Neft nəqlində REKORD PROQNOZ – “Xəzər dənizində indiyədək bu həcmdə daşınmalar olmayıb”

Neft nəqlində REKORD PROQNOZ – “Xəzər dənizində indiyədək bu həcmdə daşınmalar olmayıb”

Hazırda oxunan: Neft nəqlində REKORD PROQNOZ – “Xəzər dənizində indiyədək bu həcmdə daşınmalar olmayıb”

576208

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə dünya bazarlarında neftin kifayət qədər ucuzlaşmasının şahidi olduq, bununla yanaşı Azərbaycan Dövlət Neft Şirkətinin yaxın günlərdə özünün ən dərin quyusu olacaq əməliyyatlara hazırlaşdığı kimi pozitiv xəbərlər də var.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkəmizdə neft hasilatı ARTACAQ?


Qlobal bazarlar

Brent markalı neftinin qiyməti həftə sonu son beş ay ərzində ilk dəfə olaraq 61 dollardan aşağı endi. Təhlilçilər bunun bir neçə səbəbini göstərirlər.

Əvvəla, neft bazarına siyasi amillər təsir edir, bunların içərisində isə ABŞ və Rusiya arasında Ukraynada vəziyyətinin tənzimlənməsi ilə bağlı danışıqlar mühüm yer tutur. Bazar iştirakçıları hesab edirlər ki, Rusiya və ABŞ prezidentləri yaxın iki həftədə Budapeştdə keçiriləcək yeni görüşdə Ukraynada müharibənin dayandırılması yönümündə razılığa gələ bilsələr, bunun nəticəsində Rusiya neftinin bazarlara axını daha da arta bilər.

Neft qiymətlərinin 60 dollar göstəricisinə yaxınlaşmasında ikinci amil kimi ABŞ-da neft ehtiyatlarının gözləniləndən çox artması və Hindistanın Rusiya nefti alışı ilə bağlı qeyri-müəyyənliyidir.

“Trading Economics” təhlilçiləri qeyd edirlər ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) həftəlik ehtiyatların 3,524 milyon barel artdığını bildirib ki, bu da ABŞ və Çin arasında davam edən ticarət gərginliyi fonunda zəif tələbdən narahatlıqlar yaradıb. “Bank of America” isə hesab edir ki, əgər iki ölkə arasındakı ticarət münasibətləri pisləşməyə davam edərsə və OPEC+ noyabrdan hasilatı artırmağa davam edərsə, onda neft qiymətlərinin hər barel üzrə 50 dollara qədər ucuzlaşması mümkündür.

Neft qiymətlərinin Azərbaycana təsiri

Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi yönümündə son 10 ildə bir xeyli addımlar atsa da, amma ölkə gəlirlərinin yarıdan çoxu yenə də neftə bağlıdır. Dövlət Gömrük Komitəsinin açıqladığı son hesabata görə, 2025-ci ilin 9 ayında Azərbaycanın ixracdan əldə etdiyi gəlir 18,6 milyard dollardan artıq olub. Bunun 85,76%-i neftqaz sektorunun payına düşüb. Həmin göstəricilərdə xam neft və neft məhsullarının xüsusi çəkisi isə 49,5% təşkil edib. Təkcə xam neftin ixracı Azərbaycana 8,94 milyard dollar gəlir gətirib.

Bu baxımdan dünya bazarlarında neftin qiymətinin azalması Azərbaycanın gəlirlərinə birbaşa təsir edən amildir. Çünki neft hasil edən şirkətlərin gəliri azaldıqca, onların Azərbaycanın dövlət büdcəsinə ödədikləri vergilər, həmçinin Dövlət Neft Fonduna ödədikləri mənfəət payı gəlirləri də üzü aşağı gedir.


Azərbaycan Maliyyə Nazirliyinin açıqlamasına görə, cari ilin ilk yarısında Azərbaycan neftinin orta ixrac qiyməti 73,8 dollar təşkil edib. Dövlət büdcəsində bu il üçün neftin proqnoz edilən qiyməti 70 dollar götürülüb. Amma III rübdə biz neft qiymətlərinin 70 dollardan aşağı həddə ticarət edildiyi və oktyabrdan isə bunun 60-65 dollar dəhlizinə keçid etdiyini müşahidə etdik. Əgər bu hal IV rübdə davamlı olarsa, onda Azərbaycan neftinin faktiki orta ixrac qiymətinin proqnoz qiymətinindən aşağı olması ilə qarşılacağıq ki, bu da özünü dövlət büdcənin neft sektorundan gəlirlərinin azalmasında göstərəcək.

SOCAR-ın dərin quyusu

Yola saldığımız həftə Azərbaycanın qaz sektorunda bir qədər sonra canlanma yarada biləcək bir hadisənin təməli qoyulub. İlk dəfə SOCAR-ın operator olduğu qaz layihəsində 7 km-dən də dərinə quyu qazılması planlaşdırılır. 

Bu haqda "Ümid" yatağının Cənub qanadında ilk qiymətləndirmə quyusunun qazılması üçün nəzərdə tutulan "Neptun" özüqalxan qazma qurğusunun modifikasiya işlərinin tamamlanması və qurğunun dənizə yola salınması mərasimində məlumat verilib.
 

"Neptun" qazma qurğusu vasitəsi ilə "Ümid" dəniz yatağında qiymətləndirmə quyusunun qazılması oktyabr ayında planlaşdırılır. Özü də özüqalxan üzən qazma qurğusu ilə sualtı qiymətləndirmə quyusunun qazılması SOCAR tarixində ilk olacaq. Amma ilk olan təkcə bu hadisə deyil.


Belə ki, "Umid Babek Operating Company" Əməliyyat Şirkətinin sifarişi ilə qazılacaq quyunun layihə dərinliyi 7067 metr təşkil edəcək və bu quyunun qazılmasını da Azərbaycana məxsus "Caspian Oilfield Services" şirkətinin mütəxəssisləri həyata keçirəcək. İndiyə qədər Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi altında hələ bu dərinliyə qazma gedişi həyata keçirilməyib.

SOCAR-ın açıqlamasına görə, 2012-ci ilin sentyabrından indiyə qədər "Ümid" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində, ümumilikdə 12,3 milyard kubmetr qaz və 1,8 milyon ton kondensat hasil edilib. Necə deyərlər, ən geci təqribən bir il sonra artıq “Ümid” yatağının işlənməsinin növbəti mərhələsində hansı həcmlərin çıxarılmasına ümid verən məlumatlara malik olacağıq.

Qaz statistikası

Qaz mövzusunu davam etdirərək bildirmək istərdim ki, bu həftə Dövlət Statistika Komitəsi Azərbaycanda qaz sənayesi üzrə 9 ayın göstəricilərini açıqlayıb. Bu müddətdə ölkəmizdə 37,8 mlrd kubmetr qaz hasil edilib.

Hasil edilmiş qazın 29 milyard kubmetrdən bir qədər artığını əmtəəlik qaza çevirmək mümkün olub. Yerdə qalan hissə, yəni 8,75 mlrd kubmetri isə lay təzyiqini artırmaq üçün təkrarən neft quyularına vurulub. Hesabat dövründə ümumi qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 %, əmtəəlik qaz hasilatı isə 2,8 % artıb.

Bu müddətdə Azərbaycan xarici bazarlarda 18,3 milyard kubmetr mavi yanacaq satmağa nail olub. Bunun 9,4 milyard kubmetri Avropanın, 7,3  milyard kubmetri Türkiyənin, 1,6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb.

İxrac qazının qiyməti

İndi oxucularda sual yarana bilər ki, bəs Azərbaycan qaz satışından nə qazanır? Buna aydınlığı isə Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarını təhlil etdikdə gətirmək mümkündür. Belə ki, bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 18,5 milyard kubmetrdən çox təbii qaz ixrac edib.
 

Burada diqqətçəkən məqam odur ki, artıq Dövlət Gömrük Komitəsinin qaz ixrac həcmləri faktiki ixrac göstəricilərinə yaxınlaşır, əvvəllər isə arada hətta bir neçə milyard kubmetr fərq əmələ gəlirdi. Bu isə ondan xəbər verir ki, satıcı şirkətlər bəyan etdikləri həcmləri daha operativ rəsmiləşdirməyə başlayıblar.


Azərbaycandan ixrac edilən təbii qazın dəyəri təqribən 6,7 milyard dollar təşkil edib. Bu məlumatdan çıxış edərək müəyyənləşdirə bilərik ki, Azərbaycan öz qazının hər 1000 kubmetrini cari ildə orta hesabla 361,54 dollardan ixrac edib.

Diqqətli oxucu düşünə bilər ki, axı Avropada mavi yanacağın orta qiyməti bu müddətdə təqribən 440 dollar təşkil edib, biz niyə ucuzuna satmışıq? Məsələ burasındadır ki, ixrac qazımızın Avropaya gedən hissəsi yalnız onun yarı həcmləridir. Gürcüstanda satdığımız qaz region qiymətindədir, Türkiyə bazarında daha baha olsa da, amma Avropadan ucuzdur.

Bir məsələni də vurğulayım ki, hesabat dövründə ixrac etdiyimiz təbii qazın həcmi 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 1,1% az olsa da, dəyəri 10,2% artıb və Azərbaycanın ümumi ixracında mavi yanacağın payı 36%-ə çatıb.

Tranzit neft daşımaları

Bu həftə enerji bazarları ilə bağlı maraqlı açıqlamalar oktyabrın 14-də Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında səsləndirildi. Tədbirdə çıxış edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bəyan etdi ki, 2027-ci ilə qədər Bakı-Tiflis-Ceyhan boru kəməri ilə dünya bazarına çıxarılan Qazaxıstan neftinin həcminin ildə 7 milyon tona qədər artırılması və gələcəkdə qarşılıqlı faydalı şərtlərlə daha çox artım planlaşdırılır.
 

Nazir SOCAR ilə "KazMunayQaz" arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti üzrə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulamaqla yanaşı, həmçinin bildirib ki, 2023-cü ildən bu günə qədər BTC kəməri ilə dünya bazarına 3,4 milyon ton Qazaxıstan nefti nəql edilib.


Onu deyim ki, nazirin açıqlamasını incələsək, aydın olur ki, 7 mln ton həcmi Qazaxıstan məhz 2026-cı ildə daşımaq niyyətindədir. Bu məlumatı çox keçmədi ki, Qazaxıstan energetika nazirliyi də təsdiqlədi. Məsələ burasındadır ki, cari ildə Qazaxıstan Azərbaycanın əsas ixrac boru kəməri ilə tranzit daşımalarını 1,7 mln tona çatdırmağı həfədləyir, ötən il isə bu göstərici 1,4 mln tondan bir qədər artıq olmuşdu. Gələn il 7 mln ton həcmi daşımaq üçün ayda orta hesabla 583 min ton həcmin nəqli həyata keçirilməlidir.

Yəni günə 2-3 tanker. Xəzər hələ belə intensiv neft daşımaları ilə üzləşməyib. 

Beləliklə, rəsmilərin açıqlamalarından, razılaşdırılmış planlardan belə qənaətə gəlmək mümkündür ki, gələn ildən Xəzərin o tayın ilə bu tayı arasında neft daşımalarının yeni mərhələsinə qədəm qoyulacaq və bunun gerçəkləşməsi üçün artıq tərəflər sadəcə kommersiya maraqlarının uzlaşdırılması deyil, həmçinin logistik məsələlərin də həllinə də böyük ümidlər bəsləyir.

Bir məsələni də xatırladım ki, Türkmənistan da ildə təqribən 3 milyon neftini Azərbaycanın əsas ixrac boru kəməri ilə dünya bazarlarına çatdırır. Bu baxımdan Türk dövlətləri arasında əlaqələrin bu cür intensiv inkişafı çox sevindirici haldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO