«Qurani-Kərimdən və Həzrət Peyğəmbərin (s.ə.s) hədislərindən sonra Rəbbin xas qullarının sözlərindən daha gözəl heç bir söz yoxdur. Çünki onların sözləri lədun elmidir. Kəsbi deyildir. Buna görə də onlara peyğəmbərlərin varisləri deyilir. O xas qulların kəlamlarını dinləyənlərin qəlbi feyzlə dolar. Səy və cəhdləri artar. Sirlər onlara ayan olmağa başlayar və şeytani vəsvəsələrdən, dünyəvi ehtiraslardan xilas olarlar». (Mövlanə Cəlaləddin Rumi)
Murad piri adı ilə tanınan ziyarətgah Xaçmaz rayonunun Qarğalı kəndinin ərazisində yerləşir. Neçə əsrlərdir ki, insanlar burada etdikləri dualarla murada çatdıqları üçün, pirin adı “Murad”x9d qalmışdır. Burada ən çox yel xəstəliyindən (və digər xəstəliklərdən) əziyyət çəkənlər şəfa tapdıqlarından el arasında bura “Yel piri”x9d də deyirlər. Buradakı günbəzin içərisində kəramətli bir övliyanın qəbri vardır. Əvvəllər qəbrin üzərində yazılı daş olsa da, 2000-ci ildə burada günbəz tikilərkən həmin daş yoxa çıxmışdır.
Keçən əsrin əllinci illərində bu kəndin sovxoz direktoru Murad pirini dağıdıb, yerində əkin əkmək istəyib. Bu məqsədlə Rus millətindən olan bir traktorçunu ora göndərib. Amma rus nə qədər cəhd etsə də, traktor pirə toxuna bilməyib. Hər dəfə qəbrə yaxınlaşanda motor sönürmüş. Nəhayət, əlacsız qalıb geri qayıdıb. Ondan sonra heç kəs piri dağıtmağa cürət etməyib.
Xaçmazda olarkən Murad pirinin kəramətindən faydalanan bir çox insanlarla rastlaşdım. Onlardan birinin söhbətini diqqətinizə çatdırıram.
Nadirov Əvəz Abuzər oğlu ”“ Xaçmaz rayonunun Çarxı kəndinin 60 yaşlı sakini:
- Gəncliyimdə möhkəm xəstələnmişdim, yerim-dən tərpənə bilmirdim. Müalicələrin də effekti yox idi. Bir gün qohumlarım məni maşının arxa oturacağına uzandırıb Murad pirinə apardılar. Çatanda yenə də əllərimdən, ayaqlarımdan yapışıb, maşından düşürdülər və övliyanın qəbrinin yanına uzandırdılar. Mən burada övliyanı vəsilə tutub Allahdan özümə şəfa dilədim. Sonra mənə pirin tütyəsindən içirdilər. Qayıdandan sonra yaxşılaşmağa başladım. Üç gündən sonra mən işə çıxdım. Hansı ki, mən neçə illər idi yel xəstəliyindən əziyyət çəkirdim. Hərdən bir az yaxşılaşıb gəzsəm də, bir yanı üstə gəzirdim, düz yeriyə bilmirdim. İndi düz yeridiyimi görüb iş yoldaşlarım hamısı təəcüblənirdilər. Həmin gündən neçə il keçib, hələ də xəstələnməmişəm.
Coşan ələm
Murad pirini ziyarət edərkən mənə Hacılar kəndinin bələdiyyə sədri Məşhədi Əbülfəz bələdçilik edirdi. Qonaqpərvər bir ziyalı olan Əbülfəz müəllim məni evinə qonaq dəvət etdi. Böyük məmuniyyətlə dəvəti qəbul edərək, onlara gəldik. Kənd ağsaqqalları 72 yaşlı Kərbəlayi İslam Nuru oğlu və Hacı Nəzər İmanqulu oğlu da gəlişimizi eşidib, axşam Əbülfəz müəllimgilə söhbət etməyə gəldilər. Onlar Nikolay zamanında Hacılar kəndinə gətirilmiş ələmin coşmasından tutmuş, kəramət sahibi Seyid Mircəfər ağanın suya atılıb yağış yağdırmasına qədər şahid olduqları bir çox maraqlı əhvalatları danışdılar.
