Baxımsız bir bağ... Hər şey yabanı.. Kol-kos bürümüş aləmi, tikanlarından keçmək olmur. Sadəcə, yarı qurumuş bir gül kolu, budağında tənha Qızılgül...
Bu Gül üzərindən əsən hər yelin nəfəsində öz gözəlliyindən xəbərsiz məsumca titrəyir budaşında. Eşq məlaikəsi enmiş yer üzünə, sərmiş qanadlarını, kənardan Yaradanın gözəlliyini, yaradılışın hikmətini seyr edir Gülün ləçəklərində... Sükuta dalıb, təbiətin kimsəsizliyində, səssizliyində, öz xəyallarında sadəcə seyr edir məhəbbətini...
Bir tutqun səhər duyğusuz biri keçirdi bu bağın kənarından. Vurulduğunu zənn etdi Qızılgülə, əlini uzadıb, candan xəbərsiz.., dərdi budağından. Aparıb güldana qoydu, tapdığından bir az su tökdü dibinə. Qaldı nəzərdən kənarda, budağından ayrı, soldu Qızılgül. Nə yaşatmadılar, nə də atmadılar...
Bu yalqızlıqda üşüdü Eşq məlaikəsi. Qəlbi buzladı, nəfəsi şaxtaya döndü... Çəkildi yer üzündən göy məmləkətinə.
Soldu.. Amma gözəlliyinin, sadəcə rəsmi qaldı... Ekibama oldu... Bir gül baxçasının həsrətini oyandırdı könüllərdə... Sadəcə, nostalji oldu... Qızılgül!
Amma Ruh başının üstündən çəkilmədi. Gömülməmiş cəsədini tərk edə bilmədi Ruh. Bir gün xatırladı Eşq məlaikəsini. Uçub qəlbinə doldu. Eşq məlaikəsinin qəlbi duydu bu hərarəti, açıldı buzu, axdı canı gözlərindən göz yaşı kimi... Bir damlası düşdü yer üzündə solmuş tənha Qızılgülün ləçəyinə. Dirildi Qızılgül bir eşq atəşiylə.
Amma Qızılgül budağından ayrı... Yaşamaq üçün Eşq məlaikəsinin göz yaşlarına möhtac...
TƏZAD
Qərib kimsəsizliyin yolçusu kimi gedirəm şəhərin toz-torpaqlı küçəsiylə. Toz duman kimi çökür üzərimə bu şəhərin boz-bulanıq havasından...
Ruhum bədənimə biçilməyib... Bədən sanki özgəsinin.
Önümdə biri gedir, şalvarı, köynəyi əyninə biçilməyib, hər şey sanki özgəsinin. Ayaqqabısı hər an tərk ediləcək cəsəd kimi..., dabanı əzik, üstü də əzik-üzük...
Qəfil dayandı adam, bir kənara çəkilib durdu, sadəcə.... Ötüb keçdim. Amma çox gedə bilmədim. Döndüm geriyə, sordum:
-Sözünüz vardı mənə?
-Yox, sadəcə yol verirdim.
Əlini qoydu ürəyinin üstünə, məhəbbətlə gülümsədi üzümə...
Allah!... Allah!... Bu yolun genişliyində kənara çəkilib mənə yol verir adam...
Ruhu bədəninə biçilib...
































































































