Nüsrət Kəsəmənlinin NƏVƏSİ: “Həm mən, həm də babam valideynsiz böyümüşük” - MÜSAHİBƏ – FOTO

Nüsrət Kəsəmənlinin NƏVƏSİ: “Həm mən, həm də babam valideynsiz böyümüşük” - MÜSAHİBƏ – FOTO

Hazırda oxunan: Nüsrət Kəsəmənlinin NƏVƏSİ: “Həm mən, həm də babam valideynsiz böyümüşük” - MÜSAHİBƏ – FOTO

107091

Şair Nüsrət Kəsəmənlinin Vətən müharibəsində iştirak edən, Prezident tərəfindən 3 medalla təltif edilən aktyor nəvəsi Cavidan Kəsəmənlinin Bizim.Media-ya müsahibəsini oxuyucularımıza təqdim edirik:  

⁃ Bir müddət əvvəl sizin Gənc Tamaşaçılar Teatrının direktoru tərəfindən işə qəbul edilməməyinizlə bağlı açıqlamalarınız oldu. Sözügedən mədəniyyət ocağı sizi işə qəbul etdi?  

 ⁃ Aktyorluq fəaliyyətimi davam etdirirəm. Lakin hər hansısa bir teatrda və ya dövlət qurumunda çalışmıram. İşsizəm, işsiz statusundayam. Amma serial, film və reklam ilə bağlı çəkilişlərdə müəyyən qədər iştirak edirəm. O da daimi və davamlı olan bir iş deyil. Bu da məni ciddi şəkildə narahat edir. Təəssüflər olsun ki, bir neçə quruma işlə bağlı müraciətlərimin bir nəticəsi yoxdur. Nəzərə alsaq ki, maqistr təhsili olan "Dram aktyoru"yam və maqistr təhsilimi bitirdikdən sonra hərbi xidmətə yollanıb, müharibədə iştirak etmiş biri olaraq, səsimə səs verən yoxdur. Bir neçə dəfə Mədəniyyət Nazirliyinə və adiyyatı qurumlara müraciət etdim, təəssüf ki məktublarım cavabsız qaldı. İndiyə kimi də bu, belə davam edir. Göndərdiyim məktubların nüsxələri nənəm Rəhilə Kəsəmənlidədir. Sübut üçün onları sizə də göstərə də bilərəm. 

⁃ Mədəniyyət Nazirliyinə işlə bağlı ən son nə zaman müraciət etmisiniz? 

⁃ Sözün düzü, müraciətimin üzərindən xeyli zaman keçib. Amma Gənc Tamaşaçılar Teatrına müraciətlərimi dekabr-yanvar aylarında etmişəm. Və bir neçə fərqli teatrlardan işlə bağlı imtina aldım. Həmçinin, Uşaq teatrı, Sumqayıt Dövlət Dram Teatrı və bir sıra digər teatrlara müraciətlər etdim. Müraciətlərim isə görüş və şifahi formada oldu. Hər biri mənə cavab olaraq eyni sözü deyir: "Bizdə ştatda yer yoxdur. Yer olanda sizə xəbər edəcəyik".



Heç o biri teatrlardan da xəbər çıxmadı. Məcbur oldum, yazılı formada Mədəniyyət Nazirliyinə müraciət ünvanladım. Lakin sorğularımın hamısı cavabsız qaldı. Normal bir cavab ala bilmədim. Bir neçə ay gözlədim. Gözləsəm də yenə də xeyri olmadı. Bu qədər üstünlükləri olan, təhsildə, dövləq qulluğunda hər şeyi yüksək səviyyədə yerinə yetirən bir şəxs kimi hələ də özümə iş tapa bilmirəmsə, bu, artıq çox ciddi problemdir.

İkinci Vətən müharibəsinin ilk günündən başlayaraq sona kimi qızğın döyüşlərdə iştirak etmişəm və Cənab Prezident tərəfindən üç medalla təltif olunmuşam. Bütün bunlara rəğmən müraciətlərimin hamısı cavabsız qaldı. Məcburən işlə bağlı problemimi sosial şəbəkədə yaydım. Amma müxtəlif saytlar tərəfindən məsələ ilə bağlı məndən müsahibələr alsa da, xəbər kimi yazılsa da, heç bir nəticəsi olmadı. Hələ də anlaya bilmirəm ki, teatrlar məni niyə rəsmi olaraq işə götürmürlər? Səbəblərini belə demirlər. İndiyə kimi adım heç bir "qara-qura" işlərdə hallanmayıb, heş zaman polisə düşməmişəm, heç kim məndən hüquq mühafizə orqanlarına şikayətçi olmayıb.

