Bu
dərs ili də qalmaqalla başladı. Oğlum Nicat məktəbdən evə dilxor qayıtmışdı. Nə
illah edirdim, dərdini mənə demirdi. Onun bu xasiyyətindən heç xoşum gəlmir.
Ətrafında nə baş verirsə, öz problemini özü həll etməyə çalışır. Qarşılaşdığı məsələləri
həll etməyə gücü çatmayanda isə dilxor oturur. Bu dəfə də qəm
dəryasına batdığı alnının qırışından hiss olunurdu...
Nicatın
bu halına heç dözümüm yoxdur. Daha 14 yaşı var, alnının qırışları bir ata kimi
ürəyimə köz salır. Di gəl ki, dərdini heç vaxt mənə açmır. Zira, o, mənim xəsiyyətimi
bilir, qorxur ki, əsəblərimi cilovlaya
bilməyəcək, yenə aləmi bir-birinə qatacam. Onu günahkar bilsəm, sərt şəkildə
cəzalandıracaq, problem qarşı tərəfdə görsəm oğlumun haqqını müdafiə etməyə
çalışacam.
Nicat adətən başqası günahkar olanda israrla susmağa qərar verir. Əvvəla, ona görə
ki, atasının kiminləsə düşmən olmasını istəmir. Ikincisi isə dost-tanış yanında
“demoqoqun oğlu” ünvanını qazanmaq ehtimalından çəkinir. Bunu bildiyimdən üstünə
çox getmirəm. Necə olsa, dərdini anasına anladacaq, anası də məni sakitləşdirə-sakitləşdirə
məlumatlandıracaq.
Bu
dəfə də elə oldu. Bütün israrlarıma rəğmən Nicatı danışdıra bilməsəm də bir az
keçdikdən sonra anası mənə yaxınlaşdı və-“sənə sözüm var”-dedi.
-Buyur-deyə
cavab verdim.
-Riyaziyyat
müəllimi yenə Nicata ilişib. Bu gün sinifdə uşaqlara bir sual verib. Yalnız
Nicat əlini qaldırıb. Müəllim isə ona “özünü çox öldürmə, səndən dərs soruşmayacam. Mən sənin müəllimin deyiləm”-deyib.
Yoldaşım
nədənsə bu dəfə sözünü mənə sakitləşdirici tərzdə demirdi. Doğrusu, xəbərdən
daha çox onun bu tövrünə təəccüblənmişdim. Görünür, onlar da artıq riyaziyyat
müəlliminin hərəkətlərindən zinhara gəliblər-deyə düşündüm. Elə o anda
telefonum zəng çaldı. Nömrəyə baxdım. Yaxın dostum idi.
Hər
gün olmasa belə, günaşırı bu dostumla görüşür, dərdləşirik. Söhbətlərimiz adətən
şeir-sənət ətrafında olur.
Dostum
gözəl şairdir. O, həm də rayon təhsil şöbəsində işləyir. Dəfələrlə Nicatın məktəbdə
qarşılaşdığı problemləri onunla müzakirə etmişəm. Sağ olsun, hər dəfə də ya məsləhətləriylə,
ya da şəxsi təşəbbüsləriylə məsələləri yoluna qoyub. İndi onun mənə zəng etməsini
ilahi bir təsadüf hesab etdim. Əks halda yəqin ki, məsələyə özüm müdaxilə edəcəkdim.
Mənim isə belə məsələlərdə heç bəxtim gətirmir. Haqsızlıq qarşısında dözə bilmədiyimə
görə, əsəblərimi nə qədər cilovlamağa çalışsam da qarşı tərəfin israrla öz
mövqeyində qalması məni tamamilə özümdən çıxarır. Riyaziyyat müəllimi isə deyəsən
lap kal armuda bənzəyir. Ötən ildən bəri boğazımızda ilişib qalan bu kal
armudla əlləşirəm, amma heç bir nəticə hasil olmur. Dostumun belə vaxtda peyda
olması işimi xeyli yüngülləşdirə bilərdi. Mənim əvəzimə məktəb yetkililəriylə
danışar, yaranan problemi həll etməyə çalışardı. Bu fikirlərlə telefonu açdım.
-Salam
şair, necəsən?
-Sağ
ol, ustad, sən necəsən?
-Mən
də yaxşıyam. Zəng etdim, görüm, zamanın varsa bir çay içək.
-Əlbəttə,
zamanım var. Üstəlik, səndən bir məsləhət almaq istəyirəm.
-Onda
15 dəqiqədən sonra ağaclıqda görüşərik.
