"Xəstəxanada vəziyyəti stabil idi. Ona yaxşı baxırdılar. Həkimlərdən Allah razı olsun. Birdən-birə dərmanların təsiri böyrəklərinə mənfi təsir etdi".
Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi bildirib ki, bacısı dünyasını ötən gün axşam saatlarında dəyişib:
"Ötən gün səhər saat 08:00- 09:00 radələrində reanimasiyadan zəng vurub dedilər ki, böyrəkləri fəaliyyətini dayandırıb. Həkimlərdən xahiş etdim ki, əlinizdən gələni edin. Bir daha həkimlər müdaxilə etdilər. Sonra böyrəklərini təmizləmək üçün aparata qoşdular. Axşam saat 20:00 radələrində bacım Zeynəb dünyasını dəyişdi".
Nazpəri bacısının vəsiyyətini də açıqlayıb:
"Sağalacağına o da, mən də inanırdım. Məni öpüb, qucaqladı. Dedi ki, "Bacı mən sənin qədrini bilməmişəm. Niyə belə etmişəm?". O, hər zaman qədrimi bilirdi. Deyirdim ki, nə danışırsan, oğlun Orxana ev alıb onu evləndirəcəyik. Sevincindən ağladı. Qucaqladım, “Ağlama” dedim. Belə bir ümid gözlərimə gəlirdi ki, o sağalacaq. İnfeksiya tamamilə sovrulmuşdu və yaxşılığa doğru gedirdi".
Rəşad Əliyev, Bizim.Media