Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Bu həftə enerji bazarlarının hiss ediləcək səviyyədə qızdığını müşayət etdik və onun soyuması hələ ki, hiss edilmir.
Qlobal bazarlar və siyasət
Bir tərəfdən Amerika KİV-ləri artıq İrana mümkün hava zərbəsinin vaxtını açıqlayırlar. O biri tərəfdən ABŞ prezidenti gah İran rəhbərliyini top atəşinə tutur, gah da sonra da deyir ki, İslam Respublikası ilə danışıqlar yaxşı gedir.
MÖVZU İLƏ BAĞLI:
Yanvarda ixrac edilən xam neft və neft məhsullarının HƏCMİ
Neft də hərdən qiymətdən düşür, hərdən artır. London Əmtəə Birjasında Brent markalı neft bu həftə 71 dollar həddini çox rahatlıqla keçdi. Fevralın 19-da isə ən bahalı partiyası 72,12 dollara satıldı, amma həftənin sonuncu hərracını 71,76 qiyməti ilə bağladı. Daha bunun nəyi yaxşıdır, kimə yaxşıdır, bilmək olmur. Lap Məşədi İbadın yarıyacan oxuduğu “Tarixi-Nadir”dəki kimidir: heç nə anlamaq olmur!
Bazarda isə hamı Hörmüz boğazından danışır. O boğazdan ki, gündə təkcə 15 milyon barel xam neft daşınır. Bununla iş bitmir axı: neft məhsulları da nəql edilir, hələ maye qaz da. Ümumilikdə gündəlik 20 milyon bareldən çox edir. Özü də o boğazı İranın bağlamasına elə də ehtiyac yoxdur. Çünki İran ABŞ-nin hərb gəmilərini dron və raket atəşinə tutsa, hansı yük aparan gəmi özünü o boğaza dürtər? Ona görə də vəziyyət bazarlarda siyasi müstəvidə olduğu kimi hələ qəlizdir.
Qubada neft kəşfiyyatı
Başa vurduğumuz həftə ölkəmizin enerji sektorunda bir neçə sazişin imzalanması ilə yadda qaldı. Bunlardan ən önəmlisi kimi fevralın 19-da SOCAR-ın mənzil-qərargahında Azərbaycan Dövlət Neft Şirkəti ilə Kanadanın "Gran Tierra Energy" şirkəti arasında Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasını göstərərdim.
SOCAR-ın yaydığı məlumata görə, layihənin operatoru qismində çıxış edəcək Kanada şirkəti 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Saziş Milli Məclis tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Adətən kəşfiyyat işlərini yekunlaşdırmaq üçün 3 il zaman gərək olur.
Üç aya ikinci axtarış
Onu qeyd edim ki, SOCAR artıq son 3 ayda ikinci kəşfiyyat müqaviləsini imzalayıb. 2025-ci il dekabrın 17-də SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalayıb. Fikir verirsinizsə, SOCAR artıq diqqətini müstəqillik illərində az öyrənilmiş geoloji sahələrə yönəldir və kəşfiyyat işləri üçün xarici şirkətlərin investisiyalarının cəlb edilməsini indiki şəraitdə şəksiz uğur hesab etmək olar.
Çünki SOCAR-ın atdığı bu addımlar Azərbaycanda neft hasilatının yaxın illərdə stabilləşdirilməsinə hesablanıb. Bunu əldə etməyin yolu isə bir yeni quyuların qazılmasından keçir, bir də uzun müddət istismarda olan layların neftverimliyinin artımından.
Amerika şirkəti ilə danışıqlar
Bu məqsədlə yola saldığımız həftə SOCAR-la Amerika Birləşmiş Ştatlarının sayılıb-seçilən "Baker Hughes" şirkəti arasındakı görüş də önəmlidir. Çünki Dövlət Neft Şirkətinin yaydığı məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəf "Baker Hughes" şirkətinin neft xidmətləri və avadanlıqları üzrə icraçı vitse-prezidenti Amerino Gatti ilə görüşündə quyular üzrə rəqəmsallaşma məsələləri müzakirə edilib.
Tərəflər həmçinin quyu tikintisi üçün texnologiyaların, elektrik dalma nasoslarının tətbiqi və quyular üzrə rəqəmsallaşmanın aparılması istiqamətində nəzərdə tutulan qarşılıqlı maraq doğuran layihələri nəzərdən keçiriblər. Məhz bu cür kompleks həllərin tətbiqi nəticəsində quyuların məhsuldarlığının artımına nail olmaq mümkündür.
