“İlhamə Quliyeva mənə qarşı çox pisliklər edib. Qızımın atası dünyasını dəyişəndə gördüm ki, Zümrüd qışqıra-qışqına “ana” deyərək üstümə gəldi. Soruşdum ki, “Nə olub?” İlhamə evimə gəlib, hamını qovurdu. O kimlərləsə danışmışdı ki, məni orada döyüb, qovsunlar. Ona görə ki, mənə cəhcəlallı ev qalmışdı”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu “O üz” verilişində deyib.
Sənətkar onunla düşmən mövqeyində olan mərhum Xalq artisti İlhamə Quliyevadan söz açıb. Kərimova ilk dəfə Quliyevaya “rəhmət” diləyib:
“Sən, İlhamə, kimə sataşırdın? Ona yenə də deyirəm, eybi yox, “Ay rəhmətlik”. Qızım Zümrüd yanıma qısılırdı. Onun o zaman 6,5 yaşı vardı. Mən onun mənə etdiklərinin hansını danışım və deyim ki, “Allah İlhaməyə rəhmət eləsin”? Ancaq mən İlhamənin etdiyi qələti ömrümdə etməzdim. Sən məndən yaxşı müğənni deyilsən”.
Flora xanım mərhumun bacısı Gülbaharın “yaxşı bacı” olduğunu desə də, İ.Quliyeva haqqında belə düşünmədiyini vurğulayıb:
“Bacısı Gülbahar İlhamənin xasiyyətindən xəbərdar idi. Gülbahar çox yaxşı bacı idi. Ancaq sən, İlhamə, onlara yaxşı bacı olmusanmı?”
Rəşad Əliyev, Bizim.Media