"Bəzən yuxuda olduğun zaman elə xoşbəxt olursan ki... Yuxu olduğunu bilirsən, amma yenə də ayılmaq istəmirsən. Ölümdan sonra yəqin ki, bu cür olur həyat".
Bizim.Media xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.
Tünzalənin vəfatından altı ay keçdiyini dilə gətirən Röyal bu itki ilə barışa bilmədiyini və onsuz "yetim" qaldığını bildirib:
"Sabahlarımı "sabahın xeyir, eşqim" deyərək açıram, "gecən xeyrə qalsın, ömrüm" deyib yatıram. Nə qədər səni xəyalımda canlandırmağa çalışsam da olmur. Heç bir şey əlini tutmaq, o gözəl üzünə-gözünə baxmaq, gözlərinin kənarında qırışan qəmzələrini görmək kimi deyil. Bu zaman daha çox acı çəkirəm.
Bir dəfə bir filmə baxmışdım. Orada bir obrazın dediyi söz kimi, "Bu bir yanğındır. Yanıram, amma hiss etmirəm. Altı aydır ki, sənə sarıla bilmirəm. Sənə sarılanda tam olurdum, bütövləşirdim. Bəzən çəkiliş meydançasından mənə zəng edirdin, "Röyal bir söz soruşacağam, elə olur ki, sən də birdən deyəsən, "Ay da necə darıxdım Tünüş üçün?". Deyirdim ki, "əlbəttə, ömrüm".
Elə bilirdim ki, tək bu məndə olur, sən demə onda da belə imiş. Deyirdin ki, haradasan təz gəl, səni görmək istəyirəm. Mən də gülə-gülə yaxşı deyirdim! Eh Tünüşüm, gözəl həyat yoldaşım mənim, yetim qaldım.
Zəhram yetim qalmadı, çünki mən varam, amma mən yetim qaldım, çünki sən yoxsan. Əvvəlcə Rəbbimə, sonra sənə qovuşacağım günə qədər səbr edəcəyəm".
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media