Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, ötən il valyuta hərraclarında təklif tələbi üstələyib. Eyni zamanda, yanvar ayında əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə enib. Bir hərracda 70 milyon dollar təklif olunduğu halda, tələb 54 milyon dollar təşkil edib.
Bu rəsmi açıqlama onu göstərir ki, Azərbaycanda dollara tələbat kəskin azalır.
MÖVZU İLƏ BAĞLI:
Dolların "şah dövrü" bitdi: Devalvasiya qorxusu arxada qalır - Manatın mövqeyi güclənir
Əhali dollardan imtina edir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, dollarla bağlı hərraclarda tələb azalsa da, bu heç də əhalinin həmin valyutadan imtina etməsi anlamına gəlməməlidir:
“Bunun da səbəbi qara bazarın canlanması ilə bağlıdır. Mərkəzi Bank aydındır ki, reallığı əks etdirən məlumatı verib. Ancaq bu fikir heç də əhalinin dollara olan tələbatının azalması anlamına gəlməməlidir. Hərraca çıxarılan dollar əskinası banklar tərəfindən alınmır. Eyni zamanda, kifayət qədər dollar əhali tərəfindən banklara təhvil verilir. Əhalinin əsas hissəsi zamanında dollarlaşmaya gedib. İndi isə lazım gəldikcə onu xırdalayır. Amma bütün hallarda dollara tələbatın azalması sağlam fikir deyil”.
Ekspert qeyd edir ki, hazırda bu istiqamətdə məsələn, “WhatsApp”dan istifadə etməklə qara bazar formalaşıb:
“1 dollar-1 manat 70 kursu ilə şəhərdə qeyri-rəsmi dövriyyə davam edir. Bankdan ildə bir dəfə olmaqla 20 min manatlıq istənilən valyutanı almaq olar. Növbəti limit isə yalnız bir ildən sonra açılır. İş adamı, biznesmenə isə həftəyə 100 min manata qədər pul lazım olur. Belə olan halda da qara bazar formalaşır. Əminəm ki, əhalinin gəliri artsa, onlar dollarlaşmaya gedəcək”.
Rüfət Sultan, Bizim.Media





























































































