Azərbaycanda İMİC MƏSƏLƏSİ – Məşhurlar niyə peşəkarlara pul xərcləmək istəmir?

Azərbaycanda İMİC MƏSƏLƏSİ – Məşhurlar niyə peşəkarlara pul xərcləmək istəmir?

Hazırda oxunan: Azərbaycanda İMİC MƏSƏLƏSİ – Məşhurlar niyə peşəkarlara pul xərcləmək istəmir?

82893

Azərbaycanda ictimaiyyətlə əlaqələr (PR) sistemi, imicmeykinq və bu sahələr üzrə ixtisaslaşdırılmış menecmentlik çox zəif inkişaf edib. KİV, televiziya, teleradio, həmçinin media platformalarında məşhur şəxslərin yarı-yarımçıq qurulmuş imicləri çox banal, saxta və bayağı görünür.

Bizim.Media xəbər verir ki, Azərbaycanda məşhur simaların brendləşməsi hələ erkən inkişaf mərhələsindədir.

Bəs, nədən məşhurlar “düzgün imic” yarada bilmir? Bayağılıq, banallıq niyə ekranlardan əskik olmur? İmicmeykinqdə qarşılaşdığımız problemlər nələrdir?

PR mütəxəssisi Nəsimi Paşayev qeyd edir ki, imic formalaşdırmaq hər bir marka ilə yanaşı, sadə insana da lazımdır.

“Adi bir insanı belə özünə qazandırdığı imicə görə tanıyırlar. Planlaşdırılmış piar strategiyasına Azərbaycanda diqqət etmirlər. Məşhur insanlar piara ehtiyac duymurlar. Yəni onlar üçün piar sadəcə qazanc mənbəyidir. Məşhurlar PR-a bir instaqram, feysbuk səhifəsi açmaq, sosial şəbəkələrdə özünü reklam eləmək, başqa biri kimi görsənmək kimi yanaşırlar”.
Burada başqa problem də var, heç kim hər hansı xidmət üçün pul xərcləmək istəmir. Bir çox sahələrdə bu belədir.

Ekspert qeyd edir ki, məşhurlar da təbliğ işini peşəkara təhvil vermək istəmirlər, elə bilirlər, özləri ən yaxşısı edirlər:

“Ulduz xəstəliyi” tutmuş insanlarda özünəinam, yuxarıdan aşağı baxma yüksək səviyyədədir və düşünür ki, niyə şirkət, hər hansısa bir şəxs mənim imicimlə oynamalıdır, və ya piar aparıb mənə müsbət imic formalaşdırmalıdır? Böhran vəziyyəti yaranandan sonra situasiyadan çıxa bilmirlər və bunun fərqinə gec varırlar”.

İdman sahəsi üzrə hüquqşünas Elcan Həsənli öz spektrində aktual olan “imic hüququ” barəsində danışıb:

“İmic hüququ hər bir şəxsin, idmançının özünə bağlı məsələdir. Bura şəxsin xarici görünüşü, rəsmi, səs tembri, saçının forması aid ola bilər ki, bu şəxsə aid “imic hüququ” adlanır.
İdmançılar da öz imic hüquqlarından istifadə etməklə, onu sataraq kommersiya, iqtisadi bir dəyər əldə edir, gəlir qazanırlar. Dünya üzərindən idman sferasında bundan geniş istifadə olunur.

İdmançılar imic hüquqlarını şirkətlərə ötürürlər, həmin şirkətlər də onların imic hüquqlarını qoruyur. İmic hüququnun futbolçuların xarici transferində böyük təsiri vardır”.

Elcan Həsənli təəssüflə qeyd edir ki, ölkəmizdə imic hüququ ilə bağlı məsələ inkişaf etməyib:

“İdmançıların imic hüququ formalaşmayıb.Azərbaycanda idmançılar imic hüququndan istifadə edərək gəlir qazana bilmirlər. Yalnız Rafael Ağayev, Zabit Səmədov, Teymur Rəcəbov, Mahir Əmrəli məşhur markaya çevrilib.
Onların timsalında müqavilə bağladıqları şirkətlər şəxsi imic hüququndan istifadə etməklə reklam çəkirlər, rəsimlər hazırlayır və istifadə edirlər. Futbolçuların transfer müqavilələrində imic hüquqlarının klublara məxsus olduğu göstərilir. İdmançılar imic hüququna fikir versələr və marka formalaşdırsalar, yüksək gəlir əldə edə bilərlər”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO