“Yüksək oktanlı (95 və 98 oktanlı) benzinin qiymətinin ardıcıl olaraq qalxması avtomobildən istifadə prosesinə və yanaşmalara təsir edəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov “Facebook” hesabında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda “Aİ-95” və “Aİ-98” benzinin qiyməti BAHALAŞDI - YENİLƏNİB
Onun sözlərinə görə fərdi avtomobil həvəskarları köhnə avtomobillərə daha çox meyl edəcəklər, çünki belə avtomobillər hələlik ucuz olan 92 oktanlı benzini rahat işlədir:
“Dizel mühərriklərinə də maraq artacaq. Bunlar isə avtomobillərin ekoloji zərəri baxımından yaxşı hal deyil. Yüksək oktanlı benzinin qiymətinin qalxması elektromobillərə və hibridlərə marağı artıracaq. Xüsusən elektromobillərə marağın getdikcə artması gözləniləndir və bunun üçün həm dövlət, həm də biznes təsisatları zəruri addımlar atmalıdırlar”.
Ekspertin qənaətincə, benzinin qiymətinin artması bütövlükdə avtomobilləşmə prosesinə də mənfi təsir göstərəcək:
“Bundan təkanvaerici amil kimi istifadə edilərək ictimai nəqliyyatın inkişaf etdirilməsi, velosipedin real nəqliyyata çevirilməsi və populyarlaşdırılması istiqamətində ciddi işlər görmək lazımdır.
İctimai nəqliyyatda xidmət keyfiyyətini artırmaq, onun şəbəkəsini genişləndirmək, yeni növlərini yaratmaq və s. bu kimi tədbirlər fərdi avtomobillərdən istifadəyə marağı azalda bilər. Qeyd etdiklərimin hamısı müvafiq dövlət qurumları tərəfindən aydın və dəqiq hədəfləri olan nəqliyyat (və ya mobillik) strategiyası (və ya konsepsiyası) əsasında həyata keçirilməlidir. Amma həmin strategiya varmı? Görüləcək işlər çoxdur. Çox gecikmişik…”, - deyə Ərşad Hüseynov əlavə edib.
Alçina Amilqızı, Bizim.Media