Amma SOCAR təkcə diqqətini neft və qaz layihələri üzərində cəmləşdirmir. Dövlət Neft Şirkəti bu həftə enerji transformasiyası və biznesin şaxələndirilməsi yölunda yeni bir addım atdı.
SOCAR elektrik bazarında
Fevralın 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya və Azərbaycan arasında iqtisadi sahədə imzalanan sənədlər içərisində “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş” xüsusi ilə diqqət mərkəzində oldu.
Prezidentlərin mətbuat üçün birgə bəyanatları zamanı Serbiyanın dövlət başçısı Aleksandar Vuçiç bəyan edib ki, qarşımızda elektrik enerjisi dövrü başlayıb və Serbiyanın enerjiyə tələbatı artıma gedir. Bunun həlli üçün isə Serbiya rəhbəri Prezident Əliyevə müraciət etdiyini və tikintisi nəzərdə tutulan elektrik stansiyası layihəsində Azərbaycanın yardım göstərməsini xahiş etdiyini də dilə gətirib.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində əlaqələrimizin hazırda çoxşaxəli formatda inkişaf etdiyini bəyan edib və bildirib ki, artıq Azərbaycan Serbiyaya təbii qazın ixracını həyata keçirir və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq. “İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq.
Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq”, deyərək Azərbaycan Prezidenti həm də onu vurğulayıb ki, hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir və bu göstərici də artacaq. Çünki Azərbaycan indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuldur və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırdır.
Qazla işləyəcək elektrik stansiyası
Bu haqda məlumat verən Serbiya prezidenti Vuçiç bildirib ki, ümumi gücü 500 MVt olan elektrik stansiyasını ərsəyə gətirmək planlaşdırılır.
Bu, qazla işləyən stansiya olacaq və qaz təminatının da Azərbaycandan idxal ediləcək mavi yanacağın həcmlərinin artırılması hesabına reallaşdırmaq nəzərdə tutulur. Elektrik stansiyasını Niş şəhərinin yaxınlığında tikmək planlaşdırılır. Yəni planlaşdırılır ki, 350 MVt güc elektrik enerjisinin istehsalına, 150 MVt güc isə istiliyin yaradılmasına istifadə ediləcək.
Stansiyanın həm tikintisinin, həm də idarə edilməsinin Serbiya və Azərbaycan tərəfdən paritet əsaslarla, yəni yarıbayarı bölgüsü ilə həyata keçirilməsi nəzərdə tutulur. Elektrik stansiyanın Azərbaycan tərəfdən səhmdarı SOCAR olacaq, Serbiya tərəfdən isə dövlətə bağlı iki şirkətin təmsil edilməsi gözlənilir.
Bunlar elektrik enerjisi təsərrüfatına cavabdehlik daşıyan “Elektroprivreda Srbije” şirkəti, yəni anlamlı olsun deyə bizim “Azərenerji” kimi də təssəvvür edə bilərsiniz və “Srbijagas” şirkətidir, yəni tərcümədə Serbiyaqaz. SOCAR-ın rolu isə xərclərin yarısını qarşılamaq və təbii ki, gələcək gəlirlərin də o qədərini əldə etməklə öz qazancını təbii qaz satışı ilə müqayisədə daha da artırmaqdır.
Serbiya prezidentinin açıqlamasına görə, fevralın 15-də Serbiyanın qaz şirkəti və SOCAR bu mövzuda müzakirələr aparıb və əməkdaşlıq sazişi də imzalayıblar. Serbiya tərəfi ümid edir ki, qarşıdakı iki-üç ay ərzində kommersiya sazişini imzalamaq yoluna çıxa bilərlər və bundan sonra elektrik stansiyasının tikintisinə başlamaq olar. “İnanırıq ki, biz 2029-cu ilə qədər qazla işləyən elektrik enerjisi stansiyasını açacağıq” deyə Serbiya dövlət başçısı bildirib.