Tələsik
paltarımı dəyişib ağaclıq adlandırdığımız çayxanaya yollandım. Adətimə xilaf
çıxaraq bura dostumdan əvvəl gəlmişdim. Münasib bir masa seçib oturdum.
Çayxanada işləyən xanım mənə yaxınlaşıb nə istədiyimi soruşdu. Çay sifariş
verib yenə xəyallara daldım.
Bu
adam Nicatdan nə istəyir, axı? Ötən tədris ilində yalnız bir dəfə dərsə
çıxarmışdı. Dərsdən “5” almasına baxmayaraq rüb qiymətində ona "4" vermişdi. Qiymətin zərrə qədər əhəmiyyəti olmadığından buna çox əhəmiyyət verməsəm
də müəllimin bu hərəkəti mənə təəccüblü gəlmişdi. Olmaya, Nicat özünü dərslərdə
yaxşı aparmır, müəllimlər isə onu bu cür cəzalandırırlar-deyə düşünmüşdüm. Elə
bunu araşdırmaq üçün də indi görüşəcəyim dostuma müraciət etmişdim. O da öz
növbəsində məktəbin direktor müavini ilə danışmış və ondan Nicatı vaxtaşırı dərsə
çıxarmağı xahiş etmişdi. Nə yazıq ki, vəziyyət dəyişilməmiş, dəfələrlə təkrar
olunan bütün müraciətlərimiz heç bir nəticə verməmişdi. Nəhayət, məcbur qalıb
özüm valideynlər iclasında problemi qaldırmış, bunun səbəbiylə maraqlanmışdım.
Sinif rəhbəri Nicatın dərslərdə özünü aparmasından narazılıq etməmişdi. Daha
sonra bərabər jurnala baxmışdıq. Dərsə durmadığı halda oğluma bir neçə "3" və "4" qiyməti yazılmışdı.
Yaxşı
ki, o zaman oğlumun gündəliyini də özümlə aparmış, yazılan qiymətlərin əsassız
olduğunu sübut etməyi bacarmışdım. Sinif müəlliməsi mənimlə razılaşsa da
jurnala müdaxilə edə bilməyəcəyini demişdi. Mən də rüblüyə yazılan qiymətin mənasız
olduğunu, uşağın bilgisində heç bir önəmli rol oynamadığını düşündüyümdən çox
mübahisə etməmişdim.
İndisə
yeni dərs ili başlayar-başlamaz müəllim şagirdə “mən sənin müəllimin deyiləm”-deyirdi.
Öz-özümə mırıldadım-Onda sən həmin sinifdə nə qələt edirsən? Bu zaman başımın
üstündən bir səs gəldi:
-“Yenə
göylərdədir şair xəyalın”. Nə olub, şair, yenə kimi yamanlayırsan elə?
-Salam,
ustad. Necəsən?-deyib başımın üzərində dayanan dostumla salamlaşdım.-Heç, boş
ver. Oturaq, çay içə-içə sənə bir məsələni danışacam.
Şair
dostumla çay masası arxasında oturub söhbətə yeni yazdığımız şeirlərdən başladıq.
Düzü, bu şeir söhbətinin uzanması məni xeyli pəjmürdə edirdi. Tezliklə bu
cansıxıcı müzakirəni bitirib Nicatın məsələsinə gəlmək istətyirdim. Şeir söhbəti
isə bitənə oxşamırdı. Öz-özümü qınamağa başladım-adam gələr-gəlməz, nə
problemim olduğunu soruşurdu. Mən isə gül kimi fürsəti yelə verdim. Gərək elə o
zaman danışardım. Düzdür, bir az söhbətə salam-əleyküsüz başlamış olacaqdıq.
Amma hər halda içimə yığışıb ürəyimə yük olan dərdimi dostumla bölüşəcəkdim.
Narahat-narahat dostuma baxdım. Deyəsən o da içimi gəmirən sözümün olduğunu
hiss etmişdi.
-Sənin
nə dərdin var, dost? Sözlü adama oxşayırsan.
-Demə,
ustad. Bu zaraza riyaziyyat müəllimi yenə uşağa ilişib.-deyə hadisəni ona nəql
etdim. Dostum çox təəccüblənmişdi:
-Elə
şey ola bilməz. Bir müəllim uşağa niyə o sözü desin?-deyib əlini telefona
atdı,-Qoy, mən indi direktorla danışaram.
Bir
neçə dəfə zəng etməsinə baxmayaraq məktəbin direktoru zənglərə cavab vermirdi.
Dostuma dedim:
-Ustad,
boş ver direktoru. Bəlkə elə riyaziyyat müəlliminin özüylə danışasan?
-Bəlkə
də bu daha doğru olar. Müəllimi də direktorun yanında gözükölgəli etmərik. Səndə
onun nömrəsi varmı?
