…Əsrin dörddə biri qədər zaman kəsimində bizsiz qalan Ağdam şəhərinin çox atributları vardı; Ağdam məscidi, Ağdam çayxanası, Ağdam çörək muzeyi, Ağdam İmarəti, Ağdam bazarı, kimlər üçünsə Ağdam çaxır zavodu, “Ağdam” çaxırı, pivəsi… Bunlar maddi-mənəvi atributlar idi. Bir də Ağdamın canlı mənəvi rəmzləri vardı- məşhur ziyalıları, musiqiçiləri, xanəndələri, xalq-hökumət balansını gözləyə bilən kişi vəzifə sahibləri və s. 1988-ci ildən bu yana bu atributlar sırasına Qarabağ qəhrəmanları da qatıldı; Freyd Asif, Şirin Mirzəyev, Allahverdi Bağırov, “Qatır Məmməd” və s.xa0xa0
Ağdamın sağlıq, əmin-amanlıq günlərinin son dönəmlərinədək – hələ sovet dövründə isəxa0 Ağdam deyincə öncə göz önünə iki nur üzlü insan gəlirdi: onlardan biri Seyid Lazım Ağa, digəri isə Xudu Məmmədov idi… Bu iki insan Ağdamın, Qarabağın mənəvi simasına çevrilmişdi… Hər ikisixa0 xalqın sevimlisi idi… Dünya şöhrətli kristalloqraf alim Xudu Məmmədovu insanlarxa0 həm el arasında, həm dəxa0 televiziya kanallarında, qəzet səhifələrində görüb insanlığına, sadəliyinə, hikmətlərinə görə sevirdi. Fəqət, Seyid Lazım Ağaya sevgi və sayğı bütövlükdə xalqxa0 içindən, el arasından qaynaqlanır, sovetlərin allahsızlıq dövrlərindəki amansız basqılara, repressiyalara rəğmən qəlblərdə işartısı görünən, közərən Allah imanından, İslam, Peyğəmbər(s),xa0 İmam Əli(s), İmam Hüseyn(s)xa0 sevdasından gəlirdi…xa0

Qısa tanıtım:xa0 Seyid Lazım Ağa 1880-ci ildə indiki Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olub. Lakin ömrünün böyük hissəsini Ağdam rayonunda yaşayıb. Əvvəlcə Çəmənli, sonra isə Şıxbabalı kəndlərində ömür sürüb. XX əsrin əvvəllərində Ağdamın Çəmənli kəndində çox xeyirxah insan olan, qubernatorun yüzbaşısı işləyən Alı bəy yaşayıb. Alı yüzbaşı Seyid Lazım Ağanın ata-babası ilə çox yaxın dost olub. Ona görə də ailəni Çəmənli kəndinə dəvət edib və burada yaşaması üçün hər cür şərait yaradıb. Seyid Lazım Ağanın nəsli 4-cü imamımız Həzrəti Zeynalabdinin (ə) nəslinə mənsubdur. Seyidxa0
Lazım Ağa həm də düşmənlərə qarşı mübariz insan olub. O, 1914-1918-ci illərdəxa0 xalq qəhrəmanı Sultan bəyin dəstəsində qulağı kəsik erməni daşnak generalı Andranikə qarşı vuruşub.xa0
Seyid Lazım Ağa 1994-cü ildə məcburi köçkün olduğu Mingəçevir şəhərində vəfat edib. Öz vəsiyyətinə əsasən Ağdam rayonunun Çəmənli kəndində dəfn edilib. Hazırda Seyid Lazım Ağanın məzarı üzərindəki məqbərəsini minlərlə insan ziyarət edir.
İmperiyalar dövründə də heç bir qadağa, heç bir qanun Peyğəmbər(s) yadigarı olan Seyid Lazım Ağaya sevgini, o inancı söndürə bilmirdi… Bildiyimizə görə, mərhum prezident Heydər Əliyev 1970-ci ildə Ağdam rayonunda səfərdə olarkən Seyid Lazım Ağanı şəxsənxa0 ziyarət edib…xa0

İslamazeri.com saytında jurnalist İlkin Məmmədlinin Seyid Lazım Ağa haqqında yazdığı məqalədə oxuyuruq:
“Gözəl əxlaqlı ,sağlam vücudlu, uca boylu, üzündən nur yağan bu Peyğəmbər(s) övladının 114 illik həyatı möcüzələrlə dolu olub. Onun cəddinə pənah gətirən heç kim ümidsiz qayıtmayıb. Heç kəsdən özü üçün nəzir qəbul etməzdi. Verilən nəziri kasıblara paylayardı. Dini məktəb oxumasa da, Seyid Lazım Ağa Quranı əzbərdən bilir, çox mükəmməl Quran oxuyardı. Torpağa çox bağlı olan Seyid Lazım Ağa təsərrüfatla, heyvandarlıqla məşğul idi. Başına qaragül dərisindən papaq qoyarmış. Ağdam camaatı üçün Seyid Lazım Ağanın sözü “Quran” ayəsi kimiydi, heç kim keçə bilməzdi. Camaat Ağanın şəkillərini ciblərində gəzdirir, maşınlarının ön şüşəsinə yapışdırır, evlərinin ən görkəmli yerlərindən asırdı. Ağa adətən çox vaxt bazarda onun üçün qoz ağacından xüsusi hazırlanmış kürsüdə otururdu. Bazara gələnlərin çoxu onun əlindən öpməmiş, xeyir-duasını almamış bazardan çıxmazdı. Nəzir-niyazı olanlar da onu elə burda tapardı. Dükanın qarşısında bir qutu vardı, bu qutu axşamadək nəzir-niyazla dolardı. Amma Ağa əlini o nəzir-niyaza vurmazdı, bu nəzir-niyaz kasıb və ehtiyaclı insanlara paylanırdı. Yenicə hansısa işə başlayanlar, ya bir vəzifəyə gedənlər Ağadan bir-iki manat pul alardı - bərəkət olsun deyə...”
