İstehsal etdikləri məhsulları Rusiya bazarlarına çıxara bilməyən Göyçay fermerləri hələ də vəziyyətdən çıxış yolu tapa bilməyiblər.
Pomidor istehsalçıları rayonun icra hakimiyyəti və Göyçaydan seçilən millət vəkilindən yaranmış problemə çıxış yolunun tapılmasını tələb edirlər. Problem isə əsasən məhsulun xaricə çatdırılması üçün nəqliyyat vasitələri ilə bağlı yaranıb.
Dəmir yolu fəaliyyət göstərmir, TIR-lar isə fermerlərdən yüksək məbləğlər tələb edirlər. Fermerlər deyiblər ki, məhsulun TIR-larla bazara çıxarılması üçün 4500-6000 manat pul tələb edirlər. Bu isə Rusiya bazarlarına çatdırılana qədər 1 kiloqramının 70 rubla qədər bahalaşdırır.
Bəzi fermerlər məhsul istehsal etmək üçün kredit götürdüklərini, amma onu ödəyə bilmədiklərini, zərərlə üzləşdiklərini bildiriblər.
Pomidor istehsalçıları iddia edirlər ki, onların xaricə, eləcə də yerli bazarlara məhsul çıxarması üçün qəsdən süni əngəllər yaradılır.
Qeyd edək ki, həm Göyçay rayon icra hakimiyyəti, həm də Göyçaydan seçilən deputatlar fermerlərin problemlərinə laqeyd yanaşıblar. Fermərlərin qarşısına çıxan isə tək polis olub.
Onlar da “deputat sizin yerinizə pomidor satan deyil”, deyə cavab veriblər. Göyçay rayon icra hakimiyyətində məsələ ilə bağlı münasibət öyrənməyimiz baş tutmadı. Eləcə də həmin ərazidən seçilən deputat Sabir Hacıyevin də telefon nömrəsi cavab vermədi.
Göyçayın digər ağıllı deputatı Məzahir Əfəndiyev isə adıçəkilən kəndin onun dairəsinə aid olmadığını əsas gətirərək, bizə sualımızı dəqiqləşdirməmizi tövsiyyə etdi. Məsələ orasındadır ki, Məzahir Əfəndiyevin qaldırılan problemin yalnız bir kəndlə bağlı olmadığından xəbəri belə yoxmuş. Həm də millət vəkili əgər cəmi 20 min insanın deputatı hesab edirsə özünü, gedib bələdiyyə sədri olsa, daha yaxşı olardı.
Yenə gücümüz sərbəst ekspertlər çatdı. İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, ixracla bağlı problemlərinin kökündə dayanan əsas məqamın nədən ibarət olmasını dəqiq bilir.
Amma hesab edir ki, fermerlər dövlət orqanlarına müraciət etməkdə haqlıdılar:
“Hökumət bu problemlərin səbəblərini araşdırmalıdır və onları həll etməklə fermerlərə kömək etməlidirlər”.
Fermerlər onlara süni əngəllər yaradıldığını bildirir, burada ixrac monopoliyasının mövcudluğundan söhbət gedə bilərmi?
Akif Nəsirli deyib ki, Azərbaycanda hələ kənd təssərrüfatı məhsullarının ixracı istiqamətində monopoliya ciddi nəzərə çarpmır:
“Amma bu istiqamətdə də artıq müşahidələr var. Bunu deməyə bəzi əsaslar da var, ilin əvvəlində Şəmkir rayonunda yoxlama adı altında kütləvi şəkildə istixanaların qaz sayğacları sökülmüşdü, yenisi isə qoyulmamışdı, bunun nəticəsində yetişdirilən tonlarla pomidor, xiyar məhv olmuşdu. Bundan əvvəl isə istixanaların kütləvi şəkildə satılması üçün fermerlərə təklif olunmuşdu. Həmin məsələdə də monopoliyalaşma ehtimalları var idi. Şəmkir fermerləri də bildirirdilər ki, qaz sayğaclarının sökülməsi sifariş əsasında həyata keçirilib”.
Xatirə Nəsirli,Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:00 / 28.05.2021
Göyçaylı fermerləri çökdürən GİZLİ ƏL kimdir?
Hazırda oxunan: Göyçaylı fermerləri çökdürən GİZLİ ƏL kimdir?
Hazırda oxunan: Göyçaylı fermerləri çökdürən GİZLİ ƏL kimdir?
22622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.