Təhsilsiz vətəndaş deyiləm. Babam müasir Azərbaycan poeziyasının ilk və yadda qalan adlardan biridir. Bütün bunlara rəğmən işsizəm. İşsizliyimin təsəllisini nədə tapa bilərəm? Heç bir şeydə tapa bilmirəm. Təbii ki, babam hələ də həyatda olsaydı, indi tamamilə fərqli həyatım olacaqdı. Çünki, qarşılıqlı tanışlıq deyilən bir şey var. Məsələn sizə filankəsi işə götürmək üçün müraciət edirlər. Sizin ondan hansısa asılacağınız yoxdur, sabahısı gün ona işiniz düşməyəcək deyə həmin şəxsə nəyisə bəhanə edib, yox cavabını verirsiniz.

Amma sizə işlə bağlı elə bir insan müraciət edə bilər ki, başa düşürsünüz ki, sabahısı gün mənim də işim buna düşəcək. Belə olan halda artıq yox cavabı verə bilmirsən. İncəsənətdə belə bir məsələlərin olması kökündən yalnışdır. Bir şey ki, insanın sənəti və istedadı ilə bağlıdırsa, insanı sənətdən soyutmaq çox yalnışdır. Mənim kimi bir aktyorun potensialını göstərmək üçün heç bir şərait yaradılmır. Təcrübə tələb etməkdən ötrü isə həmin insana şans verməlisən. Teatra ilk növbədə gedəndə heç birindən tələb etməmişdim ki, adımı birinci gündən ştata daxil et. Söylədim ki, məni yoxlayın. Bundan qaçmıram. Özümə çox güvənirəm.



Amma bütün bunlara rəğmən yenə eyni cavabı aldım. Çağıracağıq, baxacağıq və s. Bu isə artıq bəhanədir və açıqlaması yoxdur. Bunlar mənə qarşı olan bəhanələrdir. Amma necə olursa sabahısı gün həmin teatra məndən heç bir üstünlükləri olmayan başqa insanları işə qəbul edirlər. Başqa ölkənin vətəndaşına ölkədə bu qədər hörmətsizlik olmaz.

Məni müharibəyə çağırsalar yenə gedəcəyəm. Ondan qaçmaram. Biz müharibə vaxtı psixoloji təzyiqlər altında qalmışıq. Vaxt olub günlərlə səngərlərdə şaxtalı havada torpağın üzərində yatmışıq. Müharibənin acısını və çətinliklərini görmüşük. Bunlardan keçib özümüzü ağ günə çıxarıb, xoşbəxt olmaq istəyirik. İstəyirik ki, qara günlərimiz arxada qalsın. 

Heç kim orada hansı vəziyyətdə yaşadığımız bilməz. Sabahısı gün gəlib görürsən ki, aidiyyatı qurumlar səni saymır, müraciətlərinə baxmır, hörmətsizlik edir. Hansı ki, bu, onların əlində olan adi bir şeydir. Belə olan halda insan məcbur qalır ki, ölkədən getsin. Tam səmimiyyətimlə deyirəm, artıq bu həddə çatmışam. 28 yaşım var, 17 yaşımdan ali məktəbdə təhsil almışam.

Demək ki, artıq 17 yaşımdan təhsillə bərabər bəlli bir fəaliyyətim var. Bu 11 ildə hələ istədiyim pillənin birincisini belə qalxa bilməmişəm. Bunun səbəbi isə bu sahədə olan konkret insanlardır.

 ⁃ Sizi işə götürməmək babanız, əminizlə (aktyor Rəşad Kəsəmənli - red.) olan ədavətə görə və ya atanız Araz Kəsəmənli ilə əlaqəli ola bilər?  

⁃ Babamla olan ədavətləri bilmək üçün onu yanımda uzun illər sağ görməli idim.  2003-cü ildə mən səkkiz yaşında babam Nüsrət Kəsəmənli vəfat etdi. Amma ağlım kəsən zaman vəziyyəti görsəydim, onda konkret sizə cavab verərdim ki, bu belədir. Bu sualına cavabını isə ən yaxşısı əmim Rəşad Kəsəmənli bilər. Çünki 30 yaşına yaxın zamana kimi atası yanında olub. Ona görə də düşünürəm ki, bu sualın cavabını o məndən daha yaxşı bilə bilər. Tam səmimi deyirəm ki, sualınızın cavabını bilmirəm. Bəlkə də tək səbəbi atmdır. Amma bunu konkret olaraq heç bir qurum deməyib. Buna görə də heç kimi ittiham edə bilmərəm.  

