolları tam fərqlidir.

Gənc Tamaşaçılar Teatrı ortaq keçid nəsli üçün işləyən bir teatrdır. Biz yüksək fəlsəfi  və siyasi teatrla qidalanan tamaşaçılar üçün işləmirik. İş prinsipimiz formalaşmağa doğru gedən tamaşaçılara yönləndirilməlidir.

Repertuar siyasətində teatrların biri digərinin proqramına girməməlidir. Teatrımızda bu yaxınlarda nümayiş olunacaq “Mauqli” tamaşası artıq kuklaya baxıb nağıl qəhrəmanlarına sevinən uşaqlardan çox, nağıl qəhrəmanlarını dərk etmək istəyən kütləyə yönəlib. İstənilən halda bu belə olmalıdır. 

Yenidən qurmaq və doğrusunu etmək çox böyük acılar bahasına başa gəlir. Şəxsi nifaqdan tutmuş, ümumi iş prinsiplərinə qədər. Bunları etmək üçün isə zaman lazımdır.
- Mehriban xanım, məhz bu strategiyanı nəzərə alaraq, yeni mövsümdə GTT-nın reperturaını necə qurmusunuz? 

- Gənc Tamaşaçılar Teatrı bir il müddətində təmirdə oldu. Mən mart ayından burada baş rejissor olaraq çalışıram. Təmirlə əlaqədar olaraq tamaşaların təhvil-təslimində gecikmələr var.

Çexovun “Qağayı” əsəri əsasında qurulan tamaşa mövsümün sonunda təhvil verildi və biz təmirdən sonra bu tamaşanı öz binamızda məşq etmək imkanı qazandıq. Teatrın ən produktiv və yeni işlərindən biri kimi mövsümü məhz bu tamaşa ilə açacayıq.

Tamaşa özü ilə bərabər mübahisə gətirirsə, bu o deməkdir ki, artıq müəyyən maraqlı düşüncə tərzi təqdim olunur. “Qağayı” tamaşası yeni mövsümdə hazır olan yeganə tamaşamızdır.

Bundan əlavə teatrmızın dövlət sifarişi əsasında hazıranan növbəti tamaşası “Mauqli”-dir. Bu tamaşadan çox böyük gözləntilərimiz var. “Mauqli” əslində kreativ bir yanaşma vəd edir. Bu əslində Kiplinqin özünə yeni bir baxışdır. Rejissoru Elşad Rəhimzadədir. Elşadın çox maraqlı bir dəsti-xətti var.
Həmçinin teatrımızda “Zəfər İl”-i ilə bağlı müsabiqə elan etdik. Bu müsabiqədə İlqar Fəhminin “Balaca kişilər”əsəri qalib oldu. Bəzi səbəblərdən dolayı tamaşanın hazırlanması gecikə bilər, lakin tarixi yaşatmaq bizim borcumuzdur. 

Digər bir tamaşamız isə mənim rejissorluğum ilə hazırlanan və hazırda məşqləri gedən “Kod Adı VXA” tamaşasıdır. Tamaşa 1937-ci ilin represiyalarından bəhs edir. Tamaşa GTT-nın bütün heyyətini buruda işləməyə sövq edir.

Bu həm 30 oktyabrda represiya qurbanlarının il dönümünə, həm də Əhməd Cavadın 130 illiyinə həsr edilib. Ancaq 1937-ci ildə Azərbaycandan 2846 nəfər represiyaya məruz qalıb. ALJİR-də 26 min qadın məhbus olub və biz tamaşadaonlardan cəmi 37 qurbanın həyatından danışacayıq.

- Bu cür tarixə köklənən tamaşaların teatra geniş izləyici kütləsi gətirəcəyinə inanırsınızmı?

- Təbii ki, bu tamaşa kommersiya tamaşası olmayacaq. Amma “Kod Adı VXA”tamaşasının gənclərə verdiyini mənəvi duyğular başqa heç bir tamaşa verməycək. Amma bəzən rejissor öz praqnozunda yanıla da bilər.

Misal üçün, mən Nəsiminin “Mənəm mən” tamaşasını hazırlayanda Azərbaycan tamaşaçının Nəsimi ilə bağlı içindəki sualllara aydınlıq gətirməyə çalışmışdım. Digər kommersiya tamaşalarından fərqli olaraq bura xeyli axın olmuşdu. 
Bütövlükdə bu gün tamaşaçı teatra gəlib orada başqa dünyalar görmək istəyirmi? Bu sualın cavabını isə mən demək istəmirəm.

Bizə indi bəllidir ki, sənət dünya sirri ilə bizim aramızda anlaşma yoludur. Bu, ruhun uçuşudur, bu daha başqa dünyaların, mövcudiyyətlərin dərki üçün seanslardır. Teatr ruhunu ömründə gedə bilməyəcəyin yerlərə aparır. Hətta film belə bu imkanı teatr qədər vermir. Teatr əslində RUH uçuşu meydanıdır. Həvəsli ...xüsusi teatra sevgisi olan tamaşaçıları gözləyirik....Biz onlar üçün  çalışırıq.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO