Azərbaycan qazı Avropa bazarında 1№ olur – Bolqarıstanda son baş verənlər İlham Şabanın təqdimatında

Azərbaycan qazı Avropa bazarında 1№ olur – Bolqarıstanda son baş verənlər İlham Şabanın təqdimatında

Hazırda oxunan: Azərbaycan qazı Avropa bazarında 1№ olur – Bolqarıstanda son baş verənlər İlham Şabanın təqdimatında

96872

Sentyabrın son həftəsi istər dünyanın enerji sektoru üçün, istərsə də hərbi-siyasi durumu üçün çox gərgin keçdi. Bir anlıq təsəvvür edin: həftə enerji bazarları üçün sakit bir tərzdə başlasa da (Brent markalı neftin hər bareli 83 dollardan aşağı qiymətə, min kubmetr qazın Avropadakı qiyməti isə 1700 dollara ticarət edilir), bazar iştirakçılarında bir narahatçılıq vardı.

Bu da əbəs deyildi, çünki Moskva Ukraynanın işğal altında olan 4 vilayətinin Rusiya Federasiyasına daxil olması ilə bağlı referendumu sentyabrın 27-də yekunlaşdırırdı.

Kremlin belə addımı kollektiv Qərblə münasibətlərinin qeyri-müəyyən dövrədək daha da gərginləşəcəyindən xəbər verirdi.

Qlobal bazarlar. Amma sentyabrın 27-də elə bir hadisə baş verdi ki, qlobal bazarlara ani təsiri qəfildən ildırım çaxmasına bənzərdi. Rusiyanın birbaşa Avropaya ixrac etdiyi iki qaz kəmərində eyni vaxtda indiyə qədər dünyada görünməmiş hadisə baş verdi:

Baltik dənizinin dibi ilə çəkilmiş “Şimal axını-1” və “Şimal axını-2” kəmərlər sistemində eyni vaxtda bir birinə yaxın məsafədə təzyiqin kəskin aşağı düşməsi. Və bu hadisənin qəribəliyi onda idi ki, hələ indiyə qədər boruların partlama nəticəsində zədələnməsi və ya tikinti zamanı buraxılan səhvlər ucbatından indi sızmaya məruz qalması müəyyən edilməyib.

Və bir qədər keçəndən sonra Danimarka və İsveç səlahiyyətlilərinin məlumatına görə, Bornholm adasının yaxınlığında “Şimal axını” kəmərlər sistemində 4 sızma nöqtəsinin baş verdiyi açıqlandı. Almaniya, Danimarka və İsveç hadisənin təxribat olduğunu istisna etmədiyini açıqladı.

Dünən isə Rusiya prezidenti Vladimir Putin bu hadisədə Britaniya və ABŞ-ın maraqlı olduğunu dilə gətirdi, yəni sözündən belə çıxırdı ki, onlar Rusiyanı Avropanın stabil qaz təhcizatçısı rolunda çıxış etməsinin qarşısını ən radikal yollarla almaqdan belə çəkinmir.

Və bazarların reaksiyası bu hadisəyə təşviş xarakterli və emosional oldu. Brent markalı neft 90 dollara qədər, qaz isə 2200 dollara qədər bahalaşdı. Bazar iştirakçılarının belə münasibəti aydındır: stabilliyi pozan hər bir hadisə qlobal bazarların gələcək təhcizatındakı stabilliyi pozur. 

Ümumilikdə isə, qlobal bazarlarda “Brent” markalı neft üçüncü rübdə dəyərinin 20%-dən çox itirdi. Təkcə sentyabr ayında neft qiymətləri dünya bazarlarında 8% ucuzlaşmaya məruz qaldı.

Bunun səbəbi isə bir çox iri mərkəzi bankların monetar siyasəti sərtləşdirməsi, qlobal iqtisadi tənəzzül qorxusunun artması və nəticədə tələbin zəifləməsi kimi faktorlardan qaynaqlanırdı. 