⁃ Bu dönəmlərdə atanızla görüşüb, danışmısınız?  

⁃ Münasibətimiz yoxdur. Onun tərəfindən də belə istək olmayıb. Məni maraqlandıran məsələ deyil.  

 ⁃ Bir müddət əvvəl Türkiyəyə getdiyiniz haqda sosial şəbəkə hesabınızda paylaşımlar etdiniz. Səfərinizin məqsədi istirahət idi yoxsa yeni layihə?  

 ⁃ “Dostum, qardaşım” adlı filmin çəkilişləri ilə əlaqədar Türkiyəyə getdim. Ekran əsəri Azərbaycan istehsalıdır. Çəkilişlər həm Bakıda, həm İstanbulda, həm də Daşkənddə gerçəkləşdi. Filmdə türk xalqlarının qardaşlığından söhbət gedir. Bir azərbaycanlı tələbə ilə bir özbək tələbənin dostluğundan bəhs edir. Onlar İstanbulda tanış olub, bir-birinə mənəvi şəkildə dəstək olurlar. Onlar arasında dostluq, qardaşlıq yaranır. Çox güman ki, yay aylarında bu filmin kinoteatrlarda nümayişi olacaq. Ekran əsərinim büdcəsi kifayət qədər yüksəkdir. Filmdə Türkiyənin iki məşhur aktyoru rol alıb. Orada mən baş qəhrəmanın birini canlandırmışam.

Həmin filmdə əmim Rəşad Kəsəmənli də rol alıb. Onun orada obrazı kiçik olub. 

⁃ Bu filmdən aldığınız qonorardan razı qaldınız?  

⁃ Orta səviyyəli qonorar aldım. Bu dəqiqə əsas problemim qonorar yox özümü təsdiq etməyimdir.  



⁃ Sizi televiziyada, verilişlərdə görmürük. Nədir səbəb?  

⁃ Azərbaycan şou-biznesinin insanı deyiləm. Təhsilimi bitirdikdən sonra bu sahəyə tam olaraq fikrimi yönəltmək istəyirdim. Təhsil aldıqdan sonra getdim hərbi xidmətə. Hərbi xidmətdən isə ötən ilin iyul ayında qayıtmışam. Ondan sonra da məlum problemlərlə üzləşdim. İstədiyim işləri görə bilmədim. Bu problemlər isə sözün açığı önümü kəsdi. Tam da ümüdlü deyiləm, amma ən azından düşünürəm ki, nə zamansa düzələr. Amma yenə də çox da ümüd etmirəm.

Açığı, verilişlərə dəvət almıram. Bu barədə isə yalandan danışmaq istəmirəm, çağırırlar mən isə getmirəm. Verilişlərə çağırılan qonaqları görürsüz də... Onların çox hissəsi mənfi mövzularla gündəmə gələn insanlardır. “TikTok”da şitlik, təlxəklik edən insanlardır. Çünki bizim şou-biznesdə olan insanların əksəriyyəti sosial şəbəkələrdən gəlib. Onları eləmədiyim üçün hazırda gündəmim çəkildiyim layihələr ola bilər. İncəsənətin əsas tanınmışları və gündəmdə olanlar komediya aktyorlarıdır. Təəssüflər olsun ki, işini ciddi aparanlar bu siyahıda yoxdur.

Adını çəkməyəcəyəm, amma oxuyucularınız bunu sözlərimdən başa düşəcək. Zamanında çox ciddilikdən dəm vuran indi “TikTok”da səviyyəsiz və düşük insanlarla canlı yayımlar açır. İndi o həmin şəxs gündəmdədir. Amma əvvəllər bu dərəcədə deyil idi. Haqqın yolunu tapıb. Bəlkə də belə olmalıdır. Amma mən bu səviyyəyə enə bilmərəm, nə də ki, gələ bilərəm.  

⁃ Hazırda televiziya məkanında yayımlanan komedixanalara, serial və filmlərə rejissorlar sosial şəbəkələrdə məşhur olan bloqer, fenomenləri çəkirlər. Onların aktyorluq qabiliyyət və məharətlərini necə qiymətləndirirsiniz?  

⁃ Əminəm ki, bir çox peşəkar artyorlar bu vəziyyətdən narazıdır. Rejissorlar isə onlara sevə-sevə çəkdikləri ekran işində rol verirlər. Çünki rejissora reytinq gətirən aktyor və pul lazımdır.

