İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 9 səhmdar cəmiyyəti və 20 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, hərracda səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələrində fəaliyyət göstərir. Ən yüksək qiymətə özəlləşdirilənlər “Kürdəmir Aqrotexservis” və “Yevlax Taxılçı” ASC-lər olub. 1-cinin 30%-lik səhm paketi 49 952 manata, 2-cinin 10,07%-lik səhm paketi isə 38 456 manata özəlləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 28 nəqliyyat vasitəsi özəlləşdirildi
Nəqliyyat vasitələrinin hərracı rəqabətli olub. İlkin start qiyməti 6 000 manat olan “Hyundai Sonata ” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda maşın 9 060 manata satılıb.
Rəqabətli satışı ilə seçilən daha bir avtomobil “Chevrolet Niva” olub. İlkin satış qiyməti 4 000 manat olan bu maşına edilən son təklif 5 500 manat olub.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 190 016 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür.
Növbəti hərraclar fevralın 1-i, 15-i və 22-si tarixlərində keçiriləcək. Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Bizim.Media