Bu günlərdə Rusiyanın bir sıra mədəniyyət xadimləri UNESCO-ya müraciət edərək Dağlıq Qarabağdakı xristian abidələrinin Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil olunmasını xahiş ediblər.
Müraciəti dirijorlar Vladimir Spivakov və Teodor Kurentzis, musiqiçi Boris Qrebenşikov, rejissorlar Aleksandr Sakurov, Aleksey Qerman (oğul) və başqaları imzalayıblar.
Bizim Media xəbər verir ki, Moskva Konservatoriyasının professoru, Moskva Bəstəkarlar İttifaqının üzvü Fərəc Qarayev həmin müraciəti imzalamış dirijorlar Vladimir Spivakova və Teodor Kurentzisə açıq məktub yazıb.
F.Qarayev müraciətdəki “bu abidələri də Suriyadakı Palmiranın faciəli taleyi gözləyir” sözlərinə etiraz olaraq, - “Azərbaycanı bütün sivil dünya tərəfindən rədd edilmiş ən dəhşətli terror təşkilatlarından biri ilə müqayisə etməniz böyük təəssüf doğurur və bu birmənalı olaraq yolverilməzdir” deyə qeyd edib.
Daha sonra “bu müqayisə hədsiz dərəcədə həyasızlıq deyilmi?” sualını verən sənətçi bugünkü Azərbaycan multikulturalizm qanunları ilə yaşayan çoxmillətli və çoxkonfessiyalı dövlət olduğunu xatırladıb.
Məktubda qeyd olunur ki, müsəlman və iuda mədəni irsi kimi xristian mədəni irsinin də qorunması dünyəvi Azərbaycan hökumətinin prioritetlərindən biridir.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini məlumatlandıraraq bildirib ki, Qarabağdakı dini abidələr qorunub saxlanacaq və kilsələrin normal fəaliyyəti təmin ediləcək. O deyib:
“Azərbaycan tərəfi məhz bu istiqamətdə fəaliyyət göstərəcək. Azərbaycan Prezidentinin əməli işi isə heç vaxt onun sözlərinə zidd olmur”.
Fərəc Quliyevin məktubunda yazır:
“Sizdən soruşmaq istərdim: Siz bilirsinizmi ki, Azərbaycanın Dağlıq Qarabağa daxil olmayan yeddi rayonu təxminən otuz il müddətində qonşu dövlət tərəfindən işğal altında olub?"
Bilirsinizmi ki, həmin rayonlarda orta əsrlərə aid xristian monastırlarından əlavə çoxsaylı məscidlər, habelə Xocavənddə pravoslav kilsəsi də vardı?
"İndi isə sizin diqqətinizə bir neçə fotoşəkil təqdim edirəm. Həmin fotoşəkillərdə pravoslav məbədinin bu illər ərzində nəyə çevrilməsi əyani şəkildə görünür. Dağıdılmış məbədin divarını “bəzəyən” QARİK adına fikir verin. Azərbaycanlılar arasında bu ada rast gəlməzsiniz, lakin qonşu ölkənin sakinləri arasında bu ad geniş yayılıb”.
F.Qarayev daha sonra yazır ki, Azərbaycan xalqının təhqir edilməsinə görə heç kəs Sizin üzrxahlıq etməyinizi tələb etmirəm, belə vəziyyətdə üzrxahlıq sözlərinin mənası yoxdur:
“Lakin hörmətli həmkarlar, bəlkə indi Sizin ağlınıza nurlu bir fikir gəlsin: Azərbaycanın yerlə yeksan edilmiş şəhərlərindən birinə səfər edəsiniz və orada simfonik konsert verəsiniz?"
Bununla siz orada baş verən hadisələrə özünüzün vicdanlı və qərəzsiz münasibətinizi vurğulayardınız, musiqi sizin ədalətsiz ittihamlarınızı hamarlayar, sizin renomeniz tamamilə bərpa olunardı.
Axı, maestro Valeri Gergiyev öz orkestri ilə birlikdə konsert vermək üçün yerlə yeksan olmuş Palmiraya gələrək vandallara, vəhşilərə və dağıdıcılara öz münasibətini məhz bu şəkildə nümayiş etdirmişdi.
"Əminəm ki, Azərbaycana və onun xalqına münasibətdə bu cür hərəkət etməyiniz Sizin nəcib vətəndaşlıq mövqeyinizi təsdiq etmiş olardı”.
Bizim Media