Serbiyanın elektrik bazarı
İndi Sizlərə qazla işləyəcək bu elektrik stansiyasının Serbiyanın enerji təhlükəsizliyi üçün roluna toxunmaq istərdim. Məsələ burasındadır ki, hazırda Serbiyanın elektrik stansiyalarının layihə gücü 9 min MVt-dan bir qədər çoxdur. Onların yarısı kömürlə işləyən elektrik stansiyalarıdır. Bu da ölkənin ekoloji durumunu daim gərgin vəziyyətdə saxlayan amildir.
Baxmayaraq ki, enerji balansında 33% elektrik sudan alınır, amma Serbiyada elektrik enerjisinin pik saatlarında tələbatı ödəmək üçün bəzən mazuta da üz tuturlar və son illər alterniv enerji mənbələrindən alınan enerji daim artsa da, amma hələ 10%-dən çox deyil. Ona görə də Serbiya hökuməti üçün qazla işləyən orta gücə malik müasir elektrik stansiyasına malik olmaq çox önəmlidir.
Qazın hələ ki, məchul qiyməti
Amma indiyə qədər həllini tapmamış məsələlər də qalır. Məsələn, Serb mətbuatına müsahibə verən Azərbaycan Energeütika nazirinin müavini Orxan Zeynalov tərəflərin ikitərəfli ekspert işçi qrupları yaratmaq planlarını açıqlayıb. "Müzakirə olunacaq əsas məsələlərdən biri planlaşdırılan qazla işləyən elektrik stansiyalarına qaz təchizatı üçün qiymət parametrlərinin formalaşdırılması olacaq", deyə nazir müavini bildirib.
Yəni diplomatik deyimi anlamlı şəklə transformasiya etsək bu o deməkdir ki, Serbiya məhz həmin stansiya üçün idxal edilcək qazı daha ucuz almaq istəyir. Bizim qaz isə Avropa bazarında rəqabətədavamlı qiymətə malik olsa da, amma ucuz da satıla biləcək yanacaq deyil. Çünki bazara çatdırılmaq üçün çox uzaq məsafə qət etməli olur və dənizin dərin qatlarından hasil edilən qazdır. Ümid etmək olar ki, tərəflər əgər uzun müddətli bir biznesə baş vururlarsa, biri-birilərini səmimi şəkildə inandıra biləcəklər.
Qazın ixrac qiyməti proqnozları
Bu günlərdə Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan qazının orta ixrac qiymətinə dair uzunmüddətli proqnozlarını açıqlayıb. Fondun təhlilçiləri hesab edirlər ki, 2026-cı ildə Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiymətinin hər min kubmetri 380,4 dollar səviyyəsində gözlənilir. Ötən il isə Azərbaycan öz qazını 425,4 dollardan satmağa müvəffəq olub. Elə bu həftə sonu Avropada satılan qazın hərrac qiyməti də 420 dollar səviyyəsində idi.
Amma Beynəlxalq Valyuta Fondunun qənaətincə, sonrakı illərdə Azərbaycan qazının ixrac qiymətlərində azalma tendensiyası proqnozlaşdırılır.
Bunun səbəbi isə yaxın beşillikdə bir sıra dünya miqyaslı iri qaz yataqlarının istismara verilməsi nəticəsində bazarlara daha çox mavi yanacağın çıxarılması, bundan əlavə Avropada enerjiyə artan tələbatın yaşıl enerji mənbələri hesabına qarşılanması və rəqəmsal həllər hesabına enerji effektivliyi məsələlərinin inkişafıdır. Bu baxımdan da Fond 2027-ci ildə Azərbaycan təbii qazın ixrac qiymətinin hər min kubmetr üçün 326,5 dollara, 2028-ci ildə isə 287,1 dollara enəcəyini proqnoz edir.
Göründüyü kimi Azərbaycanda təbii qaz həcmlərinin hasilatı bu beşilliyin sonuna kimi artım nümayiş etdirsə də, amma satış qiymətlərinin azalması gözlənilir. Ona görə də qaz gəlirlərinin neftin gətirdiyi qazanca ümid etmək olmaz və bu baxımdan da hökumət bütün gücünü yaxşı əlavə dəyər gətirə bilən qeyri neft-qaz sektorunun inkişafına yönəltməlidir.
Bizim.Media































































