-Onun
yoxdur, amma sinif rəhbərinin var. Sinif rəhbərindən soruşub öyrənərəm.
-Yox,
sən nömrəni mənə ver, özüm öyrənim.
Telefonun
yaddaşına baxıb sinif rəhbərinin nömrəsini tapdım və dostuma dedim. Dostum söylədiyim
rəqəmləri yığaraq qarşı tərəfdən riyaziyyat müəlliminin telefon nömrəsini öyrəndi.
Daha sonra həmin nömrəyə zəng etdi:
-Salam
müəllim. Necəsiniz?
Qarşı
tərəfdən gələn səsi dinlədikdən sonra
-Mən
təhsil şöbəsinin məsul işçisiyəm. Sizin bir şagirdinizin valideyni bizə dəfələrlə
şikayət edib...
-...
-Şagirdin
adı Nicatdır. 9-cu sinifdə oxuyur. Bu gün dərsdə onu acılayaraq deyibsiniz ki,
mən sənin müəllimin deyiləm.
-...
-Əziz
müəllim, siz bir müəllim kimi danışmırsınız. Əvvəla, siz şagirdlə o şəkildə
danışa bilmərsiniz. İkincisi, onu niyə bir il ərzində yalnız bir dəfə dərsə
qaldırırsınız?
-...
-Xeyr,
sizin elə bir ixtiyarınız yoxdur.
-...
-Sizin
neçə yaşınız var ki?
-...
-Həmyaşıdıq.
Elə mənim də 60 yaşım var. Amma bunun məsələyə heç bir dəxli yoxdur. Sizin lap
100 yaşınız da ola bilər. Təhsil haqqında əsasnaməyə görə...
-...
-Sizin
bu sözlərinizdə heç bir məntiq yoxdur. Necə yəni, mənim niyə hazırlıq dərslərimə
gəlmir? Bu sizə əsas verə bilməz ki, uşağı dərsə çıxarmayasınız.
Məsələ
aydın idi. 60 yaşlı müəllim 14 yaşlı Nicatı hazırlığa getmədiyinə görə
gözümçıxdıya salmışdı.
Nə
yazıq ki, hazırda bütün məktəblərdə belədir. Maaşlarının azlığı müəllimi ən
ağlasığmaz metodlara əl atmağa məcbur edir. Onlar adətən şagirdləri özəl
hazırlıqlara çağırır, hər birindən ayda 50, 60 manat pul alaraq ali məktəblərin
qəbul imtahanlarına hazırlaşdırırlar. Hökumətin müəllimlərə dilənçi pulu verməsinin
əzabını beləcə şagirdlər və onların valideynləri çəkirlər.
Qəbul
imtahanlarına hazırlıq isə sizə asan gəlməsin. Bunun üçün hər bir şagird 5 dərsdən
hazırlaşmalıdır. Bu da öz növbəsində ailə büdcəsindən 250-300 manat
civarında pulun bir övladın təhsilinə ayrılmasını tələb edir. Orta azərbaycanlı
ailəsində ən azı 2 övladın olduğunu nəzərə alsaq bu məbləğ aylıq maaşın hardasa
400-500 manat civarında olan ölkənin vətəndaşları üçün kifayət qədər ciddi yük
deməkdir. Ən pisi isə o idi ki, bəzi müəllimlər vəziyyətdən sui-istifadə
edirlər. Onlar məktəbdə keyfiyyətli dərs keçmir, şagirdlərin qiymətini kəsərək
zorla özəl hazırlığa çağırırlar. İndi aydın olur ki, riyaziyyatdan sinifdə fəallıq
göstərən Nicat da məhz bu mənfi tendensiyanın qurbanına çevrilib.
Birdən
beynimdə ürəyimi bulandıran bir fikir oyandı. Hakimiyyətin yeritdiyi siyasət
dünyanın ən nəcib peşə sahibi olan müəllimləri vətəndaşın parazitinə çevirib. Özü
də sözün həqiqi mənasında. Müəllimlər əsl parazit kimi ailələrin onsuz da dar
olan büdcəsinə daraşıb onları sümürürlər. Buna tabe olmayanlara isə müəllim etmək
istəmirlər. Nicatın riyazıyyat müəllimi kimi...
Çevrilib
dostuma tərəf baxdım. O hələ də telefonda qocaman bir parazitə müəllimlik sənətinin incəliklərini
öyrətməyə çalışırdı.






























































































