“Xarıbülbül” festivalı tam başqa bir səpkidə keçirildi. Dünyanın əksər ölkələrindən Pakistan, Malayziya , Tacikistan və Gürcüstandan nümayəndə heyətləri iştirak edirdi. Proqram isə çox rəngarəng və yüksək səviyyədə hazırlanmışdı. Hava şıltaqlıq elədi, yağış yağdı. Yağış ruzinin, bərəkətin əlamətidir. O yağışı ürəyim istəyirdi. Konsert zamanı yağış yağsa da, o da bir qeyri-adilik gətirdi. Heç bir çətinlik yaratmadı. Diqqət yetirsəniz görərsiniz ki, çətirsiz heç kim yox idi. Açığı deyim ki, yağış ləzzət elədi”.
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Xalq artisti Firəngiz Mütəllimova deyib.
“Xarıbülbül” festivalında xüsusi qonaqlar sırasında olan sənətkar təəssüratlarını dilə gətirib:
“Şuşa dövlət qoruğu”nun nümayəndələri, Mədəniyyət naziri Anar Kərimov və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşdüm. Onlarla təəssüratlarımızı bölüşdük. Yağış yağıb bitəndən sonra, gün çıxdı. Göy qurşağı əmələ gəldi. “Xarıbülbül”də Şuşanın pürrəngi çayından daddıq”.
F.Mütəllimova özü ilə bacısı üçün Şuşa xatirələrini canlandıran ətirli yasəmənlər gətirdiyini söyləyib:
“Şuşaya ilk ayaq basdığımda oradan özümlə evə torpaq gətirmişdim. İndi isə gedəndə oradan bacım Nərgiz üçün yasəmən gətirdim. Bizim Şuşada cır yasəmənlər bitir və onların çox gözəl ətri olur. Şuşadan yasəməni qırıb gətirdim. Evdə gülü stəkanın içinə qoydum. O kiçik gülün ətri bir otaqdan digər otağa gəlir. Şuşaya girəndə, elə bilirəm ki, dağlara əsgərlərimiz qalxır. Vətən uğrunda canından keçən əsgərlərimizə rəhmət olsun, qazilərimizə isə Allahdan şəfa diləyirəm. Anamın ad gününü keçən il olduğu kimi bu il də mayın 12-si Şuşada yad etdik. Şəhidlərimizlə bərabər anamın və atamın ruhuna salavat çevirib, dualar oxudum.
Hər şey ürəyimcə oldu. Şuşadakı evimizə getmədim. Oranı əzbər bilirəm. Məni ən çox sevindirən isə Şuşada quruculuq və yenidənqurma işlərinin aparılmasıdır. Şuşa bir ilə çox dəyişilib, çox dəyişikliklər var”.
Xalq artisti Firəngiz Mütəllimova Şuşada qohumu və uşaqlıq dostu ilə görüşdüyünü bildirib:
“Uşaqlıq dostum Hüseyn həkimin oğlu Zahidlə görüşdüm. Onunla ara-sıra telefonla danışsam da, amma görüşməyimiz çox ürəyimcə oldu. Uşaqlığımızı xatırladıq. Zahidə dedim ki, “Sənə baxıram, göz önünə atan gəlir, sən də mənə baxanda yəqin anam gəlir gözünün önünə”. Anamın dayısı qızı, əməkdar incəsənət xadimi Gülnaz Tağıyeva ilə görüşdüm. Ona Şuşanın Zeynəb Xanlarovası deyirdilər, mədəniyyət evində çalışırdı. Uzun illər idi ki, görmürdüm. Xatirələrim sanki yenidən oyandı”.
Rəşad Əliyev Bizim.Media