Bunun başqa ikinci variantı yoxdur. Təbii ki burada sifarişçidən yəni sponsordan çox şey asılıdır. Sponsor filan bloqer və ya fenomeni istəyir o layihədə görmək. Ölkəmi, dövlətimi və torpağımı sevən insanam. Amma təəssüflər olsun ki, əhalimizin çox hissəsi baxmayaraq ki, zövq müqayisə olunmur, amma nəticə etibarı ilə zövqsüzdür.



Bu isə maariflənmənin az olmasından irəli gəlir. Bunun da düzəlmə ehtimalını yaxın gələcəkdə belə görmürəm. Zövqün yaxşı olması üçün gərək Azərbaycan tamaşaçısına keyfiyyətli verilişlər göstərilsin. Proqramlar köklü şəkildə dəyişilməlidir. İlk növbədə isə təbliğat tamamilə dəyişilməlidir. Çünki bizdə təbliğat konkret olaraq pis yöndədir.

Baxıb gülə bilmədiyim komediyaxanaya insanların əksəriyyəti gülür. Hərdən özümə sual verirəm ki, yəqin mən zövqsüzəm. Hərçənd komediyanı çox sevən bir insanam. Hər zaman demişəm ki, qalib heç zaman müzakirə olunmur. Düşünürəm ki, bunları yaxşı tərəfə dəyişdirmək üçün əhalinin, cəmiyyətin, toplumun fikri və zövqü dəyişməlidir. Mənə elə gəlir ki, bu, artıq mümükünsüzdür. Artıq bunun üçün çox gecdir. 

 ⁃ Belə bir deyim var, “Aktyorlar, rejissorun əlində plastilin kimidir. Onlar hər bir obrazı yaratmağa qadir olmalıdır”. Bəs siz hansı obrazı heç zaman canlandırmazsınız?  

 ⁃ Bir tək gey obrazından başqa istənilən digər rolu canlandıraram. Çünki Azərbaycanda bu çox böyük ictimai qınağa səbəb olur. Mən özümü bu obrazda əsla görmürəm və oynayacağımı da düşünmürəm.  

⁃ Açıq-saçıq və seks səhnələrinə çəkilərsiniz?  

⁃ Bəli çəkilərəm. İstər açıq-saçıq, istər sevişmə rolu. Bunda heç bir problem də görmürəm. Açıq-saçıq rola hələ çəkilməmişəm. Çünki Azərbaycanda bu cür səhnəni canlandırmaq üçün yüksək səviyyəyə hələ gəlinməyib. Bizimkilər hələ “TikTok” səviyyəsindən çıxsalar, bəlkə bundan söhbət gedə bilər. Aktyor olaraq isə özümə çərçivə qoymamışam.  

⁃ Müsahibələrinizin birində babanız Nüsrət Kəsəmənlinin taleyinin sizin taleyinizlə oxşar olmasını vurğulamısınız. Bu oxşarlıq nədir? 

⁃ Rəhmətlik babamla mən oğlaq bürcündənik. Taleyimiz ona görə oxşardır ki, o da ailəsiz böyüyüb, mən də. Ana-ata qayğısından uzaq şəkildə böyümüşük. Onu da nənəsi böyüdüb, məni də. Məni böyüdən babam Nüsrət Kəsəmənlinin həyat yoldaşı, yəni nənəm Rəhilə Kəsəmənli olub. Həyatımı babama və nənəmə borcluyam. İşsizlik vəziyyətim və sənətdə özümü təsdiq edə bilməməyim mənə çox pis təsir edir. Babama mənəvi borcumu ödəyə bilməmişəm. Burada söhbət maddi vəziyyətdən getmir. İstədiyim şeyləri yerinə yetirə bilmirəm. Babamın məzarı üstündə and içmişəm ki, mən bunu etməliyəm.

Amma təəssüflər olsun ki, bunu etməyə imkan vermirlər. Babam bunları görməsə də bilirəm ki, onun ruhu qarşısında nə zamansa cavab verəcəyəm. Hər zaman əməllərimə cavabdeh olmuşam. Heç zaman heç kimin haqqını yeməmişəm. Problemli işlərdə əlim olmayıb.

Düşünmürəm ki, babam məni görsə, nəyə görəsə məndən narazılıq edər. Qısası, vicdanımı sızlaşdıracaq nəsə yoxdur.  

⁃ Babanızın sizə vəsiyyəti olub?  

