Məlum olduğu kimi, ölkəmizdə şirkətlər illik gəlirləri və xərclərini özündə əks etdirən vergi bəyannaməsi təqdim etməlidirlər. Belə ki, onlar hər il martın 31-dək əvvəlki il üzrə bəyannaməni Dövlət Vergi Xidmətinə təqdim etmək məcburiyyətindədirlər.
Müvafiq olaraq, banklar, bank olmayan kredit təşkilatları (BOKT) və sığorta şirkətləri də hər il martın 31-dək vergi bəyannaməsini təqdim edirlər. Lakin digər sahələrdə fəaliyyət göstərən şirkətlərdən fərqli olaraq, maliyyə sektorunda ixtisaslaşmış şirkətlərin əlavə bir öhdəliyi də var. Belə ki, onlar Mərkəzi Banka audit hesabatlarını da təqdim etməlidirlər.
MÖVZU İLƏ BAĞLI:
Maliyyə sektorunda çalışanların nəzərinə!
Banklara 5, sığorta şirkətlərinə 3 ay müddət...
Audit hesabatlarının təqdim edilməsi üçün təyin edilən müddətlər isə fərqlidir. Banklar və BOKT-lar illik audit hesabatını növbəti il iyunun 31-dək təqdim edə bilərlər. Lakin sığorta şirkətləri üçün təyin olunan müddət martın 31-də başa çatır.
Bu isə ciddi problemlərin yaranmasına səbəb olur. Çünki sığorta şirkətlərinə vergi və audit bəyannamələrini təqdim etmək üçün verilən son tarix eyni günə - yəni martın 31-nə təsadüf edir. Nəticədə, audit hesabatının hazırlanmasında ciddi problemlər yaranır.
“Bu auditin mahiyyətinə zərbə vurur”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov bildirdi ki, Azərbaycanda maliyyə sektorunda fəaliyyət göstərən təşkilatlar üçün audit hesabatlarının təqdim olunması müddətləri arasında fərqlər mövcuddur:
“Hal-hazırda Mərkəzi Bankın tələbinə görə banklara illik audit hesabatlarını təqdim etmək üçün 5 ay müddət verildiyi halda, sığorta şirkətlərinə cəmi 3 ay vaxt ayrılıb. Bu müddət həm auditorlar, həm də şirkətlər üçün çox qısadır və auditin mahiyyətinə zərbə vurur.
Bankların fəaliyyətlərinin daha mürəkkəb olması arqument kimi göstərilsə də, sığorta sektorunun da öz spesifik riskləri və hesabatlılıq çətinlikləri var. Hətta bəzən sığorta sektorunda məsuliyyət daha geniş olur, çünki sığortalılar qarşısında öhdəliklərin düzgün icrası birbaşa auditor rəyinə bağlıdır. Lakin cəmi 3 ay vaxt auditorların detallı və keyfiyyətli audit aparmaq imkanını demək olar ki, əlindən alır.
Burada əlavə bir vacib məqam da var:
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, Mənfəət (Gəlir) vergisi bəyannaməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilməlidir. Bu isə o deməkdir ki, audit yalnız ilin maliyyə hesabatları bağlandıqdan sonra başlaya bilər.
Praktikada baş mühasib ili ən yaxşı halda 2 ayda bağlasa da, audit yoxlamasına cəmi bir neçə həftə vaxt qalır.
Mart ayında qeyri iş günlərinin sayının çox olması bu prosesi daha da qəlizləşdirir. Beləliklə, Mərkəzi Bankın müəyyən etdiyi 3 aylıq audit müddəti ilə vergi bəyannaməsi üçün verilən 3 ay üst-üstə düşür və nəticədə auditorların işi daha da çətinləşir və audit prosesində keyfiyyət ikinci plana keçir.
Auditorlar isə vaxt qıtlığı ucbatından daha çox formal yanaşmaya üstünlük verirlər.
Bu isə nə sığorta sektorunun dayanıqlılığına, nə də bazarda şəffaflığa müsbət təsir göstərir. Sığorta şirkətlərinə də ən azı 5 aylıq vaxt verilərsə bu audit hesabatlarının keyfiyyətini yüksəldə, həm də sığorta şirkətlərinin maliyyə dayanıqlığını daha dolğun şəkildə təsdiqləməyə imkan yarada bilər. Bu qərar verilərsə Mərkəzi Bankın tələblərinin daha ədalətli və balanslı görünməsini təmin edə bilər”.
Bizim.Media