Bu arada, bazarın diqqəti həmçinin oktyabrın 5-də baş tutacaq növbəti OPEC+ görüşünə yönəlir. Analitiklər qiymətlərin bazarda enişi səbəbindən alyansın neft hasilatını əhəmiyyətli dərəcədə azaltmağa qərar verə biləcəyini də istisna etmirlər.

Xəzərin bazarları birləşdirən enerji mərkəzinə çevrilməsi bəyanatı da bu həftə diqqət çəkən məqam oldu.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez Xəzərin şərqini və qərbini birləşdirməyə çağırış edib.  “Anadolu” agentliyinin məlumatına görə, nazir bunu Almatı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitdə türk dövlətləri arasında enerji sahəsində daha sıx əməkdaşlıq vacibdir.

“Ölkələrimiz bir çox sahələrdə bir-birini tamamlayan xüsusiyyətlərə malikdir və bununla əlaqədar bu potensial xüsusilə neft-qaz layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq məqsədilə istifadə edilməlidir. Enerji sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi üzərində işləmək lazımdır. Biz Xəzərin şərqini və qərbini birləşdirməliyik”, - deyə Fatih Dönmez qeyd edib.

Azərbaycan qazının Bolqarıstana ixracı layihəsi çərçivəsində nəhayət ki, TAP-ın qolu olan Yunanıstan-Bolqarıstan birləşdirici kəməri (İGB) oktyabrın 1-də istismara verildi.

Azərbaycan prezidenti İlham Əliyev, gözlənildiyi kimi, Sofiyada Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) kommersiya istismarına verilməsi mərasimində iştirak edəcək.

Bolqarıstan prezidentinin dəftərxanasının yaydığı məlumata görə, bu mərasimdə Avropa Komissiyasının sədri Ursula fin der Lyayen, Azərbaycan prezidenti İlham Əliyev, Şimali Makedoniya prezidenti Stevo Pendarovski, Serbiya prezidenti Aleksandr Vuçiç, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın baş naziri Nikolae Çuke və digər rəsmi şəxslər iştirak edəcəklər.

Amma Azərbaycan prezidenti mərasimdən bir gün əvvəl Sofiyaya rəsmi səfərə qatıldı. Bu da səbəbsiz deyildi. Çünki Azərbaycan və Bolqarıstan hələ 7 il bundan öncə əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qədər artırılması üçün ilk addımlarını atmışdılar. 

Azərbaycan prezidenti İlham Əliyev Sofiyada öz həmkarı Rumen Radevlə görüşdə bir sıra mühüm bəyanatları ilə yadda qaldı. Onları çeşidləsək, aşağıdakı maraqlı sahələri müşahidə edə bilərik: 

Avropa qaz bazarı haqda. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı stabil təbii qazla təmin edək.

Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropa ölkələri üçün önəm daşıyan ölkədir. Bizim üçün də Avropa bazarı, o cümlədən Bolqarıstan və onunla qonşu ölkələrin bazarları böyük maraq kəsb edir.

Azərbaycanın qaz ehtiyatları. Azərbaycan Avropaya qaz ixracını ən azı 2 dəfə artırmaq imkanına malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında iyulun 18-də enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə (2027-ci ildə) Azərbaycan Avropaya qaz ixracını ən azı 2 dəfə artıracaq və buna imkan var.

Çünki Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu Azərbaycana imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. 
Bolqarıstana əlavə qaz ixracı.


Biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və bununla bağlı artıq müvafiq göstərişlər verilib. Əminəm ki, yeni işə salınacaq qaz kəməri həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaq.

Qeyd edək ki, İGB birləşdirici qaz kəmərinin oktyabrın 1-dən etibarən işə salınması Azərbaycandan Bolqarıstana müqavilədə göstərilən həcmdə - 1 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək ki, bu da ölkənin qaza tələbatının üçdə birini təşkil edir.

Bununla belə, Sofiya Azərbaycandan əlavə olaraq ildə 0,5-1 milyard kubmetr qaz almağa ümid edir.

Rəsmi statistikaya görə, Azərbaycan 2021-ci ildə Bolqarıstana 280 milyon kubmetr qaz ixrac edib.2022-ci ildə Azərbaycandan ixrac 600 milyon kubmetr həcmində proqnozlaşdırılır, bu da Sofiyanın qaz istehlakının 19%-nin ödənilməsinə imkan yaradacaq. Gələn il isə bu həcmlər 1 milyard kubmetrə qədər artırılacaq.

SOCAR Bolqarıstan bazarında. Azərbaycan prezidenti İlham Əliyev SOCAR-ın Bolqarıstanda ofisinin açılacağının anonsunu verib. Prezident Əliyev hesab edir ki, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı artıq çatıb.

“Bolqarıstan Prezidenti ilə SOCAR-ın bu ölkədə ofisinin açılması məsələsini müzakirə etdik. Əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik. Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri də müzakirə etdik”, - deyə dövlət başçısı Sofiyada mətbuata bəyanatla çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olunub.

Avropada Azərbaycan qazına maraq. Bolqarıstan Prezidenti Rumen Radev bildirib ki, Rumıniya, Macarıstan və Slovakiya Azərbaycan qazının öz ərazilərindən qəbulunda və tranzitində maraqlıdır.

“Daha bir vacib məsələni diqqətinizə çatdırmaq istəyirəm, dünən aldığım təklifi cənab Əliyevlə bölüşdüm. Bizə daha 3 Avropa ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya müraciət edib, onlar əlavə həcmdə qaz almaq və nəql etmək istəyirlər”, - deyə Radev cümə günü Sofiyada Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekununda bildirib.

Radev əlavə edib ki, sabah bu təklif rəsmən müzakirəyə çıxarılacaq. “Biz bunu Avropa Komissiyasının prezidenti və hər bir ölkənin nümayəndələri ilə müzakirə edəcəyik. Biz buna hazırıq. Bir ay ərzində yüksək səviyyəli görüş təşkil oluna bilər. Beləliklə, biz layihəni irəli sürə və onun icrasına başlaya bilərik”, - deyə Bolqarıstan Prezidenti bildirib.

Onun sözlərinə görə, Yunanıstan-Bolqarıstan qaz kəməri strateji layihə kimi həm ölkəmiz, həm də Şərqi Avropa üçün çox vacibdir. “İnterkonnektor bizə ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini yenidən cızacaq. Bu elə bir infrastruktur layihəsidir ki, onun sayəsində biz təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik”, deyə Bolqarıstan prezidenti vurğulayıb.

Qaz proqnozları. “TAP AG” boru kəməri konsorsiumunun idarəedici direktoru Luka Şippati sentyabrın 28-də İtaliya Enerji Sammitində çıxışı zamanı bəyan edib ki, 2022-ci ildə TAP qaz kəməri ilə Azərbaycan qazının Avropaya nəqlini 11 milyard kubmetr həcmdən çox qiymətləndirir.

Şippati qış mövsümü öncəsi İtaliyanın qaz anbarlarının doldurulmasında TAP qaz kəmərinin rolunu qeyd edərək, bunun “həyati vacib məsələ” olduğunu vurğulayıb.

“TAP İtaliya üçün ikinci qaz tədarükçüsünə çevrilir. Nəql etdiyimiz həcmlər ilə biz cari ilin sonunadək İtaliyaya 9 milyard kubmetrdən çox qaz tədarük edə bilərik. Nəticədə Əlcəzairdən sonra Azərbaycan qazı İtaliya bazarında ikinci böyük mənbə olacaq”, - deyə Şipatti bəyan edib.

Qeyd edək ki, Azərbaycan 2021-ci ildə Avropa bazarlarına 8,15 milyard kubmetr qaz çıxartmışdı. Cari ildə bu həcmlərin 40%-dək artımı proqnoz edilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO