Xəbər verdiyimiz kimi, Avropa İttifaqı yaxın 9 ay ərzində Rusiya neftindən imtina edəcəkləri ilə bağlı açıqlama verib.
Belə ki, İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloninin sözlərinə görə neft embarqosu Rusiya iqtisadiyyatına Aİ-dən daha çox zərər verəcək.
Məsələ ilə bağlı fikirlər isə haçalanır. Rusiyalı ekspertlər Aİ-nin neft qadağası tətbiq etməsinin Birliyə daha ciddi zərər verəcəyini, əvəzində Moskvanın ixrac üçün yeni alıcılara yönələ biləcəklərini qeyd edirlər.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Rusiyaya təzyiq üçün neft qiymətlərini azalda bilərmi? – İlham Şabanın ŞƏRHİ
Qərb mütəxəssisləri isə, bu qərarın Rusiya iqtisadiyyatının onurğa sütunu sayılan xammal ixracına böyük zərbə vuracağı qənaətindədirlər.
Məlumat üçün qeyd edək ki, ABŞ və bir sıra başqa ölkələr artıq Rusiya neftindən imtina ediblər, lakin onlar Rusiyadan Avropa ölkələrindən daha az neft alıblar. Aİ ölkələri neftin 30%-ni Rusiyadan alır. Neft və qaz Rusiyanın dövlət büdcəsinin gəlirlərinin az qala yarısını təşkil edir.
Eyni zamanda, Rusiya qazının ixracının 70%-i, neftin 60%-i Aİ-nin payına düşür. Müharibənin iki ay yarımı ərzində Avropa İttifaqı Rusiyaya neftə görə 20 milyard avro pul ödəyib.
Neftin 1 bareli 150 dolları keçə bilər...
İlham Şabanın sözlərinə görə, Rusiya neftindən imtina məsələsinə bazarda etiraz edən kifayət qədər qüvvələr də var:
“Məsələn, OPEC Baş katibi Məhəmməd Barkindo OPEC+ Texniki Komitəsinin iclasında çıxış edərək bildirib ki, Rusiya gündəlik olaraq bazarlara 7 milyon barelə qədər həcmdə neft və neft məhsulları ixrac edir və hazırda dünyada bu həcmləri əvəz etmək üçün imkan yoxdur”.
“Aydındır ki, biz bu həcmləri Rusiyadan kənardakı hansısa mənbələr hesabına başqa yerdən götürə bilmərik, sərbəst neft həcmləri sadəcə yoxdur. Sanksiyalara görə onun potensial itkisini və ya könüllü olaraq edilən məhdudiyyətləri enerji bazarı mütləq hiss edəcək”, -deyə OPEC Baş katibi deyib.
İlham Şaban qeyd edib ki, embarqo dünya üzrə neft hasilatının azalması ilə nəticələnəcək:
“Əslində onun dediklərində bir həqiqət var ki, bu gün Rusiya təbii qazının 70%-nə yaxını, ixrac neft və neft məhsullarının isə 60%-i məhz Qərb bazarlarında satılır. Alıcı qıtlığı şəraitində təbii olaraq hasilat da aşağı düşməli olacaq. Bu fakt artıq Rusiya Maliyyə Nazirliyinin də proqnozunda öz əksini tapıb. Belə ki, 2022-ci ildə Rusiyada neft hasilatının 17% azalması proqnoz edilir”.
Göründüyü kimi, Rusiyaya neft embarqosunun tətbiqi hasilatın azalmasına və neft qiymətlərində ciddi yüksəlişə gətirib çıxara bilər. Ekspertlərin qənaətinə görə, 1 barrel neftin qiyməti embarqolar tətbiq edilərsə, 150 dollar həddini belə keçə bilər.
Rusiya və Aİ-ni nə gözləyir?
Ekspert neft bazarının böyük oyunçularından birinin tamamilə uzaqlaşdırılmasının illər tələb edəcəyini də sözlərinə əlavə edib:
“Neft ixracı və qiymətləri məsələsində hər şey kommersiya üzərindəndir. Bunun üçün əlavə yataqlar qazılmalı, logistik imkanlar genişlənməlidir. Bu da minimum 1-2 il zaman tələb edir. Ümumilikdə isə, birinin bazardan sıxışdırılıb çıxarılması təqribən 3 il vaxt tələb edir”.
Rusiya nefti üçün isə əsas alternativ bazar kimi Çin göstərilir. Belə ki, Ukraynada müharibənin başlamasından 2 gün öncə “Rosneft”lə Çin hökuməti arasında imzalanmış 10 illik müqaviləyə əsasən, Rusiya 100 milyon ton neft ixrac edəcək ki, bu da ümumi ixracın 25%-i deməkdir. Bir sözlə, Çinin Rusiya üçün Qərbə tam alternativ olacağı mümkün görünmür.
Avropa İttifaqı üçün isə əsas alternativlərin Səudiyyə Ərəbistanı, Qətər və Norveç olacağı gözlənilir. Lakin bunun üçün lazımi infrastrukturun yaradılması 1-2 il vaxt alacaq.
Lakin ümumilikdə, neft embarqosunun sanksiyalar altında olan Rusiya iqtisadiyyatına təsirləri, təbii ki, dəfələrlə güclü (ÜDM nisbətində 8 dəfə) iqtisadiyyata malik Aİ-dən daha artıq olacaq.
Murad Əhmədov, Bizim.Media