Ali məktəblərdə yeni tədris ilinin başlanmasına bir neçə gün qalıb. Universitetlərin çoxunun Bakıda yerləşməsi səbəbindən hər il tələbə adını qazanan minlərlə tələbə paytaxta axın edir. Bu da öz növbəsində kirayə mənzil bazarında canlanma yaradır və qiymət artımına səbəb olur.
Nəticədə tələbələrin əksəriyyəti kirayə mənzil tapmaqda çətinlik çəkir.
Maraqlıdır, hazırda kirayə mənzil bazarında vəziyyət necədir?
Bizim.Media-ya açıqlamasında əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, kirayə mənzillərinin qiyməti bu gün kəskin şəkildə bahalaşıb:
“Son illər paytaxt Bakıda çox sayda köhnə, istismar müddətini bitirmiş yaşayış binalarının və fərdi yaşayış evlərinin kütləvi şəkildə sökülməsi həmin ərazidəki kirayə mənzillərin də bazardan çıxmasına gətirib çıxardıb. Həmçinin, son zamanlar kirayə qiymətlərində də kəskin artımlar baş verir. Sökülən hər çoxmənzilli yaşayış binalarının yerində yeni tikililər inşa olunubsa, yeni mənzillərin kirayə qiymətləri köhnə binalardakı mənzillərdən iki dəfə baha qiymətə təklif olunur.
Hazırda ali təhsil müəssisələrinin böyük hissəsinin paytaxtda olması səbəbindən bölgələrdən hər il olduğu kimi, onminlərlə tələbə Bakıya axın edir. Bu da tələbələrin ciblərinə uyğun kirayə mənzil tapmalarına ciddi problem yaradır. Bu səbəbdən tələbələrin böyük əksəriyyəti Bakıətrafı ərazilərə üz tuturlar. Bu da onların günlərinin bir neçə saatını yollara sərf etməsinə və yol xərclərinin artmaslna gətirib çıxardır.
Artıq yaxın gələcəkdə paytaxt ərazisində kirayə mənzillərin qiymətində yenidən artımlar baş verəcək.
Bunun da səbəbi qalan köhnə binaların sökülməyə başlamasıdır. Bu problemlərin həlli köhnə tələbə yataqlarının sökülərək yenidən tikilməsindən keçir”.
Naibə Məmmədova, Bizim.Media