Həmin söhbətlərin bir hissəsini moderator.az-ın oxucularına təqdim edirəm.
Kərbəlayi İslam Nuru oğlu:
- Kəndimizdə bir neçə evdə ələm var. Onlardan ancaq biri ”“ rəhmətlik Gülhüseyn kişinin evindəki ələm coşan ələmdir. Onun babaları Nikolay zamanında Kərbəladan gətiriblər. Deyilənə görə imamlarımızın döyüşlərdə istifadə etdikləri ələmdir. Həmin ələm də hər adamın əlində coşmur. Mən hələ cavan uşaq olanda qonşu Qarağaşlı kəndindən Abdulla adında kişinin əlində coşan görmüşəm onu. Hər il Məhərrəm ayında Abdulla kişi gəlib ələmi gəzdirərdi. Çox maraqlı və unudulmaz səhnələr idi. Camaat ələmin gəzməsinin həqiqiliyini yoxlamaq üçün verəcəkləri nəziri aparıb uzaq bir yerdə gizlədirdilər ki, görək onu tapacaqmı? Abdulla dayı xahiş edirdi ki, evin damında, ağacın başında gizlətməyin, yıxılıb, qolqıçımı sındıraram. Nəziri gizlətdilər. Abdulla dayı dua oxumağa başladı. Ələm coşub, sürətlə irəli şığıdı və Abdulla kişini də özü ilə bərabər yüyürtdürməyə başladı. Camaat gördü ki, ələm kanala doğru gedir, kişini kanala salacaq, beş-altı nəfər yüyürüb, onu qucaqladılar ki, dayandırsınlar. Amma ələm onlardan güclü oldu, Abdullanın qolundan, paltarından yapışan adamlar yerdə bir qədər sürünəndən sonra məcbur olub əllərini buraxdılar. Ələm dərin su kanalından keçmək istəyəndə Abdulla kişi cəld tərpənib onu qurşağından çıxartdı. Beləliklə, ələm sakitləşdi. Kişi kanalın körpüsündən keçəndən sonra ələmi yerinə taxıb, axtarışı davam etdirdi. Nəhayət, həyətlərdən birində ağacın koğuşunda gizlədilən nəziri tapdıqdan sonra ələm sakitləşdi. Bu cür ağır sınaqdan çıxandan sonra kənd camaatı hamısı ələmə nəzir verirdilər. Bu sınaqlar hər il Məhərrəm ayında təkrarlanırdı.
Bu ələmlə bağlı şahidi olduğum bir gülməli əhvalatı heç vaxt unuda bilmirəm ”“ deyə, Kərbəlayi İslam söhbətini davam etdirir - ələmin belə bir xüsusiyyəti vardı ki, kimin bu ələmə nəziri vardısa, coşan kimi ələm onun üzərinə gedirdi, o da qabaqcadan niyyət tutduğu nəziri ələmin üstünə qoyurdu. Kəndimizdə bir baməzə kişi də vardı ki, bu rəhmətlik hər dəfə işi çətinə düşəndə ələmə nəzir deyərdi, amma, işi düzələndən sonra heç vaxt nəziri verməzdi. O heç ələm gəzdirilən mərəkəyə də gəlməzdi. Bir dəfə Aşura günü Abdulla kişi gəldi kəndimizə, ələmə dua oxuyan kimi, ələm coşub kəndi gəzməyə başladı. Camaat da düşdü bunun arxasıycan ki, görək hara gedəcək? Birdən küçədə həmin baməzə kişi çıxdı qabağımıza, ələm şığıdı bunun üstünə, elə bil elə onu axtarırmış. Qış vaxtı idi, yer də palçıq idi. Kişinin əynində qalın sırıqlı vardı, ələm bunun sırıqlısının cibinə girib, kişini qaldırdı yuxarı, ordan çırpdı yerə, başladı palçıqda kişini sürüməyə. İnanın ki, Abdulla kişi azca da ləng tərpənsəydi, ələm həmin adamın qarnın deşəcəkdi. Ondan sonra həmin kişi bir də ələmə yalandan nəzir demədi.
