Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, yanvarın 1-dən etibarən bir sıra dövlət idarələrində və sosial müavinətlərdə 20-40% həcmində artım olacaq.
Dövlət büdəcsindən maliyyələşən maaş və müavinətlərdə artımın digər sahələrə də təsiri maraq doğurur.
Əsas cavab axtarılan sual isə, dövlət sektorundakı maaş artımının özəl sektora da təsir edib-etməyəcəyidir.
Bu sualı Bizim.Media üçün cavablandıran iqtisadçı ekspert Elçin Rəşidov özəl sektorda əmək haqlarının artımına təsir edən əsas amillərdən birinin dövlət sektorunda maaş artımı olduğunu bildirib:
MÖVZU İLƏ BAĞLI:
DİQQƏT: Yanvarın 1-dən ən az maaş 300 manat olacaq
“Nümunə üçün mühasibləri və müəllimləri örnək göstərə bilərik. Bu tipli sahələrdə çalışanlar həm dövlət, həm də özəl sektorda çalışa bilərlər. Bir sektorda əmək haqları artanda, digərində də artmalıdır. Bu bazarın qanunudur. Çünki həmin kadrları cəlb etmək üçün, özəl sahibkarlar da maaşları artırmağa məcburdur”.
Ekspert məsələnin mikroiqtisadi cəhətini qeyd etdikdən sonra, makroiqtisadi tərəflərinə də toxunub:
“Hesab edirəm ki, gələn il dolların məzənnəsinin hissə-hissə artması gözlənilir. Bu fonda ümumi özəl sektorun proseslərə reaksiyasını nəzərə alsaq, gələn il maaş artımının yüksək olmayacağını da proqnozlaşdıra bilərik. O baxımdan da, biz nominal yox, real artıma diqqət yetirməliyik. Bir sözlə, nominal olaraq əmək haqları artırılsa da, real artım müşahidə olunmaya bilər”.
Elçin Rəşidovun fikrincə, dolların kursunda artımın olması əmək haqlarına da neqativ təsir edə bilər:
“Dolların məzənnəsinin yüksəlməsi iqtisadi fəaliyyətdə bir müddətlik ləngiməyə səbəb ola bilər. İqtisadiyyatın bu proseslərdən sonra özünü toparlaya bilməsi üçün müəyyən vaxt lazım olacaq. Belə olan halda isə məşğuliyyətin aşağı düşməsi və işsizliyin artmasının əmək haqlarına da neqativ təsiri mümkündür”.
Murad Əhmədov, Bizim.Media