Rusiya ilə Ukrayna arasındakı savaş dünya bazarlarına da təsirsiz ötüşməyib. Şərqi Avropadakı gərginlikdən təsirlənən birjalarda Brent markalı neftin qiyməti bir gündə 6 faiz artaraq 100 dolarlıq psixoloji həddi keçib. Artıq Brent neftinin 1 bareli 102 dollara təklif olunur.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında qeyd edib. Deputatın sözlərinə görə gündəlik 12 milyon barel neft hasil edən Rusiya enerji bazarında qiymətlərə təsirini qoruyub saxlayır:
“İnvestorlar xüsusən də Rusiyanın neft ixracatında dayanmaların olacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır.
MÖVZU İLƏ BAĞLI:
Kremlin son qərarının Rusiya iqtisadiyyatına TƏSİRLƏRİ: “Qərbdən asılı olacaq”
Avropada baş verən şavaş qitənin vahid puluna da təsirsiz ötüşməyib. Dünən dollara nisbətən 1.135 kursu ilə dəyişdirilən avro bu günki birjalarda 1.122 məzənnəsinədək ucuzlaşıb. Avropa İttifaqının sərhədlərində baş verən savaşdan qitə iqtisadiyyatı da təsirlənməkdədir”.
Vüqar Bayramov bildirib ki, Rusiya iqtisadiyyatı da savaşdan qazanan tərəf deyil:
“Öncədən proqnozlaşdırdığımız kimi rubl dəyər itirməkdə davam edir. Bir gündə 7 faiz ucuzlaşan Rusiya pulunun dollara məzənnəsi artıq 90-a yaxınlaşır. Ötən həftəni 1 dollar 76 rubl kursu ilə başa vuran Rusiya valyutası hər dollarda 14 rubl bənd ucuzlaşıb.
Rublun məzənnəsinin növbəti dövrdə dəyişməsi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların miqyasından da asılı olacaq. Görünən odur ki, regionda formalaşan yeni düzən fonunda hadisələr çox çevik olaraq dəyişməkdə davam edəcək”.
Alçina Amilqızı, Bizim.Media