Hacı Nəzər:
-Sovet dövründə Aşurə mərasimini keçirməyə icazə vermirdilər. Ona görə də mərasimi evlərdə gizli keçirirdilər. Kəndin girişində, çıxışında atlı adamlar dayanırdılar ki, polis gələndə camaata xəbər versinlər. Bir il mərasim Gülhüseyn kişinin evində keçirilirdi, cavan olsam da, mən də məclisdə iştirak edirdim. Mərsiyə deyilən vaxt evdə möhkəm taqqıltı eşitdik. Gördük səs otağın küncündəki sandıqdan gəlir. Sanki içəridən bir adam sandığı döyəcləyirdi. Mərsiyəni dayandırıb hamı heyrətlə sandığa tərəf baxdı. Ağsaqqallardan biri sandığı açanda içərisində həmin coşan ələmin olduğunu gördük. Mərsiyə oxunduqca ələm coşub, sandıqdan çıxmaq istəmişdi. Özünü necə qəzəblə sandığın divarlarına vurmuşdusa, barmaqlarının ikisi qırılmışdı. Ondan sonra Aşurə günlərində qonşu kənddən Abdulla kişi gəlib o ələmi gəzdirirdi.
Seyidi suya atanda yağış yağırdı
Kərbəlayi İslam:
- Bizim bu Hacılar kəndində Seyid Mircəfər ağa adında təqvalı bir seyid yaşayırdı. Çox gözəl insan idi. Xəstələnəndə həmişə onun yanına gedir, o da əlini başımıza çəkib bizə dua edirdi, onunla da ağrımız keçib gedirdi. Kəndimizdə sınaqdan çıxmış bir adət də vardı ki, yay quraqlıq keçəndə Mircəfər ağanı ya da onun qızı Seyid Zəhranı qəflətən itələyib suya salırdılar, onlar da hirslənirdilər, həmin gün mütləq yağış yağardı. Sonra camaat onlara nəzir gətirirdi ki, hirsləri soyusun. Çünkü bu cur hallarda onlar o qədər möhkəm hirslənirdilər ki, rəngləri qapqara qaralırdı. Mən özüm bir neçə dəfə bu cür hadisənin şahidi olmuşam.
Hacı Nəzər:
- Mən də Seyidin suya atılmasını bir neçə dəfə görmüşəm. 1950-ci illər idi, yay quraqlıq keçirdi. Çoxdandı yağış yağmadığından camaatın əkinləri yanırdı. Bir gün kəndin kişiləri kolxozun istixanasının yanındakı gimgədə toplaşıb söhbətləşirdilər. Söhbət quraqlıqdan düşəndə briqadir Məmmədşah dedi gəlin Mircəfər ağanı salağın suya, yağış yağsın. Təklifi hamı bəyənsə də, bu işi icra etməyi heç kəs öz üstünə götürmək istəmirdi. Məmmədşah dedi ki, bu işi mən eləyərəm, amma siz nəziri qabaqcadan toplayın. Oradakı adamlar əllərini ciblərinə salıb, hərə imkanı daxilində nəzir çıxartdı. Bir nəfər nəzirləri topladı. Bu vaxt gördük Seyid bizə tərəf gəlir. Gəlib çatanda Məmmədşah onu götürüb, yaxınlıqdakı su quyusuna saldı. Hirsindən ağanın rəngi qapqara qaraldı. Onu quyudan çıxardandan sonra toplanan nəzirləri verib üzürxahlıq elədilər ki, yağışa görə elədik. Mircəfər ağa paltarını dəyişmək üçün evinə getdi. Bu hadisə səhər-səhər baş vermişdi. Axşam üstü yağan yağış kəndin bütün əkinlərini suladı.
Müəllifdən: Yuxarıda haqqında söhbət açılan ələm Hacılar kəndində bu gün də saxlanmaqdadır. İndi onu gəzdirən olmasa da, bir şey itirənlər gəlib onu ziyarət edirlər. Çünkü, camaat arasında olan inanca görə bu ziyarətdən sonra itən şey mütləq tapılır.
Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı,
Xaçmaz ”“ Bakı
Müəllifin arxivi:

































































































