“Azərbaycan neftinin bir bareli 100 dollardan baha satılır. Neftə tələbin artması, Rusiya və Ukrayna gərginliyinin hələlik tam aradan qalxmaması və yoluxma sayının artmasına baxmayaraq qlobal pandemiyanın təsirləri ilə bağlı gözləntilərin nikbinləşməsi “qara qızılın” qiymətinə təsirsiz ötüşməyib. Bu gün "Brent"in 2 faiz dəyər itirməsinə baxmayaraq neftin qiyməti yüksək olaraq qalmaqdadır”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili və iqtisadçı Vüqar Bayramov “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə 2022-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barrel olub. Bunun 580,9 min barrelini xam neft, 119,6 min barrelini isə kondensat təşkil edib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan neftinin qiyməti 100 dolları keçdi
“Dövlət Gömrük Komitəsinin məlumatına görə isə, ölkəmiz 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Bu isə gündəlik ixracatın orta hesabla 427 min 715 barel olması anlamına gəlir”.
Deputat bildirib ki, 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq:
“Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, neftin qiymətinin kəskin artımlar neft bazarı üçün potensial risklər formalaşdırır. Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir”.
Vüqar Bayramov əlavə edib ki, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir:
“Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir.
Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır”.
Alçina Amilqızı, Bizim.Media