Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Hazırda oxunan: Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

586874

Son dövrlərdə qızılın qiymətinin davamlı şəkildə artması vətəndaşların bu qiymətli metala marağını əhəmiyyətli dərəcədə artırıb.
 

Qlobal iqtisadi qeyri-müəyyənliklər, inflyasiya riskləri, eləcə də valyuta bazarlarında müşahidə olunan dalğalanmalar fonunda qızıl ənənəvi olaraq daha etibarlı və uzunmüddətli sərmayə aləti kimi qiymətləndirilir. Bu amillər əhalinin müəyyən hissəsini yığımlarını qorumaq məqsədilə qızıla yönəltməyə sövq edir.


Bəs qızıla yatırılan sərmayələrə görə gələcəkdə uduzma ehtimalı varmı?

Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini, iqtisadçı Rövşən Əmircanov Bizim.Media-ya açıqlamasında bildirdi ki, burada mühüm bir məqama diqqət yetirmək lazımdır:

“Qızıl məmulatları ilə investisiya məqsədli qızıl məhsulları arasında ciddi fərq mövcuddur.

Məsələn, 585 və 750 əyarlı qızıl məmulatları əsasən istehlak, bəzək və hədiyyə məqsədilə hazırlanır. Bu məmulatların qiymətinə işçilik xərci, dizayn və digər əlavə amillər daxil edildiyindən, onların alqı-satqısı zamanı sərmayə baxımından müəyyən itki riski yaranır.

Bu baxımdan qeyd olunan qızıl məmulatları investisiya aləti hesab edilmir.
 

Sərmayə məqsədi üçün daha məqsədəuyğun seçim qızıl sikkələr və qızıl külçələrdir. Bu məhsullar minimal işçilik xərci ilə satılır və qiymətləri birbaşa dünya bazarındakı qızıl kotirovkalarına bağlı olur. Adətən investisiya məqsədli qızıl məhsulları 999,9 əyarlı olur.


Məhz bu xüsusiyyətlərinə görə qızıl sikkə və külçələr daha likvid hesab edilir və uzunmüddətli perspektivdə risk baxımından nisbətən daha etibarlı sərmayə vasitəsi kimi dəyərləndirilir.

Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, qızıla sərmayə yatırarkən məqsədlərini dəqiq müəyyən etsinlər. Əgər məqsəd sərmayədirsə, qızıl sikkə və  999,9 əyarlı külçələrə üstünlük verilməsi daha məqsədəuyğundur. Şəxsi istifadə və ya hədiyyə məqsədilə isə qızıl məmulatlarının seçilməsi mümkündür”.

Gələcəkdə uduzma ehtimalına gəlincə...

İqtisadçı qeyd edib ki, qızıl bazarında qısamüddətli qiymət dalğalanmaları mümkündür.

Qlobal iqtisadi sabitliyin bərpası, faiz dərəcələrinin dəyişməsi və maliyyə bazarlarında risklərin azalması qızılın qiymətinə müəyyən təsir göstərə bilər. Lakin uzunmüddətli perspektivdə tarixi təcrübə göstərir ki, qiymətli metallar, xüsusilə qızıl, öz dəyərini qoruyan və əksər hallarda qiyməti artan sərmayə aləti hesab olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO