Trampın qərarı bazarları ALT-ÜST ETDİ – “Qara qızıl”ın aqibəti ilə bağlı MÜHÜM PROQNOZ

Trampın qərarı bazarları ALT-ÜST ETDİ – “Qara qızıl”ın aqibəti ilə bağlı MÜHÜM PROQNOZ

Hazırda oxunan: Trampın qərarı bazarları ALT-ÜST ETDİ – “Qara qızıl”ın aqibəti ilə bağlı MÜHÜM PROQNOZ

242768

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yazın gəlişi insanda pozitiv əhval ruhiyyə yaradır. Amma bu yazın təbii çalarlarına neqativ ab-havalı siyasi müdaxilələr baş verəndə bir növ Aşıq Ələsgərin havası ilə izah etməyə çalışsam, adamın əhvalı lap “Sındı qol-qanadım, yanıma düşdü” məsəlinə bənzəyir.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da Trampa qarşı etiraz dalğası başladı - FOTO/VİDEO


Aprelin ilk çərşənbə günündə dünyaya belə ab-havanı isə ABŞ-nin 47-ci prezidenti gətirdi. Donald Tramp Ağ Evin “Qızılgül Bağı”nda keçirilən mərasimdə faktiki olaraq bütün dünya ilə ticarət müharibəsinə girdiyini elan etdi və bunu Amerikanın iqtisadi xilas gününün başlanğıcı kimi dilə gətirdi. Nəticədə... 

Dəyərini itirən dollar

Trampın “ticarət müharibələri”nə start verməsi ilə Amerika valyutası dəyərini itirməyə başladı. Avronun dollara nisbətdə 1.08 kursu bir günün içərisində 1,11 göstəricisinə qədər ucuzlaşdı. Bir ay öncə, martın 3-də isə Avropa valyutası Amerika dollarına nisbətdə 1,04 həddində idi. Yəni ay ərzində dollar 5,45% dəyərini itirdi.

Bu günlərdə isə dolların daha da ucuzlaşması onunla əlaqəli oldu ki, dünyanın əksər dövlətləri ABŞ-nin çılğın siyasətinin bundan sonra da davam edə biləcəyini göz altına almağa başladılar və yığım vasitəsi kimi daha çox qiymətli metallara, əsasən qızıla meyl etdilər. Bazarlarda qızıla tələbatın artımı onun 1 unsiya qiymətinin yeni rekord həddi – 3200 dolları aşmasına gətirib çıxartdı. Bir il öncə qızılın qiyməti bundan təqribən 900 dollar ucuz idi.

“Qara qızıl”ın kəskin ucuzlaşması

Ağ Ev administrasiyanın atdığı addımlar “qara qızıl” bazarlarını sürətlə üzüaşağı aparmağa başladı. Neftin qiyməti 2-4 apreldə12,5% ucuzlaşdı.
 

London Əmtəə Birjasında Brent markalı neftin ən ucuz partiyası aprelin 4-də 64,03 dollara satıldı. Yəni 2021-ci ilin aprelində satıldığı qiymətə! Qeyd edim ki, həftənin ilk yarısında neftin qiymətləri stabil olmuş, aprelin 2-də hətta 75 dollar həddini aşmağa cəhd etmişdi. Amma qısa bir zamanda dəyərini kifayət qədər itirdi.  Çünki “ticarət müharibələri” adətən ticari əlaqələrin zəifləməsi ilə müşayət edilir. Ticari əlaqələrdə isə sənaye məhsulları böyük dəyərə sahib olurlar.


Onların istehsalında isə enerjinin xüsusi çəkisi böyükdür. Demək, ticari əlaqələrin zəifləməsi enerjiyə olan tələbatı qlobal bazarda azaltmağa meylli olduğundan neftin də, qazın da qiymətində enişlərin olması təbiidir. Bazar iştirakçıları da bu amili nəzərə alıb, hazırda əllərində olan fyuçers müqavilələri (sonrakı günlərdə, aylarda satılmamı olan müqavilə) üzrə neftin təklifini artırmağa başlayıblar ki, sonradan ziyana düşməsinlər. Hələ ki, bazarda emosional hislər daha güclüdür, sonrası necə olacaq indidən demək çətindir, çünki dünyadakı hərbi-siyasi proqnozlar və onların iqtisadiyyata necə təsir edəcəyini proqnoz etmək də müşkül məsələyə çevrilib. Lap Trampın məntiqə sığmayan addımları kimi.             

Bakıdakı enerji tədbiri

Bu həftə sonu Azərbaycanın enerji tarixində önəmli hadisələrdən birini yaşadıq. Özü də hadisələr yenə də “Gülüstan” sarayında baş verdi.

Prezident İlham Əliyevin başçılığı və Avropa Komissiyası enerji məsələləri üzrə komissarı Dan Yorgensenin iştirakı ilə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci və Yaşıl enerji üzrə 3-cü iclası Azərbaycanın əlavə qaz həcmlərinin Avropa bazarlarına çıxarılması məsələlərinə yeni bir işıq saldı, Azərbaycanın genişlənən qaz ixracı coğrafiyasında yeni imkanları üzə çıxartdı və bunların reallaşması üçün qarşıda nə kimi məsələlərin həll edilməsini müəyyənləşdirdi.

Bundan əlavə Avropanın Azərbaycandan təbii qazdan başqa elektrik enerjisi, özü də yaşıl keyfiyyətdə olanından almaq istəyinin reallaşması üçün növbəti addımların da atılmasını müşahidə etdik.

Dəniz külək enerjisinin inkişafına dair Azərbaycanla Avropa İttifaqı arasında aparılan müzakirələrin şahidi olduq.

Ona görə də rəsmi Bakı enerji biznesinin uzunmüddətli, stabil və təhlükəsiz şəraitdə həyata keçirilməsinin əhəmiyyətinə çox önəm verir və işini elə qurur ki, ətraf ölkələrlə əməkdaşlığı qarşılıqlı maraqlar çərçivəsində həyata keçsin.
 

Energetika nazirliyinin açıqladığı məlumata görə, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 şirkət qatılıb.


Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi həmişəki kimi Xəzərin enerji potensialına və imkanlarına daha qlobal baxışları ilə diqqəti çəkdi. Dövlət başçımızın çıxışından onu görmək olar ki, rəsmi Bakının zamanında siyasi uzaqgörənliyi və qətiyyəti nəticəsində Azərbaycan qapalı bir hövzədə yerləşən ölkə statusundan çıxaraq bu gün region və qlobal bazarlarla birbaşa və çoxşahəli nəqletmə infrastruktura malik ölkə kimi tanınır.

İkincisi, rəsmi Bakının səyləri nəticəsində ən müasir texnologiyalara malik şirkətlərlə əməkdaşlıq hesabına Xəzərin əvvəllər əlçatmaz hesab edilən təbii resursları qarşılıqlı maraqlar çərçivəsində uğurla işlənilir. Nəhayət, iri bazarlardakı istehlakçılara Azərbaycan daim yeni layihələr və mümkün həllər təklif etməklə ötən əsrin 90-cı illərindən başlayan əməkdaşlığı daha da genişləndirməyə nail olur.

Məşvərətimizin əhəmiyyəti nədir?

Cənub Qaz Dəhlizi Məşvərət Şurası üzrə davamlı olaraq hər il keçirilən bu tədbirlər sadəcə toplantı deyil. Bu, hökumətlərin, biznesin, maliyyə qurumlarının məsələlərin həlli üçün müxtəlif bucaqlardan olan baxışlarının bir nöqtəyə cəm edilməsidir. Məhz çoxşahəli idarəçilik və maraqların tənzimlənməsi məsəlidir ki, layihələrimizin daim irəliyə addımlamasına kömək edir.

Bu baxımdan Nazirlər sessiyasında açılış nitqi ilə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov Məşvərət Şurasının toplantılarını enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla inteqrasiya edən, həm təbii qaz, həm də yaşıl enerji ilə enerji təchizatını şaxələndirməyə yönəlmiş unikal əməkdaşlıq platforması kimi dəyərləndirib.
 

Nazir bildirib ki, ötən il Azərbaycan Avropaya 12,9 mlrd kubmetr mavi yanacaq ixrac etsə də, hazırda CQD üzvü olmayan Avropa ölkələri tərəfindən Azərbaycan qazına olan tələb həcmi 14 milyard kubmetrə çatıb. Pərviz Şahbazov həmçinin 2030-cu ilin sonuna qədər ölkəmizdə 2700 MVt gücündə yaşıl enerji stansiyalarının şəbəkəyə qoşulması nəticəsində qənaət olunacaq 1.5 milyard kubmetr təbii qazın ixracı üçün mühüm töhfə olacağını da bəyan edib.


Nazir Azərbaycanın yaşıl enerjisinin gələcəkdə Avropaya ixracı məsələsinin həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın “yaşıl keçid”ə töhfə verəcəyini də vurğulayıb.

Avropa ölkələrində Azərbaycanın qazının payı

Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantısı çərçivəsində energetika naziri Pərviz Şahbazovun  TAP-ın icraçı direktoru Luka Skyepatti ilə görüşündə maraqlı faktlar açıqlanıb. Əvvəla bildirilib ki, 2020-ci ilin sonundan indiyə qədər TAP-la Avropa bazarına 45 mlrd kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Bildirilib ki, İtaliyada qaza olan tələbatın 15%-i Azərbaycan qazı hesabına təmin edilir, Yunanıstanda isə bu 18%-dir. Amma bu göstəricilər üzrə rekorda Azərbaycan Bolqarıstanın qaz təminatında imza atır.

Belə ki, Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) bu həftə yaydığı məlumatda bildirilir ki, aprel ayında Azərbaycandan alınan təbii qaz ölkənin mavi yanacağa olan tələbatının 68,7%-ni ödəməlidir. Xatırladım ki, Azərbaycan Bolqarıstan bazarında artıq ötən il 2 mlrd kubmetr qaz satmağa nail olub.

“Gülüstan”dakı tədbirin yekunları

Qayıdıram yenə Gülüstan sarayında keçirilən tədbirə, hansı ki, bir sıra sazişlərin imzalanması ilə başa çatdı. Azərbaycan “yaşıl enerji” sahəsində şirkətlərlə və beynəlxalq maliyyə qurumları ilə bir neçə əməkdaşlıq sənədi imzalamağa nail oldu.

Onların arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi, Bolqarıstan Respublikasının Energetika Nazirliyi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında yaşıl elektrik enerjinin ötürülməsinə dair Anlaşma Memorandumu xüsusilə fərqlənir. Çünki bu layihənin ərsəyə gətirilməsi ilə rəsmi Bakı Azərbaycanda istehsal edilən yaşıl enerjinin Avropaya ixracını da şaxələndirmiş olacaq. Əgər ixrac marşrutlarından biri Qara dənizin dibi ilə Avropaya istiqamət görürəcəksə, ikincisi quru yolla Avropadakı istehlakçılara çatdırılacaq.  
 

Həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan respublikalarının energetika nazirlikləri ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Onu deyim ki, bu çox mühüm bir sənəddir. Onun sayəsində Xəzərin o tayından dənizin dibi ilə Azərbaycana çəkiləcək yüksək gərginlikli elektrik kabeli layihəsinin texniki iqtisadi göstəriciləri üzrə işlərin aparılması mümkün olacaq.


Tədbirin yekunu olaraq Azərbaycanda günəş enerjisinin elektrik enerjisinə çevrilməsi yönümündə də bir sıra razılaşmalar əldə edilib. Onların özəlliyi ondan ibarətdir ki, həmin layihələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq. Belə ki, Azərbaycan Respublikası Hökuməti və “Enerso Cəbrayıl” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Üfüq” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi də imzalanıb.

Azərbaycan Respublikası Hökuməti və “Clean Energy Jabrayil” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Şəms” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi sənədləşdirilib.
 

Həmçinin, Azərbaycan Respublikasının Energetika Nazirliyi və özəl “Nobel Energy Limited” şirkəti arasında Naxçıvanda 30 MVt gücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb.


Bu müqavilələrin reallaşması nəticəsində ümumilikdə illik 268 mln. kVt/saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 59 mln. kubmetr qaza qənaət edilməsinə və 128 mln. ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Beləliklə, biz cari onillik boyu Azərbaycan qazının ildən ilə Avropa bazarlarında artan satış həcmlərinin olacağına bir daha əmin oluruq.

Və eyni zamanda Avropanın hədəflədiyi yaşıl enerjinin də Azərbaycandan və Azərbaycan üzərindən getməsi üçün hazırlıq işlərimizi davam etdiririk. Ona görə də ildən ilə inkişafda olan qeyri-neft iqtisadiyyatımız gələcəyini gərək yaxşıca düşünə: indiki templə nə qədər böyümək istəsə də, irəliləyib qarşısında enerji sektorumuzu görəcək, düzdür rəngi əvvəlkilərdən fərqli olsa da.        

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO