Aparıcı Saleh Bağırov məşhurların evində çəkilən bəzi verilişləri tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə S. Bağırov “Pərvizə görə” proqramında danışıb.
S. Bağırov illər əvvəl eyni formatda yayımlanan proqramından söz açıb:
““Gəl, qonaq ol” verilişim 4 il efirdə oldu. Ev proqramları ilə bağlı stereotip var idi, hansı ki, pis, eybəcər fikir formalaşmışdı. Qarderobu, soyuducunu açmağı, yataq otağından kadr göstərməyi yığışdırdım. Buna görə özümü çox rahat hiss edirəm. İnsanlar o qədər qorxurdular ki, zəng edib, “ev proqramıdır” deyəndə.
Bundan qaçırdılar. Deyirdilər, ev verilişi nə olacaq? Gəlib, soyuducu açacaqlar. Görüntülər bərbaddır, özlərini başqasının evində aparmaqla bağlı mədəniyyətsizlik edirdilər. Biz ölkənin sayılıb-seçilən şairlərinin, ictimai xadimlərinin, yazıçılarının, Xalq artistlərinin qapısını döydük. Bütün gün şou qazanında qaynayanların yox...
Onlara mərifətli ev proqramının necə olduğunu göstərdik. Biz evin hənirtisinin, doğma, dost-ailənin pünhan hissləri nə olursa, onu ötürdük. Bir müddət sonra ev verilişlərinə çəkilmək istəməyən insanlar da özləri müraciət etdilər. Layihə zamanını bitirdi, onu uzatmağa ehtiyac yoxdur. Dadında bitirmək lazımdır.
Bəlkə də davam etsəm, lazımsız adamlar çəkmək məcburiyyətim olacaqdı, adi verilişlərdən birinə çevriləcəkdi. Ev verilişləri çəkən insanlara müraciət edirəm ki, mənim proqramıma baxın, belə də hazırlamaq olar. Lazım deyil, camaatın evinə soxulub dolabı açmaq ki, kim nə geyinir, nə geyinmir... Küçə danışığı ilə danışmaq, ya da deyir ki, “gedək, baxaq qazanda nə var, nə yox?”
Sara, Bizim.Media
































































































