Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Xəzinə” ilə bitirdi - FOTO

Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Xəzinə” ilə bitirdi - FOTO

Hazırda oxunan: Sumqayıt Dövlət Dram Teatrı mövsümü “Xəzinə” ilə bitirdi - FOTO

83675

Sumqayıt Dövlət Dram Teatrında 54 cü mövsümün bağlanışı “Xəzinə” tamaşası ilə gerçəkləşdi. Tamaşadan əvvəl teatrın rəhbərliyi adından əməkdar artist Vidadi Məmmədov teatrın keçdiyi məhsuldar yaradıcılıq yolundan və son mövsümdəki uğurlardan danışıb.

Teatrın baş rejissoru, respublikanın xalq artisti Firudin Məhərrəmov yaradıcı heyəti bir daha tamaşaçılara təqdim etdi və teatrın yaradıcılıq konsepsiyasında peşəkarlığın önəmli şərt olduğunu vurğuladı.
Tamaşanın müəllifi Hafiz Ataxanlı isə bu gün mənəvi dəyərlərin tarixi mədəni irsin təbliğinə yönəlik əsərlərin gənc nəslə aşılanması zəruriliyini qeyd etdi. 

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn, Hafiz Ataxanlının müəllifi və Firudin Məhərrəmovun quruluşçu rejissor olduğu tamaşa anşlaqla keçib.

Qeyd edək ki, “Xəzinə” tamaşası mütəfəkkir şair Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında qələmə alınıb.

Nizami konsepti şairin yaradıcılığının məhvərində dayanan insan və ağıl fəlsəfəsi saat yarımlıq epik pritçada mükəmməl şəkildə özünün səhnə təqdimatını tapıb. Tamaşanın zəngin və peşəkar bədii tərtibatı, işıq, musiqi  və səs effektlərinin mükəmməl vəhdəti zaldakıları klassik auraya aparıb.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, icraçı rəssamı isə Nizami Dadaşovdur.

Plastik həll Vüsal Mehrəliyevə, musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevə məxsusdur.

Obrazları əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Siyavuş Mahmudov, Oqtay Mehdiyev, Akif Mirzəyev, Habil Xanlarov, Vəfa Qurbanova, İlahə Səfərova, Aynur Hümbətova, Məryəm Hüseynli, Ümid Abbas, Şəmistan Süleymanlı, Kamran Muradlı, Ramazan Xanlarov və Rövşad İlyasov canlandırıblar.
Alqışlarala qarşılanan tamaşadan sonra sahibkar Şahin Məmmədov, xalçaçı rəssam Fazil Abbasquluzadə, şair Zirəddin Qafarlı, professor Avtandil Ağbaba və başqaları rəy söyləyib, yaradıcı heyətə yeni mövsümdə uğur arzulayıblar.

Surxay Atakişiyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO