Beynəlxalq araşdırmalara görə, 2015-ci ildə Azərbaycanda əhali gəlirlərinin 40%-i ərzaq mallarının istehlakına sərf olunub.
Son dönəmlərdə isə, bu göstəricidə ciddi artım müşahidə olunur. Belə ki, əhalinin əksər hissəsi, gəlirlərinin 60-70%-lik hissəsinin sadəcə qida məhsullarının istehlakına sərf olunduğunu qeyd edirlər.
Təsadüfi deyil ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan sorğuda, respondentlərin 84,4%-i qiymət qida mallarının qiymətində ciddi artımı müşahidə etdiyini qeyd edib. Sorğuda iştirak edənlərin yarısından çoxu isə, qiymət artımının çox olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bu ərzaq məhsullarının qiyməti qalxdı - SİYAHI
Bəs, bu cür artıma səbəb nədir?
Bu sualı Bizim.Media üçün cavablandıran iqtisadçı ekspert Seymur Əliyev ərzaq və gündəlik istehsal məhsullarına çəkilən xərclərin daha çox olduğunu qeyd edib:
“Ümumiyyətlə, post-pandemiya dönəmində bütün dünyada insanların gəlirində ciddi azalma müşahidə olunur. Belə ki, pandemiya dönəmində (2020-ci il və 2021-ci ilin ilk rübü) xeyli insan ənənəvi əmək fəaliyyətini dayandırmışdı. Ayrı-ayrı ölkələrdə tətbiq olunan karantin qaydaları bu cür vəziyyətin yaranmasına gətirib çıxarmışdı”.
Ekspert Azərbaycanda ərzaq xərclərindəki artımın səbəblərindən də danışıb:
“Konkret Azərbaycana gəlincə isə, əhalinin böyük bir hissəsi qeyri-rəsmi əməklə məşğul olduğundan, günlük və mövsümlük işlərdə çalışırdılar. Onlar isə fəaliyyətini dayandırmışdı. Bu cür vəziyyət, insanların real gəlirlərinin ciddi azalması ilə nəticələndi. Gəlirlərdəki real azalma səbəbindən, insanlar ərzaq və digər zəruri ərzaq məhsullarından başqa sahələrə xərcləri yönəldə bilmirdilər”.
Seymur Əliyev pandemiyadan əlavə, ərzaq məhsullarında qiymət artımına səbəb olan digər nüansları da vurğulayıb:
“Birincisi, pandemiya fonunda ərzaq inflyasiyası özünün son 50 ildə pik həddini yaşayır. Bəzi ölkələrdə bu qabarıq formada özünü büruzə verdi. Qida inflyasiyası da insanların gəlirlərinin böyük hissəsinin ərzaq məhsullarına sərf olunmasına səbəb oldu.
İkincisi, qlobal istiləşmə də ərzaq qiymətlərinin artımında mühüm rol oynadı.
Üçüncüsü, Qida məhsullarının idxalı müxtəlif ölkələrin spesifik xüsusiyyətlərinə görə fərqlilik göstərir. Ölkələr arasında sərhədlərin qapanması səbəbindən logistikaya vurulan zərbə də, böyük şirkətlərin bazardan çıxmasına səbəb oldu. Yenilər isə, tələbatı tam şəkildə qarşılaya bilmirlər”.
İqtisadçı, Azərbaycan da daxil olmaqla, bu qlobal tendensiyaya qarşı ölkələrin preventiv tədbirlər gördüyünü də qeyd edib:
“Tendensiya qlobaldır. Ölkələrin buna qarşı atdığı preventiv tədbirlərdən dolayı məsələ həll olunmağa doğru gedir. Məsələn, Azərbaycanda Cənab Prezidentin sərəncamı ilə minimum əmək haqqı 300 manata qaldırıldı və ayrı-ayrı peşə sahələrində bu 20-40% həcmində artım olacaq. Türkiyədə isə, minimum əmək haqqında 50% artım oldu. Müxtəlif ölkələr sözügedən vəziyyəti yumşaltmaq üçün fərqli kombinasiyalardan istifadə edirlər”.
Qida inflyasiyasından necə qurtulmalı?
“Real gerçəkliksə ondan ibarətdir ki, qida inflyasiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da özünü göstərir. Buna paralel olaraq, post-pandemiya dönəmində gəlirlərdəki daralmalar xərclərin bütün istiqamətini zəruri istehlak səbətinin təmin olunmasına yönəldir.
Ümumilikdə isə, qida inflyasiyasının yaxın zamanda sona çatacağı proqnozlaşdırılır. Lakin bu, təbii ki, zaman alacaq və ölkələrə təsirsiz ötüşməyəcək. Bu səbəbdən də, hökumətlərin qarşısında duran əsas vəzifə çevik siyasət yürütməkdir. Əgər bu cür siyasətin bütün ölkə üzrə tətbiqi böyük maliyyə yükünə səbəb olarsa, selektiv yanaşmaya diqqət ayrılmalıdır”.
Murad Əhmədov, Bizim.Media