Hətta İslamın, Peyğəmbərliyin mahiyyətini anlamayan, namaz qılıb oruc tutmayan adi insanlar belə,xa0 Seyid Lazım Ağanın yalnız adı gələndə özlərini yığışdırırdı. Belələri üçün Bakıda Seyid Mirmövsümağa necə bütləşmişdisə, Seyid Lazım Ağa da Ağdamda, Qarabağda bütləşmişdi. Seyid Lazım Ağa –xa0 Ərəbistandan, İraqdan indiki Laçın ərazilərinə, oradan Ağdama, Bərdəyəxa0 yayılan Peyğəmbər(s) nəslini təcəssüm etdirən nadir canlı heykəllərdən idi. Onun varlığı bizlərə bu dünyada itirməkdə olduğumuz LAZIM olan yolu –Allah, Peyğəmbər(s), Quran yolunu göstərirdi. Nə yazıqlar ki, çoxumuz yalnız o sonsuz dərəcədə LAZIMlı kişiyə -Kainat Əfəndisinin yadigarına nəzir verməklə, seyidlik, cədd nə olduğunu bilmədən onun “cəddini çağırmaqla”xa0 borcumuzu bitmiş hesab edirdik… Fəqət, o Peyğəmbər(s) övladının buyurduğu yola lazımınca riayət etmirdik, halalı-harama qatırdıq…xa0
Rusiya imperiyası ermənilər və ermənipərəstlər vasitəsi ilə öncə ruhumuzu, mənliyimizi, dinimizi, imanımızı əlimizdən aldılar, sonra torpaqlarımızı işğal etdilər…. “Ağdam” çaxırı, pivəsi, arağı içib erməni bazarda çəkidə, qiymətdə, keyfiyyətdə alıcıları aldatdıqdan, qızlarıyla zina etdikdən sonra bir az çətinə düşəndə, işlərimiz dolaşanda, alverimiz zəif gedəndə Seyid Lazım Ağa, Ağdam məscidi yada düşür, gedib nəzir-niyaz verirdik… Bu minvalla nəfsimizə uyduğumuzdan 1988-1993-cü illərdə düşmən güclər qəfil bizi haqlayanda başımızı itirdik, birləşə bilmədik, yağılar bizi asanlıqla parçaladı və minlərlə şəhid versək də, Ağdam kimi şəhəri əlimizdən aldı... Cənnət-məkanxa0 bir şəhərin yerində ucsuz-bucaqsız xarabalıqlar qaldı… O günlərdən də Ağdam bütünxa0 mənalarda LAZIMSIZ qaldı… İşğaldan bir il ötməmiş -1994-cü ilin yanvarında Seyid Lazım Ağa bu dünyadan Haqq dünyasına köçdü, 6 ay keçmiş Haqq yolunun dönməz yolçularından olan Freyd Asif də uğrunda illərlə savaşıb canını qoyduğu doğma şəhərinin LAZIMsızlığına dözməyib dünyasını dəyişdi…
Bizlər isə 25 ildirxa0 “qaçqın”, “köçkün”, “torpağını aza edə bilməyən millət” və s. töhmətlərinə dözə-dözə deyirik: “LAZIM gəlsə, Ağdamı da, Şuşanı da, hətta İrəvanı da azad edə bilərik…”
Seyid Lazım Ağadan söhbət gedirsə, o uca varlığınxa0 bir daha bu dünyaya dönməsi mümkünsüzdür… Amma sözsüz ki, o kişinin Allah dərgahındakı ruhu Ağdamın LAZIMSIZ qalmasına çox narahatdır… Və çox güman ki, Axirət günündə Peyğəmbərimizlə(s) yanaşı, o Ağa da bizdən digər işğal altındakı bölgələrimizin də taleyinə nədən laqeydlik göstərdiyimizi, onları nədən LAZIMSIZ etdiyimizi soracaq…
Qarabağın, o cümlədən Ağdamın azad edilməsinin lazım gəlməsindən söhbət gedirsə,xa0 bu ifadəni işlətməyin özü yanlışdı. Çünkixa0 “lazım gəlsə” deyiriksə, deməli, hələ bu torpaqların bizlərə nə qədər LAZIM olduğunu dərk edə bilmirik… Deməli, 25-27 ildir Ağdam, Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan və s. bizlərə LAZIM deyil?..
Niyə demirik ki, lazım gəlsə, özümüzə villa ucaldacağıq, “Ağdam”, “Şuşa”, “Cıdır düzü”, “Zəngəzur” restoranları, şadlıq evləri, kafeləri tikəcəyik? Belə tikililəri 2-3 günə tamamlayırıq… Çünki onlar bizə gerçəkdən LAZIMDIR…
İkincisi də, hər gün, hər saat torpaqların azadlığı uğrunda LAZIM olanı etməliyik, LAZIMixa0 yolu getməliyik ki,xa0 torpaqlarımızın azadlığı üçün də LAZIM gələni edə bilək… Bu yol isə Allah, Peyğəmbər(s), Quran, Seyid Lazım Ağa yoludur, yalançılıq, məddahlıq, saxtakarlıq, dələduzluq, korrupsiya yolu deyil…
P.S. Seyid Lazım Ağanı tanıyanlar onun 3 həyat prinsipi olduğunu və buna daim riayət etdiyini vurğulayır: ədalət, səxavət, ibadət… Səmimi cavab verək: hazırda ölkəmizdə bu prinsiplərdən hansı birinə kütləvi şəkildə əməl olunur?..



































































































