“Mən onların yerinə utanıram” – Xalq artistindən həmkarlarına SƏRT SÖZLƏR 

“Mən onların yerinə utanıram” – Xalq artistindən həmkarlarına SƏRT SÖZLƏR 

Hazırda oxunan: “Mən onların yerinə utanıram” – Xalq artistindən həmkarlarına SƏRT SÖZLƏR 

80955

“Zəmanə insanları yox, insanlar zəmanəni korlayıb”.

Xalq artisti, sevilən ifaçı Nisə Qasımova uzun müddətdir efirlərdə görünməməsinin səbəblərinə aydınlıq gətirib. 

O, Bizim.Media-ya verdiyi özəl açıqlamasında söyləyib ki, hazırda səhhəti ilə bağlı heç bir problem yoxdur və musiqi fəaliyyətini bəzi səbəblərə görə əyləncəli şou proqramlarda və toylarda davam etdirir. 

“Bu il may ayında ifaçılıq fəaliyyətimin 50 ili tamam oldu. “Sənətkar” sözü xoşuma gəlmir və ünvanıma heç vaxt bu sözü deməmişəm, heç deməyəcəyəm də. Mən özümü işin icraçısı adlandırıram. Efirlərdə görünməməyimin bir çox səbəbləri var. Hazırda efirlərə dəvət alıram. Amma kanalların dəvəti ilə, ayrı-ayrı verilişlərin dəvətlərində ciddi fərqlər görürəm. 

Adətən əvvəllər efirlərdə formatı kanalın rəhbərliyi müəyyən edirdi. İndi isə bunu aparıcı özü müəyyənləşdirir. Efirlərə çıxdığım zaman gördüm ki, hansısa gənc ifaçıya verdikləri sualları mənə də verirlər. Axı siz mənim stajımdan və sənət fəaliyyətimdən istifadə edib niyə buna uyğun suallar vermirsiniz? Mövzu ilə bağlı suallar versinlər, biz də buna aydınlıq gətirək”. 

Xalq artistinin sözlərinə görə, AZTV-ni çıxmaq şərtilə, bu gün bir çox kanallarda geriləmələr var: 

“Bununla bağlı daha bir faktı diqqətinizə çatdırım ki, sənətimin bütün incəliklərinə bələd bir ifaçıyam, amma məni ictimai verilişlərə ekspert kimi dəvət edirdilər. Mən isə həmişə ictimai mövzulardan qaçıram. Bəzi verilişlərə əvvəllər ekspert kimi dəvət olunmuşdum, getmədim, çünki mən kimisə tutduğu əmələ görə qınaya və ya tanımadığım bir insanı yalandan tərifləyə bilmərəm. Efir xatirinə görünməyi isə ümumiyyətlə xoşlamıram”. 

Sənətçi açıqlamasında son zamanlar musiqi sahəsində bayağı ifaların çoxalmasını, hətta gənc bəstəkarların da bəstələrini reytinq gətirən musiqilərə köklədikləri üçün ifa etməyə normal mahnı tapmaqda çətinlik çəkdiyini bildirib: 

“Son zamanlar zövqlü musiqilərin öz yerini sadəcə texnikaya köklənən asan ifalara verməsi və çox az bir müddət sonra unudulan ifaların çoxalması sənətimi bilən bir insan kimi məni narahat edir.  Gənc bəstəkarlara oxumaq üçün musiqi sifariş etmişdim. Bəzilərinin sözləri, bəzilərinin isə musiqiləri məni qane etmədi. Açığı qulaq asanda xeyli utandım ki, dillərə dastan olan zövqlü Azərbaycan musiqisi indi hansı səviyyəyə gəlib çatıb?  

Tutarlı bir musiqi ilə efirlərə çıxmalıyam ki, dünənki adım və statusumla, bu günkünün arasında fərq qoymayım. Bu səbəblə də hələ efirlərə çıxmıram. Sənətçinin zövqlü materialı və deməyə sözü olmalıdır ki, o efirlərə çıxsın və heç kimin əsəblərinə toxunmasın. Mən indi özümü tam olaraq buna hazır bilmirəm”. 

“Mən onların yerinə utanıram” 

Nisə Qasımova bəzi müğənni həmkarlarının davranışlarından utandığını da bildirib: 


“Bəzi həmkarlarımı efirlərdə izləyirəm və görürəm ki, çox “mənəm-mənəm” deyirlər. Müasirlik adıyla geyindiyi geyimlər ortadadır. İfalarına gəlincə isə, açığı onların yerinə utanıram. Yenilik adı ilə tipik musiqilər ifa etmək və o qədər özündən razı şəkildə çıxış edərək, “mən-mən” demək olmaz. Ortaya ciddi iş və sənət qoymaq lazımdır”. 

Sənətçi son vaxtlar sosial şəbəkələrdə hökm sürən açıq-saçıqlıqdan da şikayətlənib: 
 

“Sosial şəbəkələrə baxanda, övladlarımın yanında instaqramı açıb görəndə ki, tanıdığım filankəs çox açıq klip çəkib, mən uşaqların yanında utanıb qızarıram. Belə insanların yanında çıxıb “mən də varam, yaşayıram və oxuyuram” deməyi özümə rəva bilmirəm. 


Azərbaycanda çox ləyaqətli ailə adət-ənənəsi var. Hər bir qızın atası və hər atanın qızı, gəlini var. Biz onlara ədəbsizlik göstərərək, çılpaq klipləri nümayiş etdirərək, “gəlin, siz də bizə qoşulun” - deyə bilmərik. Belə bir deyim var - zəmanə insanları korlayıb. Mən isə bunun əksinə düşünürəm ki, indi insanlar zəmanəni korlayıb. 

Bizim kişilərimiz, qeyrətli oğullarımız və imanlı övladlarımız var ki, onlar televiziyaya və sosial şəbəkələrə baxanda oradakı ədəbsizliklərdən utanırlar.

Təəssüf ki, indi sosial şəbəkələrdə ailələrə açıq-saçıqlıq təbliğ edilər. Bəs, ərlə arvad arasında olan pünhan məsələlər hara getdi? Unutmamalıyıq ki, hansı peşənin sahibi oluruqsa olaq, biz ilk növbədə insanıq. İnsanlığı heç vaxt yaddan çıxarmamalıyıq”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO