"Qarşıdakı illərdə Azərbaycanda ərzaqla özünütəminetmə səviyyəsi daha da yaxşılaşacaq".
Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun "Prezident İlham Əliyev – zamanı qabaqlayan lider" sərlövhəli analitik məqaləsində yer alıb.
N.Əmirov qeyd edib ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir:
MÖVZU İLƏ BAĞLI:
"İqtisadi artımımız dünya üzrə orta proqnozdan 2 dəfə çoxdur" - Prezidentin köməkçisi
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı aqrar sektorda islahatların ikinci mərhələsinin başlanmasına start verib, eyni zamanda, ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin olunmasına və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edib.
Aqrar sektorda islahatların ikinci mərhələsinə başlamaqla, kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq olunub. Görülən tədbirlər nəticəsində yerli istehsal potensialı güclənmiş və ərzaq məhsullarının rəqabətqabiliyyətliliyi yüksəlib.
Nəticədə ölkəmizin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə yaxşılaşıb.
Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxt ət və süd məhsulları ilə ölkənin özünütəminetmə səviyyəsi 30-35 faiz təşkil edirdisə, 2020-ci ildə bu məhsullar üzrə özünütəminetmə səviyyəsi müvafiq olaraq 84,5 və 83,5 faizə qədər artıb.
Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal mühüm paya sahib idisə, 2020-ci ildə kartofla özünütəminetmə səviyyəsi 90,6 faiz olub.
Bütün növ tərəvəz ilə özünütəminetmə səviyyəsi 110,4 faiz, meyvə və giləmeyvə üzrə isə 116,3 faiz təşkil edib. Qarşıdakı illərdə ərzaqla özünütəminetmə səviyyəsi daha da yaxşılaşacaq.
Şübhəsiz ki, uzun illər ərzində işğal altında qalan torpaqların azad olunması ölkənin ərzaqla özünütəminetmə səviyyəsinin artırılmasına töhfə verəcək. Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsindəki nailiyyətləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında da əksini tapır və son illər ərzində ölkəmizin ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib.
Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi (The Global Food Security Index) üzrə hesabata əsasən Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə olunur. Hazırda da ərzaq təhlükəsizliyinin dayanıqlılığının gücləndirilməsi üçün yeni institusional mexanizmlər yaradılır", - N.Əmirov deyib.
Prezidentin köməkçisi vurğulayıb ki, 2021-ci ildə ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlılığının artırılması üçün Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yaradılıb:
"Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 19 iyul tarixli "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanına əsasən isə ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə yeni mexanizmlər yaradılmışdır", - N.Əmirov əlavə edib.
Bizim.Media