Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından başlayaraq Qəzza zolağından İsrail ərazisinə raket hücumlarına start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycanı 2020 və 2021- ci illərdə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə Tel-Əviv şəhərində çətin vəziyyətə düşüblər.
Ötən gün məkanların birində konsert proqramı ilə çıxış edən ifaçı anası, xalası və meneceri ilə birlikdə oradan küçəyə çıxa bilməyiblər.
Samirə qaldığı evin pəncərəsindən şəhərə açılan mənzərəni çəkərək sosial şəbəkə hesabında yayımlayıb. Görüntülərdə davamlı siqnal və atılan raketlərin səsləri əks olunub. Samirə sözügedən paylaşıma “5 min raket... Hava limanı bağlanıb, Tel-Əviv partlayır. Partlayış və həyəcan səsləri qorxudur. Bizə otelin sığınacağına düşməyimizi deyirlər. Ümid edirik ki, hər şey keçəcək. Allah, insanları qoru Allahım sən özün insanları qoru. Amin!” sözlərini yazıb.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciətində “İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir” sözlərini dilə gətirib.
Rəşad Əliyev,Bizim.Media