⁃ Xeyr, olmayıb. Babam ölümünü hiss edirdi. O, yaşadığı vaxt mən uşaq idim. Bu səbəbdən də babam bu mövzuları mənimlə danışmazdı. O, Təbriz şəhərində oktyabr ayında vəfat edib. Mən isə həmin zaman Bakıda idim və 3-cü sinifdə oxuyurdum. Babamın dünyasını dəyişməsini məndən bir neçə ay gizlətdilər. Nənəm Rəhilə xala ona necə bağlı olduğumu bilirdi. Yatanda babamı qucaqlayıb yatırdım.  



⁃ Nənənizdən babanızın harada olduğunu soruşanda, hansı cavabı verirdi?  

⁃ Babam Təbrizdə müalicə olduğu zaman qohumumuzgildə qalırdım. Onun müalicə aldığından xəbərdar idim. Birdən-birə məni nənəmin yanına evə göndərdilər. Gördüm ki, evimizə tez-tez fərqli-fərqli insanlar gəlir. Onlar arasında qohumlar da vardı, məşhur simalar da. Uşaq olduğum üçün nənəm tez aldanacağımı bilib, fərqli, ağ yalanlar deyirdi. Nənəm söyləmişdi ki, qonşuluqda bir adam var güya yası burada edirlər. Mən də səkkiz yaşlı ağlımla bu ağ yalana inanmışdım. Sonra üstündən bir neçə gün keçdikdən sonra məzarı önünə ziyarətə apardılar.

Babamın rəhmətə getdiyini ilk dəfə orada öyrəndim. Şoka düşdüm. Yaş etibarı ilə hələ də mənə bəzi şeylər çatmırdı. Ölümün nə olduğunu bilmədiyim yaşda idim. Sonra anladım ki, babam getdi və bir daha geri gəlməyəcək. Bitdi... Bunu ilk dəfədir etiraf edirəm, bir neçə ay olub ki, çəkilib bir yerə, ailəm bunu görməsin deyə gizli şəkildə dayanmadan ağlamışam. Bəlkə də yetkinlik yaşlarımda babamı itirsəydim, lap pis olardım. İndi mənə deyə bilərlər ki, hamının babası rəhmətə gedir, amma sənin kimi bu qədər yas saxlamır.

Heç zaman anam-atam yanımda olmayıb. Məni nənəm və babam saxlayıb. Onları baba-nənə kimi yox, ata-ana kimi görmüşəm. Heç bir zaman aramızda baba-nənə münasibəti olmayıb. Babama ata, nənəmə isə ana demişəm. Çox böyük bağlılığımız olub. Babam özü ilə məni iş yerinə kimi hər yerə aparırdı. Qayğısız qoymurdu. O rəhmətə gedənə kimi Yazıçılar Birliyində çalışırdı. Babamla mənim münasibətim tamamilə fərqli olub. 

Bir hadisəni sizə danışım. Kanallardan biri babamdan müsahibə almaq üçün evimizə gəlmişdi. Müxbir soruşdu ki, bu bala kimdir? Babam isə cavabında nə nəvəsi, nə də ki, övladı olduğunu bildirdi. Dedi ki, o, mənim ürəyim, həyatımdır. Yəni konkret olaraq cavab verməyib. Mənim də, onun da valideynsiz olmağım onun mənə qarşı münasibətində həssaslıq yaradıb. O, öz taleyini məndə görürdü. Bəzi məsələlər oldu, ailəsiz böyüdüm. Həyatım film kimidir. Amma heç zaman bunlarla gündəmə gəlməyə çalışmamışam. Bəlkə də bu müsahibəni oxuyan oxuyucularınız taleyimi bu qədər pis gözləmədiklərini söyləyəcəklər. Hansı ki, taleyimi bilən insanların sayı barmaq sayılacaq qədər azdır.  



⁃ Babanız yuxularınıza girirmi?

⁃ Çoxdandır yuxuma da girmir. Amma onu düşündüyüm vaxtlar həqiqətən çox olur. Onunla kontakta girmək istərdim, öyrənim ki, məndən razıdırmı? İstərdim ki, mənə məsləhət versin, səbrli olmağı öyrətsin. Çünki uğur əldə etmək istəməyimin səbəbi babam Nüsrət Kəsəmənliyə görədir. İstəyirəm onun adını uca edim və məndən sonra gələn nəsil kəsəmənlilər nəslinin kimliyi haqda məlumatı olsun. Şeir elə şeydir ki, bəlkə də müəyyən dövrdən sonra gündəmdən düşəcək. Amma mən kəsəmənlilər nəslini yaşadaram. Əsas istəyim də budur. Gözləyəcəyəm, yenə də gözləyəcəyəm. Olmasa da bu artıq məndən aslı olmayan səbəblərdir.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO