Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsində İrandan Türkiyəyə təbii qaz ixracında yaranan fasilələrə toxunub və “Ankaranın təbii qaz tədarükü üçün Tehrana borcu yoxdur” deyib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə dövlətinin başçısı bu cür bəyanatları “yalan” adlandırıb.
Türkiyə lideri bu mövzunu iranlı həmkarı İbrahim Rəisi ilə müzakirə etdiyini bildirib. Ərdoğanın sözlərinə görə, 10-15 gün ərzində İslam Respublikasından təbii qazın tədarükü bərpa olunacaq.
Qeyd edək ki, çərşənbə günü SOCAR-ın Tədbirlərin Təşkili və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, İrandan Türkiyəyə qaz nəqlində yaranan texniki problemlər fonunda ölkə Azərbaycana üz tutub:
“Mavi yanacağın müvəqqəti qıtlığını aradan qaldırmaq üçün Şahdəniz konsorsiumunu təmsil edən Qaz Təchizatı Şirkəti AGSC artıq Türkiyənin müraciətinə cavab verib və mövcud potensialı səfərbər edərək, yaranan tələbata uyğun olaraq Azərbaycandan Türkiyəyə təbii qaz ixracını artıracaq”.
Bizim.Media